Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:13
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

əvvəli

20 yanvar, bazar. 1985-ci il

İstirahət günü olduğundan bu gün məzmunsuz ötüşdü. Dünən gec yatmışdım, amma V.V. yenə yuxu bişirməyə macal vermədi və düz 2 dəfə oyadaraq, axırda bazara dartıb apardı.

Görəsən, o, belə iyrənc yerləri necə tapır? Bizim “Kubinka”ya – Quba meydanına bənzəyən bir yer idi, zığ, çamur, çirkab da üstəlik. Hələ sırağagün qar yağırdı, hər yan qalın qar təbəqəsiylə örtülmüşdü, amma bu gün 5-8 dərəcə isti, bir də yağış vardı.

Məhəlləni dövrə vurub əks tərəfdən Opera Teatrına gəlib-çıxdıq. Burada Turqayla rastlaşdım və o, məni öz sözlüsü (deyiklisi – Z.M.) Şəfiqə ilə tanış etdi. Ardından çay içərək, V.V.-nin qəmgin baxışları altında Altundağa (Altındağ) yollandıq. Orada düz 1 saat oturub direktorla “konuştum” və öyrəndim ki, teatrın 371 nəfər tamaşaçı tutumu var və heç bir plan öhdəliyi yoxdur.

Biri Şəfiqə olmaqla cəmi 3 adamın oynadığı tamaşa “Kahvede şenlik var” adlanır. Prinsipcə, “O və o” -- kişi və qadın mövzusunda faciəvi klounadadır. Yenə təqdimçidən – “Kafe Qarsonu”ndan, işıqçıya müraciətdən – “Lütfən, bizə gecə işığı verin” – yararlanıblar. Tamaşaya baxdığımızı xatırlatmaqdan yorulub-usanmır və adamı bezdirirlər.

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

Süjetin qısa məzmunu: Həm də Pyero tipli (kloun, təlxək, artist) Qarsonun bir diləyi var: teatr kafesinin əsl kafedən daha gerçək olduğuna hamını inandırmaq. Biz tamaşaçıları buna inandırır və arqument kimi olayı başladır. O, yəni qızla görüş öncəsində əriyib-özünü itirən 30 yaşında, varlı, sağlam, praqmatik bir kişi gəlir. Qarson sürəkli bir səhnədə həmin kişini ona (teatra, sirkə, oyuna) güvənmək üçün dilə tutur.

Sonra daha bir “O” gəlir – 25 yaşında gözəl və sağlam qadın. Onlar bir-birini görmürlər. Qarson eyni şəkildə qadını da dilə tutur və yolüstü qadının ərə getmək istədiyini, ancaq ərinə kölə olmaqdan qorxduğunu aydınlaşdırır. Ardından çox gözəl pantomim göstərilir: Qarson, başında papaq, bir oyuncaq kimi barmaqlarının ucunda gəzişərək, onları bir-birinə sarı çəkir. Pərdə salınır. Fasilə.

İkinci pərdədə, demək olar, əvvəldən-axıradək kişi ilə qadını görürük. Qarson yalnız onlar aşırı dərəcədə adi həyata – məişətə çəkilərkən peyda olur. Qadınla kişinin ən kəskin toqquşma anında (“Sənin kiminsə olub? – “Uşaq vaxtı birini sevmişəm!”) əlində nərdivanla peyda olan Qarson Qadının uşaqlıq çağındakı sevgilisiylə görüş səhnəsini onunla bir yerdə canlandırır.

İlk dəfə görüşən, indiyədək bir-birini heç tanımayan, açıq danışacaqlarına söz verən Kişi və Qadın bir-birinin tam tərsi olduqlarını, baxış bucaqlarının heç kəsişmədiyini üzə çıxarırlar. Amma-ancaq və lakin Kişi evlənmək, Qadınsa ərə getmək istəyir. Onları saxlayan da budur. Söhbətin lap sonuncu bəndinə çatanda, məlum olur ki, Qadın kölə olmaq istəmir. Kişi də başqa cür ömür yoldaşı arzulamadığını və bunu heç ağlına gətirmədiyini bildirir. Onlar ayrılmaq qərarına gələrkən, yenə Qarson peyda olur və yadlarına salır ki, bu görüş haqqında həddindən çox adamın məlumatı var və qərarınızı hərə bir cür qarşılayacaq.

Qarsonun sözləri onların hirsini soyudur və həm Qadın, həm də Kişi nə düşmənlərin gülüş hədəfinə çevrilməyi, nə də dost və doğmaların onlara acımasını istədiklərindən bir-birlərinə sarılırlar. Teatral nigah mərasimi heç də hamar getmir: gah toy havası yerinə “Matəm marşı” çalınır, gah da ətrafa konfet əvəzinə saman çöpləri səpələnir. Amma-ancaq və lakin Qarsonun səyləriylə hər şey öz axarına düşür və onlar xoşbəxtlikdən qanad çalıb kokteylə tələsirlər. Səhnədə tək-tənha qalan Qarsonsa, dərdli-dərdli, dodaq qarmonunda çalınan qəmli havanı dinləyir.

