Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:20

Tələbələrə namaz qadağası


Arxiv foto
Arxiv foto

Rusiyanın Tümen vilayətində ali məktəblərdə dərs vaxtı dini ibadətlərin yerinə yetirilməsini qadağan edilib, tualetdə dəstəmaz alınmasının düzgün olmadığı əsas gətirilib

Tümendəki ali məktəblər dini qalmaqal mərkəzinə çevrilib. Səbəb bir neçə ay bundan əvvəl Tümen Dövlət Neft və Qaz Universitetində tələbələrə namazın qadağan edilməsi olmuşdu.

Rusiyanın “İslamnews” portalının məlumatına görə, 2 tələbə bəzən emalatxanalarda, bəzən də pilləkən altında namaz qılırlarmış. Bu ilin yanvarında onlara namaz qadağan edilib.

İndi isə Tümen vilayətinin Ali Məktəb Rektorları Şurası məsələyə qarışıb. Şura regiondakı müsəlman icmalarına xəbərdarlıq edib ki, bundan sonra ali məktəblərdə namaza yol verilməyəcək.

TUALETDƏ DƏSTƏMAZ OLMAZ

Səbəb kimi institutlarda namaz üçün vacib olan gigiyenik vəziyyətin olmaması göstərilib. Bildirilib ki, tələbələrin tualetdə dəstəmaz alması yolverilməzdir.

Digər tərəfdən, Rektorlar Şurası bəyan edib ki, bu cür hallar konfliktlərə səbəb olur, ekstremist meylləri artırır, digər dinə məxsus tələblərdə narazılıq yaradır. Həm də namaz dərs prosesini pozur.

Tümen vilayətinin Kızıtyatsk müsəlmanlar idarəsinin sədri Fatıh Qarifullin bu qərarın tələsik çıxarıldığını hesab edir. Onun fikrincə, rektorlar qərar verməzdən əvvəl müsəlman icma nümayəndələri ilə görüşməli idilər:

SİQARET VƏ TÜPÜRMƏK OLAR, NAMAZ YOX?

“Biz təklif edə bilərdik ki, tələbələr mühazirələr bitdikdən sonra namazın qəzalarını qılsınlar. Maraqlıdır ki, rektorları tələbələrin siqaret çəkməsi, institutun içində tüpürməsi, qızların yarıçılpaq şəkildə dərsə gəlməsi narahat etmir, amma 2 nəfərin namazı təhlükə törədir”.

Qarifullin qeyd edib ki, tələbələr arasında müsəlmanlar çox olsa da, ibadətləri yerinə yetirənlərin sayı azdır.

Tümen hökumətinin dini təşkilatlarla iş üzrə nümayəndəsi Aleksandr Şevelyov deyir kİ, Təhsil haqqında qanun ali məktəblərdə dini təşkilatların fəaliyyətini qadağan edir. Amma namaz – fərdi fəaliyyətdir:

"Dini etiqad haqqında qanunvericilik bu sahədə hüquqları tanıyır. Əgər tələbə başqalarının hüquqlarını pozmursa, onda onun namaz qılmasına icazə vermək olar".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG