Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:08

Gürcüstan təbii fəlakətə hazırdırmı?


Gürcüstan
Gürcüstan
Son 10 ildə təbii fəlakətlərin vurduğu zərər 2 milyard dollara çatıb. Qafqazda təbiəti mühafizə ilə bağlı qeyri-hökumət təşkilatları şəbəkəsinin proqram meneceri Kaxa Baxtadze belə deyir. Onun fikrincə, təbii fəlakətlərlə mübarizə aparmağın ən effektiv yolu məkan planlaşdırması baxımından düzgün strategiyanın işlənib hazırlanmasıdır. Başqa sözlə, yol infrastrukturları və ya müxtəlif tikintilər zamanı risk faktoru nəzərə alınmalıdır:

«Şəhərdə məkanın seçilməsi az-çox idarə olunan məsələdir, amma kəndlərdə əhali evləri məqsədəuyğun olmayan yerlərdə tikir. Ötən illər ərzində, elə indi də evlərin tikintisi ilə bağlı miqyaslı planlaşdırmalar və razılaşdırmalar aparılmır, meşə resurslarının istifadəsində də vəziyyət eynidir. Bütün bunlar nəyə gətirib çıxaracaq, nəticəsi nə olacaq?!»

İLK RİSK ATLASI

Kaxa Baxtadzenin dediyinə görə, bu yaxınlarda, həm də Gürcüstanda ilk dəfə olaraq təbiətdən gələn təhlükə və risklərin atlasının təqdimatı keçirildi. Amma atlasda risk və təhlükəli zonaların yalnız risk faktorları göstərilir.

Ətraf mühiti mühafizə nazirliyi nəzdində Geoloji təhlükələrin idarəolunması üzrə milli agentliyin şöbə müdiri Emil Sereteli deyir ki, təbii fəlakət zonalarının monitorinqini yalnız son illər aparmaq mümkün olub. Uzun illər bu fəaliyyətin həyata keçirilməməsinə səbəb isə maliyyə çatışmazlığıdır. Emil Sereteli iddia edir ki, hazırda təbii fəlakət zonalarının yeri tamamilə bəllidir və hətta bu cür hadisələrin qarşısını almaq üçün tədbirlər də görülür:

«Adjariya, Raç – Leçxum regionu, İmeretiyanın dağlıq regionu, Sameqrelo və Kaxetiyanın dağlıq əraziləri – bütün bunlar təbii fəlakət zonalarıdır. Həm də maraqlısı odur ki, Kaxetiya orta risk zonasından yüksək risk zonasına qalxıb. Geoloji həssaslıq dəyişməsə də, müxtəlif faktorlar, iqlim şərtlərinin dəyişməsi və insanların düzgün olmayan davranışı bu cür dəyişikliyə səbəb olub. Belə ki, Gürcüstanın ərazisinin 70 faizi risk zonasına daxildir, sadəcə səviyyə məsələsi var, bəzi ərazilərdə risk yüksək, bəzilərində orta, bəzilərində isə aşağıdır».

«GÜNDƏLİK TƏHLİLLƏR APARIRIQ»


Gürcüstanda təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması bir neçə nazirliklərə həvalə olunub - ətraf mühiti mühafizə nazirliyi, regional infrastruktur nazirliyi və o cümlədən daxili işlər nazirliyi. Daxili işlər nazirliyi nəzdində fövqəladə hallar üzrə şöbənin direktor köməkçisi Fridon Sadunişvili deyir ki, onların səlahiyyətlərinə həm də monitorinq aparmaq daxildir:

Arxiv foto: Gürcüstan. Daşqından sonra 2010
Arxiv foto: Gürcüstan. Daşqından sonra 2010
«Bizim şöbə təkcə hadisələrə reaksiya verməklə məşğul deyil, biz həm də daim hazırlıqlarımızı görürük, gündəlik təhlillər üzərində işləyirik. Hidrometr məlumatları, o cümlədən yerli idarəetmələrdən gələn proqnozları təhlil edirik. Biz yerli idarəetmələrə müəyyən məsləhətlər veririk. O cümlədən çayların məcraları təmizlənir, bu yaxınlarda Laqodexs rayonunda Kabali çayının üstündəki körpüdə problem yaranmışdı ki, buna da vaxtında reaksiya verildi».

TƏBİİ FƏLAKƏT, YOXSA...

Bu il Gürcüstanda irimiqyaslı təbii fəlakət qeydə alınmayıb. Amma ötən il Rikotski aşırmasında uzunmüddətli yağış və sel sürüşməyə səbəb olmuşdu ki, bu da insan tələfatı ilə nəticələnmişdi. Həmin vaxt Xaşuri, Surami və Çumateletiyə də ciddi zərər dəymişdi. Suramula çayı yaşayış evlərini, kənd təsərrüfatı sahələrini tamamilə suyun altında qoymuşdu. Xeyli mal-qara tələf olmuşdu. Bu bəlanın nəticələrini aradan qaldırmaq hökumətə 10 milyon lariyə başa gəlmişdi.

Ətraf mühiti mühafizə nazirliyi nəzdində Geoloji təhlükələrin idarəolunması üzrə milli agentliyin şöbə müdiri Emil Sereteli deyir ki, Rikotski aşırmasında qeydə alınan təbii fəlakət qeyri-adi və bu yer üçün gözlənilməyən bir hadisə idi. Onun fikrincə, bu hadisəyə həm də bu ərazidə yerləşən binalar səbəb olub.

«ƏHALİ MƏLUMATLANDIRILMALIDIR»

Emil Seretelinin dediyinə görə, Gürcüstan daşqın və sürüşmə kimi təbii fəlakətlərin tez-tez baş verdiyi bir ölkədir. 3 min yaşayış məntəqəsi təbii fəlakət riskləri olan zonaya aiddir. 50 mindən çox yer sürüşmə zonasına daxildir, 3 min yer isə sel zonasıdır. Elə ona görə də, Qafqazda təbiəti mühafizə ilə bağlı qeyri-hökumət təşkilatları şəbəkəsinin proqram meneceri Kaxa Baxtadze hesab edir ki, müxtəlif nazirliklərin həyata keçirdikləri tədbirlər yetərli deyil və deyir ki, təbii fəlakətlərin idarə olunması işi daha effektiv qurulmalıdır. Mütəxəssisə görə, başda duran vəzifələrdən biri də əhalinin məlumatlandırılmasıdır. Kaxa Baxtadze təbiət hadisələrindən də danışır:

«146 milyon və 3,3 milyard dollar – bizim riskimiz bu iki rəqəm arasındadır. Bu fəlakətlər Gürcüstanda baş verə bilər. Tədqiqatı Dünya Bankı aparıb, məlumatları Gürcüstandan əldə edib, amma bu məlumatların üzərində dəqiqləşmələr aparılıb, hesabat hazırlanıb. Bu fəlakətlərdən yaxa qurtarmaq olar, amma əgər əhali maksimum çox məlumatlandırılarsa və digər lazımı tədbirlər görülərsə. Bütün bunları təkcə hökumət yox, həm də yerli idarəetmələr və adi insanlar da etməlidir».

Amma Daxili işlər nazirliyi nəzdində fövqəladə hallar üzrə şöbənin direktor köməkçisi Fridon Sadunişvilinin dediyinə görə, xilasetmə xidmətləri daim əhalini təbii fəlakətlər zamanı davranış qaydaları ilə bağlı məlumatlandırır. Bundan başqa orta məktəblərdə də vətəndaş müdafiəsi tədris olunur.
XS
SM
MD
LG