Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:33

«Jurnalistlərə təzyiqlə bağlı iddialar əsaslı deyil»


Prezident Administrasiyası

Prezident Administrasiyası

Bu gün Azərbaycanda «KİV haqqında» qanun mətbuat azadlığına tam təminat verir. Trend-in məlumatına görə, bunu mayın 16-da «Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivləri» mövzusunda beynəlxalq konfransda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda mətbuat ƏDV-dən azad olunub, mətbuat üçün ölkəyə gətirilən kağıza gömrük rüsumu tətbiq olunmur, Azərbaycan nəşriyyatının dövlətə olan 450 min manatlıq borcu silinib, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün bina tikilir.

«Azərbaycanda 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 elektron KİV fəaliyyət göstərir. Bu gün 30-dan artıq jurnalist təşkilatı söz və mətbuat azadlığının təmin olunması istiqamətində fəaliyyət göstərir», PA rəsmisi deyib.

O, qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlığının məhdudlaşdırılmasına dair dövlət siyasətinin olması barədə irəli sürülən iddialar reallığa uyğun deyil.
Eyni zamanda, Əliyev vurğulayıb ki, Azərbaycanda mətbuatla bağlı ən böyük problem mətbuatın iqtisadi müstəqilliyinin zəif olmasıdır.

«İqtisadi müstəqilliyi olmayan jurnalistika siyasi qüvvələrin, biznes dairələrinin təsiri altına düşür, sifarişlər yerinə yetirir, etik qaydalar pozulur», PA rəsmisi bildirib.

Onun sözlərinə görə, bu günə kimi «Eurovision» mahnı yarışmasının bu qədər siyasiləşdirilməsi halı baş verməmişdi.

Sektor müdiri deyib ki, Azərbaycanda diffamasiyaya görə jurnalistlərin həbs olunmasına 2009-cu ildən qadağa qoyulub və belə hal baş verməyib.

«Azərbaycanda jurnalistlərə təzyiqlə bağlı iddialar əsaslı deyil. Çünki hər bir belə hal ilk növbədə hakimiyyət tərəfindən pislənilir. Azərbaycan hakimiyyəti hesab edir ki, jurnalistlərə qarşı zorakılıq, onların hüquqlar çərçivəsində fəaliyyət göstərməsinə maneə törətmək yolverilməzdir və ilk növbədə dövlətin imicinə mənfi təsir göstərir», Əliyev vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG