Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:00

İlqar Rzayevi ailəsinin tutduğu vəkil müdafiə edə bilmir...


Foto: Arxiv
Foto: Arxiv
Mayın 11-i Binəqədi polisinin saxladığı Açıq Cəmiyyət Partiyasının (ACP) üzvü İlqar Rzayevin harada olduğu açıqlanmır.

AzadlıqRadiosuna müsahibəsində İlqar Rzayevin anası Şirinbacı Rzayeva deyib ki, mayın 11-i axşam saatlarında evlərində axtarış zamanı oğlunun Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparıldığını deyiblər. Şirinbacı Rzayevanın bildirməsinə görə, oğlu axtarışdan bir neçə saat əvvəl, iş yerinin qarşısında saxlanıb. Amma o deyir ki, bu barədə rəsmi qurumlardan indiyə qədər heç bir məlumat ala bilməyiblər.

Ailə ilə razılıq əldə edən vəkil Əshabəli Mustafayev də bu səbəbdən İlqar Rzayevin hüquqlarını müdafiə edə bilmir:

«Mənə yaxınları müraciət edib. Amma İlqar Rzayevə qarşı irəli sürülən ittiham, harada saxlandığı və istintaqın harada aparılacağı ilə bağlı məlumat verilmədiyindən, mən müqavilə bağlayıb order götürə bilmirəm».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İlqar Rzayevin evindən narkotik maddə tapıldığı üçün saxlandığını deyiblər. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib ki, yaxınları və onun vəkili işi aparan müstəntiqə müraciət etsinlər.

«BİZİ HƏDƏLƏYİRDİLƏR»

İlqar Rzayevin anası Şirinbacı Rzayeva oğlunun həbsini siyasi məsələ sayır. Deyir ki, «Qış parkı» salınacaq ərazidə insanların zor gücünə evlərindən çıxarılmasına, içərisində ailə yaşaya-yaşaya evlərin uçurulmasına etiraz edib. Martın 17-də isə onların öz evləri uçurulub:

«Bizi həmişə hədələyirdilər ki, sən niyə adamların əvəzinə danışırsan, sənin nə işinə qalıb. Biz qardaşım Əli ilə istənilən vaxt həbs oluna biləcəyimizi gözləyirdik. Amma İlqar çox sakit, ziyalı adamdır. Onun belə bir ittihamla həbsi absurddur. Martın 17-də bizi evimizdən zorla çıxardılar və evimizi uçurdular. İndi ailəmiz kirayədə yaşayır. Hələ də bizə nə ev, nə də pul veriblər. Bircə həbs olunan oğluma 1000 manat kirayə pulu verilib».
Şirinbacı Rzayeva
Şirinbacı Rzayeva

Şirinbacı Rzayeva deyir ki, ailələrinə qarşı təzyiqlər onun İctimai Palatanın 22 aprel mitinqindəki çıxışından sonra daha da güclənib:

«Mən martın 22-də İctimai Palatanın mitinqində açıqca prezidentin rüşvətxor, korrupsioner və diktator olduğunu dedim. Bizi bu kimi məsələlərlə heç kim qorxuda bilməz. Bizim üstümüzə nə qədər gəlsələr, biz bir o qədər də onların üstünə gedəcəyik».

«SORUŞDULAR Kİ, İLQAR HANSI OTAQDA YATIR»

Şirinbacı Rzayeva kirayədə qaldıqları evlərindən narkotik maddə tapılması ilə də bağlı deyir ki, axtarış aparanları Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları zənn edib:

«Soruşdular ki, İlqar hansı otaqda yatır. Mən elə bildim ki, onlar Bakı şəhər İcra Hakimiyyətindən gəliblər, bizə ev vermək istəyirlər. Mən də öz otağımı göstərdim ki, görsünlər biz necə darısqal otaqda qalırıq. Amma əslində İlqar həmişə dəhlizdə yatırdı. Onlar mənim otağıma girən kimi dedilər ki, İlqarın yatağından narkotik tapmışıq».

Şirinbacı Rzayeva deyir ki, o başqa otağı göstərsəydi, narkotik maddə də həmin otaqdan çıxacaq idi.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin bölmə rəisi Orxan Mansurzadə isə mayın 11-də AzadlıqRadiosuna müsahibəsində demişdi ki, hadisəni siyasiləşdirməklə qanuni işini görən polisə böhtan atırlar.

Bölmə rəisi qeyd edib ki, həmin şəxs konkret olaraq evdən narkotik vasitə müəyyən edilib götürüldüyü üçün məsuliyyətə cəlb olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG