Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:22

Gül Bayramına xərclənən pullar hara yönəldilə bilərdi?


Qubad İbadoğlu
Qubad İbadoğlu
«Azərbaycanda çox böyük vəsaitlər çox mənasız işlərə xərclənir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadi ekspert Qubad İbadoğlu Gül Bayramı haqda danışarkən deyib:

«Mən bayramın ad olaraq, tədbir olaraq keçirilməsinin əleyhinə deyiləm. Bunu ayrı-ayrı xarici ölkələrdə də keçirirlər. Amma bu, həmin ölkələrdə yetişdirilmiş güllərin bir nümayişinə, sərgisinə bənzəyir. Heç bir ölkə xaricdən bahalı güllər və dekorasiyalar alıb öz ölkəsində nümayiş etdirmir».

Q.İbadoğlu deyir ki, həmin gülləri yerli fermerlərdən almaqla ölkədə bağçılığın, gülçülüyün inkişafına töhfə vermək olardı. Gül Bayramına xərclənən pulların 10 milyon manat civarında olduğunu iddia edən ekspert bu pulların daha səmərəli işlərə sərf oluna biləcəyini deyir:

«Zaqatalada baş verən zəlzələdə evlər dağılıb, infrastruktur məhv olub və buna cəmi 20 milyon manat vəsait ayrılıb. 2012-ci ildə gənclərin mənzil təminatının yaxşılaşdırılması üçün 20 milyon manat ayrılıb. Amma bir gün ərzində 10 milyon manat küləyə sovrulur».

Q.İbadoğlunun fikrincə, bu vəsaitin xaricdən gül idxalına sərf olunması ilə həm korrupsiya imkanları yaranır, həm də səmərəsiz bir xərcləmə istiqaməti açılır.

BU PUL NƏDİR Kİ?

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə deyir ki Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri ilə müqayisədə onun doğum günündəki bu bayrama xərclənmiş vəsait tutumuna görə heç nədir. Bu pulların səmərəsiz xərclənməsinə münasibət bildirən deputat deyir ki:

«Azərbaycan dövləti Azərbaycan xalqının rifahı üçün, müxtəlif layihələr üçün pul xərcləyir. Azərbaycanın maddi imkanları genişdir. Bu cür yanaşmalar ciddi yanaşmalar deyil və bu yanaşmaların arxasında ciddi insan düşüncələri dayanmır».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG