Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:57

«Eurovision» qonaqları üçün gəmilər ayrılıb


«Eurovision 2012» mahnı müsabiqəsinə gələn şəxslərin yerləşdirilməsi üçün gəmilər də ayrılıb.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, bu məqsədlə üç gəmi ayrılıb.

«Həmin gəmilər sahildə - Yaxta Klubunun yanında dayanıb. Gəmilərdə kifayət qədər sayda qonaq yerləşdirmək mümkün olar. Hər gəmidə ən azı 100 nəfər yerləşdirmək mümkündür», - Bağırov əlavə edib.

AzTA sədri «Eurovision 2012» müsabiqəsinə gələn rəsmi nümayəndə heyətlərinin mehmanxanalarda yerləşdirilməsi prosesinin normal getdiyini deyib. O, bildirib ki, indiyədək mehmanxanalarda 5000-ə yaxın qonaq yerləşdirilib. Qonaqların yerləşdirilməsi üçün kifayət qədər əlavə yerlər də qalıb.

«Rəsmi nümayəndələrin demək olar ki, böyük hissəsi yerləşib. Hər şey normal qaydada, heç bir problem olmadan həyata keçirilir», - Bağırov əlavə edib.

O qeyd edib ki, mayın 13-dən etibarən rəsmi nümayəndələr üçün turlar da təşkil olunur. Bu gün bəzi rəsmi nümayəndələr Bakı-Şamaxı-Qəbələ marşrutu üzrə yola çıxıblar.

Qonaqların hamısının onlara göstərilən diqqət və xidmətdən razı olduğunu deyən AzTA sədrinin sözlərinə görə, qonaqlar üçün həm də gündə 2 dəfə Qobustana, gündə 2 dəfə Abşerona, gündə 1 dəfə isə Bakı-Şamaxı-Qəbələyə turlar təşkil olunur.

Bağırov bələdçilərlə bağlı problemin olmadığını qeyd edib. O bildirib ki, «Eurovision»a gəlmiş qonaqlara xidmət göstərmək üçün kifayət qədər bələdçi var.

«Mədəniyyət və Turizm Nazirliyinin treninqlərindən keçmiş və sertifikat almış bələdçilər var. Yalnız AzTA tərəfindən bu tədbirlərə 20-30 bələdçi cəlb olunub», - o, qeyd edib.
XS
SM
MD
LG