... Aktyorlar dəqiq işləyir, var qüvvələrini verir, çox mürəkkəb səhnə mizanlarını və gözlənilməz hərəkətləri – alışdığımızın tam tərsi olan davranışları olduqca intizamlı yerinə yetirirlər. Di gəl, bütün bunlar başqalarının ölçüsünə biçilmiş paltara bənzəyir. Gah Bekket (“Sonuncu lent”), gah da Sartr, bir az İonesko, xeyli dərəcədə Fellini – bir sözlə, sırf 60-cı illərin əvvəlləri yada düşür...

Yeri gəlmişkən, aktyor truppası Adanadan gəlmişdi və bu, onların 75-ci tamaşaları idi. Olub-bitənləri tamaşaçılar normal qarşılayırdılar. Sirk hoqqaları (yıxılıb-durmalar, tir-tir əsmələr, toqquşmalar) və sözlü atmacalar (“Bəy, o, anasıgilə gedir.” – “Niyə bir neçə ildən sonra edəcəyi işi indi görür?”) alqış və gülüş tufanı qoparırdı (tamaşa boyunca 4 dəfə). Zal dolu idi. Çoxlu gənc və hətta yaşları heç uyğun gəlməsə də, uşaqlar vardı. Yeri gəlmişkən, divarların aşağısına və zaldakı ayrı-ayrı oyuqlara parça döşənmişdi, haşiyələrin üstünə isə Türkiyənin bütün vilayətlərindən gətirilmiş cürbəcür mis qablar düzülmüşdü. Gələcək üçün yadda saxlayım (sezdirmə müəllifindir – Z.M.). Teatrdan çıxarkən aktyorlarla da danışdım – susub-dinməsələr də, maraqla qulaq asdılar.

Teatra qayıtdıq. Orada “Keşanlı Ali Destanı” gedirdi. Rüştü ilə bir-iki söz danışıb, “Ah şu gençler”in məşqinə dəydim. Rəqs tamaşası olub, indi müzikldir. Bir az seyr edib otelə döndüm. Burada məni gözləyənlər vardı (?!!) -- iki azərbaycanlı oğlan. Ağıllı-ağıllı folklordan, musiqidən, rəqsdən söz açır, yorğunluğumla bağlı eyhamlarıma fikir Zeynal Məmmədli

Zeynal Məmmədli

vermirdilər. Məni kim xilas etsə yaxşıdır? – V.V. O, otağa girəndə azərbaycanlı oğlanlara dedim ki, işimiz var – işləməliyik. İndi də V.V. qəmiş oldu, dartıb, TV-yə baxmağa apardı. Ardından saat 23-də göstəriləcək kovboy filminə baxmaq üçün dilə tutmağa çalışdı. Yorğunluğumu bəhanə edib, odama döndüm. İsti su gəldiyindən duşlandım, sonra yazmağa oturdum və indi uzanacağam.

Sabah saat 10-17 arası texniki “prova”m var. Saat 18.00-da tamaşanı başdan-ayağa oynadacaq və -- qismət olsa! -- nə alındığına baxacağam. Yanvarın 23-də “son general prova”, 26-da ilk tamaşadır... Allah sən özün saxla (Haşiyə: Güzgüyə baxıb diksindim – yaman arıqlamışam!!!)!!! Dördüncü pərdədən çox nigaranam. İlk 3 pərdə artıq qaydasındadır. Əlbəttə, nisbətən...

Başqa işlər. Qandaşlarımın aramsız get-gəli məni dəhşətli dərəcədə bezdirib: Elə eyni suallar, eyni xahişlər. Üstəlik, bu görüşlər (Əhədin sözlərinə görə) rəhbərliyin də xoşuna gəlmir... Hələ “ajans” da (xəbər agentliyini nəzərdə tutur – Z.M.) bu yandan çıxdı. Prinsipcə, mən Onik deyiləm, ancaq bu, mənim nəyimə lazımdır ki?! Öz maraq qurdumu çoxdan öldürmüşəm, pal-paltar almamışam, pulları xərcləmişəm, qəbzə olmuşam, “libido”mu çox dərində gizli fəaliyyətə sürükləmişəm, tezliklə tamaşanı da bitirəcəyəm və... adyu, Ankara!.. Yorğunluq hələ yıxmasa da, əlamətlərini hiss edirəm -- əsəbləşirəm və bunu heç də həmişə gizlətmirəm. Bax bu gün də heyvan kimi yaşamadım, yəni – yatmadım.

... Özalın (dönəmin baş naziri Turqut Özal nəzərdə tutulur – Z.M.) təşəbbüsüylə bütün mallara 10 faizlik əlavə vergi qoyublar. Razılaşın ki, belə şeylər də havanı korlayır...

... Sabah sexləri də dolaşacağam, ən xırdaca şeyləri gözdən qaçırmamalıyam. Gündüz nahar etməyə və “prova”dan öncə heç olmasa bir saat yatmağa çalışacağam. Tamam.

ardı var

Günün bütün mövzuları

XS
SM
MD
LG