Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:11

Pərviz Cəbrayıl. Ədəbiyyat-dövlət savaşı


Pərviz Cəbrayıl


ƏDƏBİYYAT-DÖVLƏT SAVAŞI


Dövlət və ədəbiyyat – bunların hər ikisi insan zəkasının məhsuludur. İkisini də insan düşünüb, insan reallaşdırıb.

Hətta bunların hansının daha əvvəl yaranması toyuq və yumurtanın hansının əvvəl yaranması məsələsinə bənzəyir.

Bunlardan biri mənəvi, biri hüquqi hakimiyyətdi. Dövlətin insanlar üzərində mənəvi, ədəbiyyatın hüquqi təsir gücü yoxdu.

Dövlət daim insanlar üzərində mənəvi hakimiyyəti də ələ almağa çalışır və bu istəyi yolunda yenə də ədəbiyyatın qapısını döyməyə məcbur olur.

O, bəzi hallarda bunu zorla, bəzi hallarda hiyləylə həyata keçirir. Vətənpərvərlik ideyası dövlətin hiylə yoluyla mənəvi hakimiyyətə can atmasıdı.

Ədəbiyyat isə bəzən bu işdə zor qarşısında tab gətirməyərək, bəzən dövlətin hiyləsinə aldanaraq yardımçı olur, bəzən də dövlətə tam müxalif mövqe tutaraq dirəniş göstərərək öz mənəvi hakimiyyətini qoruyub saxlamağa çalışır.

Dövlət ədəbiyyatla dialoqa girməkdənsə, izdivaca girməyi, ən pis halda isə onunla öz kənizi kimi yatağa girməyi xoşlayır. Çünki ədəbiyyatın incə və zərif ruhu onu qadına bənzədir. Ədəbiyyat kişiləşməyə başlayanda dövlət onu qanundan kənar elan eləyir.
Ədəbiyyatın zor qarşısında tab gətirmədiyi hallar totalitar, avtoritar, daha çox isə diktatura rejimlərində baş verir. Onun hiyləyə uyması isə əsasən demokratik rejimlərə xasdı. Demokratik rejimlərdə ədəbiyyatın hiyləyə aldanması ilə müxalif mövqedə durması arasındakı balans demokratik hakimiyyətin hansı tərəfə, yəni totalitarizmə, yoxsa daha insaniliyə meyl eləməsindən, aradakı məsafədən asılı olur.

Hər ədəbiyyat özlüyündə bir dövlət, o ədəbiyyatın bətnindən doğan əsərlər isə o dövlətin bir subyekti, infrastrukturudur. Ədəbiyyatda da dövlətdə gedən proseslər baş verir.

Axınlar gəlir, cərəyanlar yaranır, bir növ ədəbi partiyalaşma gedir, seçkilər baş verir, hakimiyyət bir əldən o birinə keçir, öz müxalifəti, öz tərəfkeşləri olur. Sosializm realizmini zor və dövlətlə izdivac gücünə uzun müddət müəyyən bir ərazidə, konkret olaraq SSRİ-də iqtidarda olmuş təkhakimiyyətli bir ədəbi partiya hesab eləmək olar. Hakimiyyətləşən ədəbiyyat getdikcə öz mənəvi gücünü itirən, ədəbiyyat olmaqdan çıxıb dövlətin quyruğu şəklini alan bir varlığa çevrilir və nəticədə nə insanlara, nə də onu öz içində əridən dövlətə gərək olur.

Bu zaman yeni ədəbi proses başlayır və dövlətin quyruğuna çevrilmiş ədəbiyyatla
Şerif. Azadlıq
Şerif. Azadlıq
savaşa start verir ki, bunun da nəticəsində yenidən, bəzən hətta sıfırdan başlamaq hesabına olsa da, inkişaf və canlanma nəzərə çarpır, ədəbiyyat öz mənəvi hakimiyyətini bərpa eləməyə doğru yaxınlaşır.

Bu vaxt dövlətə çevrilmiş cansız ədəbiyyat və ədəbiyyat qurumları (məsələn, AYB) məcbur olub öz içində ədəbiyyatın mənəvi hakimiyyətinə hər şeydən daha çox inanan və hardasa dövlətdən asılılığı heç olmasa şərab məclislərində rədd edən konstruktiv müxalifət yaratmağa və gerçək müxalif ədəbiyyatla savaşa tab gətirməyə çalışır ki, bu prosesin maddi tərəfini də yenə həmin dövlət öz üzərinə götürməklə yenidən mənəvi hakimiyyətin əldə olunması üçün xeyli tər tökməli olur. İndilər, kobud dillə desək AYB ilə dövlətə heç bir maddi bağlılığı olmayan ədəbiyyatçılar arasında eyni proses gedir.

Ədəbiyyat içindən, dövlət çölündən dinamik olur. Dövlət də insan yaradıclığının məhsuludur və o da hakimiyyətlərin təzələnməsi ilə hər dəfə qarşımıza yeni bir əsər kimi çıxır. Burada da ədəbiyyatda olduğu kimi baş verir – bir iqtidarın (müqayisə üçün bir müəllifin) yönəltdiyi dövlət güclü, biri zəif, biri bəşəri, biri anti-humanist olur.
İnsan zəkasının məhsulu olan bu iki yaradılmış varlıq daim bir-birinin işinə burnunu soxur, öz aralarında rəqabət aparır, xalqı daha çox öz tərəfinə çəkməyə çalışırlar.

Yaranışdan bu yana bu iki məxluq arasında savaş gedir, barış olur, işğal baş verir, biri o birini əsarət zülmətinə salır və sonunda azadlıq mücadiləsi başlayır.

Yekunda heç kim qalib olmur. Çünki biri insanın ruhunu, biri mədəsini qidayla təmin eləyir. Biri gecə, biri gündüzdü və hayana çəkirsən çək, insan bu gündüzü də, bu gecəni də öz ömrümün içindən keçirməyə məhkumdu. Yaşasın sülh üçün azadlıq savaşı!

Qafqazinfo

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG