Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:41

Cəmil Həsənli: «Vicdan məhbuslarının, gənclərin azadlığa buraxılmasını tələb edirik»


Cəmil Həsənli
Cəmil Həsənli
Mayın 14-də Bakıda Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Ziyalılar Forumunun növbəti toplantısı keçirildi.

Toplantıda vicdan məhbusu probleminə də toxunuldu. Forumun üzvü, professor Cəmil Həsənli bildirdi ki, bu günlərdə vicdan məhbuslarının azadlığa buraxılması üçün hakimiyyətə müraciət edəcəklər. Onun AzadlıqRadiosuna dedikləri:

«Bu bəyanat Ziyalılar Forumunun adından veriləcək. Vicdan məhbuslarının, siyasi mülahizələrlə həbsdə olanların, bizim həbsdəki gənclərin, məsələn, Bəxtiyar Hacıyev kimi gənclərin azad olunmasını biz fərd olaraq da, Ziyalılar Forumu olaraq da tələb edirik. Bunu bəyan edəcəyik. Biz hesab edirik ki, Arif Hacılı kimi adam həbsdə yatmamalıdır. Arif Hacılı istiqlal mübarizəsinin öncüllərindən olub».

Ziyalılar Forumu belə müraciətlə əvvəl də çıxış edib. Bu dəfə tələb nəzərə alına bilərmi? Cəmil Həsənli deyir ki, bu bəyanatların hamısı həmin insanları həbs edənlərə bir xatırlatmadır:

«Bilsinlər ki, bunu eləmək olmaz. Bu adamlar görsünlər ki, cəmiyyətdən onlara mütəmadi dəstək gəlir. Bunlar vicdanlı adamlardır. Bunların birini şüşə sındırmaq adı altında, ikincisini narkotik adı altında, başqa birini özünü yaxşı aparmamaq adı altında həbs ediblər. Onları azadlıqda görmək istəyirik. Bu yöndə də əlimizdən gələni edirik və edəcəyik».

«HAKİMİYYƏTİ SƏHV ADDIMDAN ÇƏKİNDİRMƏK LAZIMDIR»

Toplantının mövzusu isə Azərbaycanın beynəlxalq imici idi. Ziyalılar mayın sonunda Bakıda keçiriləcək «Eurovision 2012» mahnı yarışması ərəfəsində beynəlxalq mətbuatın Azərbaycana diqqətinin artmasından, insan haqları, demokratiya sahəsindəki çatışmazlıqlar, korrupsiya, rüşvətlə bağlı tənqidi materialların sayının çoxalmasından danışdılar. Həmçinin bildirildi ki, bu imiclə Azərbaycan işğal altdakı torpaqları qaytara bilməz. Professor Cəmil Həsənli:

Rafiq Əliyev
Rafiq Əliyev
«Əvvəllər Azərbaycan haqda beynəlxalq mətbuatda fasilələrlə tənqidi materiallar çıxırdı. Son bir neçə ayda demək olar ki, hər gün daxilidəki proseslər, sosial həyat, korrupsiyanın geniş xarakter alması, insan haqlarının mütəmadi pozulması ilə bağlı materiallar gedir. Dünya mətbuatının yazmaq istədiyi qədər material vermişik. Bəs Azərbaycan haqda bir korrupsioner, avtoritar dövlət imicinin formalaşması bizim tariximizin və taleyimizin düyün nöqtəsi olan Qarabağ probleminə necə təsir göstərir? Biz bunları prosesi dayandırmağa məcbur etməliyik. Hakimiyyəti səhv addımdan çəkindirmək lazımdır».

RAFİQ ƏLİYEVDƏN HAKİMİYYƏTƏ TƏKLİF

Akademik Rafiq Əliyev bildirdi ki, Azərbaycan xalqı Qarabağ münaqişəsinin həllindən yayındırılıb:

«Mən soğan, banan monopoliyasını başa düşürəm, amma Qarabağ boyda problemin monopoliyada saxlanmasını başa düşmürəm».

Akademikin fikrincə, Qarabağ münaqişəsinin həlli yolu elmdən keçir. Bundan sonra o, hakimiyyətə iki təklif verdi.

«Hakimiyyətə ismarış göndərmək istəyirəm ki, nöyüt pullarından bir balaca da Qarabağ institutlarının yaradılmasına ayırmaq lazımdır. Konfliktoloqiya mütəxəssislərini cəlb eləmək lazımdır. Ermənistanda Qarabağla bağlı 2 institut var. Biz də bir laboratoriya, bir qrup da yoxdur».

Ramiz Rövşən
Ramiz Rövşən
Akademikin başqa təklifi də oldu: «Qarabağın azadlığı ölkənin cazibədarlığından, demokratikləşməsindən keçir».

RAMİZ RÖVŞƏN: «BU TƏMTƏRAĞIN, ƏZƏMƏTİN ALTINDA MİSKİNLİK VAR»

Şair Ramiz Rövşən Azərbaycanın imici haqda danışdı.

««İmic» sözünü tərcümə etsək, obraz, şəkil deməkdir. Bizim imicimizi şəkil kimi götürsək, çox gözəl imicimiz var. Təsəvvür edin ki, 15 il qabaq bugünkü Bakı şəhərini, bu hündür binaları, bu maşınları, bu Torqovı küçəsini, bunların hamısını televizorda göstərəydilər. Deyəydilər ey insanlar, bu şəhərdə yaşamaq istəyirsizmi? Hamı «bəli» deyərdi. Yəni, bu görüntünün, bu şəklin cazibədarlığı insanları çəkərdi. 15-20 ildir bizi heyran edəsi həmin şəhərdə yaşayırıq. Amma heç bir ləzzəti də yoxdur. Söhbət kasıbdan ya da varlıdan getmir. Reallıq budur ki, bu zahiri gözəlliyin, bu təmtərağın, bu əzəmətin, bu zənginliyin altında daxili miskinlik var, çöküntü var. Üzdə tikintidir, onu altında çöküntü və söküntüdür. Bizdə formayla məzmun bir-birinin əksinədir. Forma zəngindir, məzmun çox miskindir. Biz mahiyyəti dəyişməliyik» - deyə Ramiz Rövşən bildirdi.
XS
SM
MD
LG