Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19
Daxili İşlər Nazirliyi müxalifət fəalı İlqar Rzayevin həbsinin siyasiləşdirildiyini deyir. Açıq Cəmiyyət Partiyasının üzvü İlqar Rzayev mayın 11-də saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə İlqar Rzayevin üstündə narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olub. Mayın 11-i idarənin əməkdaşları onu Nərimanov rayonunda saxlayıb:

«Baxış zamanı üstündən 0, 425 qram narkotik vasitə olan heroin aşkar olunub. Bundan sonra polis əməkdaşları İlqar Rzayevin anası ilə birlikdə yaşadığı evə hal şahidlərinin iştirakı ilə baxış keçiriblər. Heç də İlqar Rzayevin anasının iddia etdiyi kimi 50-60 nəfərdən ibarət əməliyyat qrupu olmayıb. Cəmi 5 nəfərlik əməliyyat qrupu hal şahidləri və Şirinbacı Rzayevanın bilavasitə iştirakı ilə onların yaşadığı evə baxış keçiriblər. Otağa heç bir əməkdaş keçmədən otaqların birində Şirinbacı Rzayeva pəncərənin qırağındakı əşyaların arasından iki büküm ümumi çəkisi 0,528 qr olan heroini əməliyyat qrupuna təqdim edib. Polis əməkdaşları gedəndən sonra isə Şirinbacı Rzayeva oğlunun əməlinə don geyindirmək üçün həbsin siyasi məqsədli olduğunu deyib. Bu, yalan və böhtandır».

İlqar Rzayev hazırda Nərimanov rayon polis idarəsində saxlanılır

İlqar Rzayev hazırda Nərimanov rayon polis idarəsində saxlanılır

İlqar Rzayev hazırda Nərimanov rayon polis idarəsində saxlanılır. Onun haqqında cinayət işi qaldırılandan sonra məhkəmənin hökmü ilə haqqında 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Açıq Cəmiyyət Partiyasının fəalı Şirinbacı Rzayeva aprelin 22-də İctimai Palatanın keçirdiyi mitinqdə hakimiyyəti sərt tənqid etmişdi. Şirinbacı Rzayeva oğlunun həbsinin siyasi motivli olduğunu, oğlunun narkotik maddə istifadə etmədiyini, narkotik maddəni evlərinə polislərin qoyduğunu bildirir: «Əməliyyatçıların sayı çox idi. Hərəsi bir söz soruşurdu, hər yeri dağıdıb-tökmüşdülər. Həmin otaqda məndən əvvəl əməliyyatçılar axtarış aparırdılar. Pəncərənin kənarına da nə qoymuşdularsa, özləri qoymuşdular. Sonradan məni otağa çağırıb dedilər ki, pəncərənin qırağındakı əşyaları bir-bir bizə ver, mən də dediklərini etdim. Həmin bükülüləri orda ilk dəfə görürdüm, bildim ki, özləri atıblar. Mənə kağız uzatdılar, dedilər bura imza et, həmin vaxt hadisələrin şokunda idim, təzyiqim, şəkərim qalxmışdı. Onlar da bundan istifadə edib kağızlara imza etdirdilər».

Şirinbacı Rzayevanın sözlərinə görə, oğlunu ailəsini susdurmaq üçün həbs ediblər.

Ş. Rzayevanın evi Mirzəağa Əliyev küçəsi, 211-də yerləşib. Ailə ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında uzun məhkəmə çəkişməsi olub. Bir neçə dəfə ailə üzvləri təzyiqlərlə üzləşib. Evin sökülməməsi barədə məhkəmə qərarının olmasına baxmayaraq, Ş. Rzayevanın İctimai Palatanın mitinqində hökuməti sərt tənqidindən sonra evi sökülüb və ailə kirayədə sığınacaq tapıb. Açıq Cəmiyyət Partiyası İlqar Rzayevin həbsinin siyasi motivli olduğunu bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG