Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:03
Jurnalist Təhminə Tağızadə Gəncə şəhər polis İdarəsinə çağırılıb.

Bu barədə jurnalistin vəkili İntiqam Əliyev məlumat verib:

«Mayın 16-sı saat 12 radələrində çağırış vərəqəsini Təhminəyə veriblər. Ancaq vərəqdə onun hansı qisimdə çağırılması göstərilməyib. Biz ümid edirdik ki, Təhminənin mayın 12-də polis tərəfindən qanunsuz saxlanılması ilə bağlı araşdırma aparılır və bu səbəbdən çağırılıb. Lakin Nizami rayon Polis İdarəsinin təhqiqatçısı Elçin Cahangirov bildirib ki, Nizami rayon bələdiyyəsi polisə Təhminə Tağızadədən şikayət edib. Guya Təhminə Tağızadə özünü Nizamı küçəsindəki sakinlərə ANS-in jurnalisti kimi təqdim edib və bunun araşdırılması üçün polisə müraciət olunub. İdarəyə çağırılma da bununla bağlıdır».

Təhminə Tağızadə isə Gəncə şəhər rəhbərliyinin onun ünvanına səsləndirdiyi bir sıra fikirlərdən narahat olduğunu bildirir:

«Dünən şəhər fəallarının yığıncağında ictimaiyyətə açıq olaraq bildirilib ki, Təhminə Tağızadə provokasiya ilə məşğuldur. Doğru olmayan məlumatlar yayır, insanlara necə şikayət etməyi öyrədir, sonra da bunu çəkib internetdə yayır. Mənim barəmdə ictimaiyyətdə mənfi rəy yaratmaq istəyirlər, ictimai fəaliyyətimi gözdən salmağa çalışırlar».

Gəncə şəhər Nizami rayon Polis İdarəsinin təhqiqatçısı Elçin Cahangirov isə deyir ki, jurnalisti idarəyə həm söküntü olan yerə nə üçün gəldiyini, həm də ümumilikdə jurnalist fəaliyyətini araşdırmaq üçün çağırıblar:

«Narahatçılığa əsas yoxdur. Təhminə xanıma hörmətimiz var. Sadəcə araşdırırıq ki, hansı jurnalist fəaliyyəti var və ora nə məqsədlə gəlmişdi. Bundan başqa Nizami bələdiyyəsi ərizə ilə şöbəyə müraciət edib ki, Təhminə Tağızadə onlara ANS-in müxbiri olduğunu deyib. İndi də tələb edirlər ki, bunu araşdıraq».

Mayın 12-də Təhminə Tağızadə Nizami küçəsində sökülən evlərin sakinlərini danışdırarkən polisə aparılmışdı. 10-15 dəqiqə dindirildikdən sonra sərbəst buraxılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG