Keçid linkləri

Təcili xəbərlər

Heydər Əliyev niyə ümummilli lider ola bilmədi?


Gül Bayramı, 10May 2012
Gül Bayramı, 10May 2012
Əsrlik arzumuz çin oldu. İndi Bakıda da «seyrə balonlarla çıxmaq» (Ə.Sabir) mümkündür. Lakin məsəl var deyirlər ki, yuxarıdan baxıb fikir edincə, bir az aşağıdan baxıb şükür etmək daha yaxşıdır. Fəqət, elə burada ağlıma bir fikir gəlir: əcəba, bu ölkədə şükranlıq üçün bir əsas qalıbmı?... Bayram üçün düz 116 ton gül alındı. Mən bunun manatla ifadəsini tapmaqda acizəm. Lakin bu ağlıma gəlir ki, bunun manatla ifadəsi yəqin ki, zəlzələdən əziyyət çəkən bir rayona – Zaqatalaya ayrılmış 20 milyon manatdan və ya Taqanroq şəhərində müharibə abidəsinin bərpası üçün ayrılan 2 milyon manatdan az olmaz. Bu sıranı davam etmək olardı. Amma mən başqa əsl gül bayramı haqqında da eşitmişəm. Bildiyimə görə, ingilislər B. Dizraelinin doğum gününü xüsusilə qeyd etməyi sevirlər. Həmin gün hamı öz pəncərəsinə çiçəklər düzür, daha xarici ölkələrdən 100 tonlarla gül-çiçək alınmır, insanlar özləri bunu edirlər və bunun üçün hansısa təmənna ummurlar.

Mənə belə gəlir, əsl gül bayramı bu cür olmalıdır. Bunlar isə ha çalışırlar özlərinin bayram statusu verdikləri tədbirləri kütləviləşdirə bilmirlər. Hətta «müqəddəs Valentin günü»nə maraq daha böyükdür, nəinki YAP-ın təsis etdiyi bayramlara. Əsl bayram illərin və əsrlərin sınağından keçməlidi. Məsələn, eşitdiyimə görə elə həmin ingilislər heç bir dövlət xadiminə dərhal abidə qoymurlar, bir az gözləyirlər. Görəndə ki, bəli, bu adam unudulmur, cəmiyyətdə ona qarşı rəğbət yaşayır, onda bu adama abidə ucaldırlar. Bəlkə də buna görə belə xalqların tarixində abidələr bir neçə ömür yaşamağa məhkum olmurlar. Lakin elə də olur ki, abidələr və bayramlar həyata bir partiyanın simvolikası kimi vəsiqə alır, həmin partiyanı başqa bir partiya əvəz edəndə onlar da əvəz olunurlar, çünki yeni simvolika gəlir. Ona görə də mən düşünürəm ki, bir çox ölkələrdə, elə o cümlədən də Azərbaycanda tarix də partiya tarixi formasında mövcuddur. Tək partiyalı və avtoritar sistemlərdə başqa cür ola da bilməz. İndi aparılan təbliğatın faciəsi nədədir? Hakim partiya çalışır ki, Heydər Əliyevə və onunla bağlı tarixlərə ümummilli status versin. İndi onun doğum gününün hətta 89-cu ilinin belə qeyd olunduğu vaxtda bu haqda düşünməyin əsl vaxtıdır. Bəli, rəsmən belə bir status verilib. Amma o, yaşarlı ola biləcəkmi?

O, KOMMUNİST PARTİYASININ LİDERİ İDİ...

1982-ci il. Heydər Əliyev Leonid Brezhnevlə birgə
1982-ci il. Heydər Əliyev Leonid Brezhnevlə birgə
H. Əliyev ümummilli lider ola bildimi? Ola bilmədi. Bəlkə də bunun üçün ona şans verilmişdi, bunun üçün onun imkanları vardı, amma o bunu realizə edə bilmədi və yaxud da istəmədi. Ümummilli lider olmaq üçün o öz yaxınlarının və öz partiyasının maraqlarının fövqündə durmalı idi. Amma illərlə onun və onun kimi liderlərin şüuruna hakim olmuş «biz və onlar» düşüncəsi ona bir kəsimin maraqları fövqünə qalxmağa imkan vermədi, hətta bu kəsim kifayət qədər böyük olsa da. Struktur planda götürəndə H.Əliyev üçün heç bir şey dəyişməmişdi, kommunist partiyasının əvəzində YAP yaranmışdı və o yenə də tək partiyaya rəhbərlik edir, onun maraqlarını təmin edir, o biri partiyaları görmürdü. Onun siyasi stilində bir «siniflilik» ştampı vardı, o, daim kimisə nədəsə ittiham etməli idi və bunu edirdi. Nə qədər qəribə olsa da indi «xalq düşmənləri»nə həsr olunmuş silsilə tele–verilişlər, çıxışlar bir az azalıb, zira bir vaxt belə verilişlərin əlindən dinclik və rahatlıq yox idi. Ölkənin siyasi və ictimai strukturu prezidentə ümummilli maraqlar istiqamətinə yönəlməyə və öz yaxın siyasi ətrafından asılı olmamağa imkan verir. Bəs o, nə etdi? Bütün hakimiyyəti, onun üç qolunu bir partiyanın sərəncamına verdi. Mən bu günə qədər əminəm ki, əgər seçkilər saxtalaşdırılmasaydı, normal bir parlament, məhkəmə və bələdiyyə sistemi qurulsaydı o yenə də prezident kimi qalardı, çünki bunun üçün onun potensialı vardı. Sadəcə, o özünün və ətrafının özəl siyasi məqsədlərini dəyişməli, korrupsiyasız və azad bir ölkənin qurulması üçün çalışmalı idi. Lakin o, bunları etmədi və təsadüfi deyil ki, vaxtilə onun hakimiyyətə gəlməsində müxtəlif rollar oynamış insanlar (onların arasında böyük vəzifələr tutmuş şəxslər də az deyildi...) sonradan özlərini aldadılmış hesab etdilər, ondan və onun partiyasından ayrılaraq bu hakimiyyətin ciddi opponentlərinə çevrildilər. Bunlar hələ görünənlərdir. Nə qədər insan, 1993-cü ildə ona səs verənlər sonradan peşmançılıq hissi keçirdi və səhvlərini 1998-ci ildə keçirilən növbəti prezident seçkisində düzəltmək istədi. Lakin artıq gec idi, ölkəyə mərkəzi komitənin keçmiş birinci katibi, siyasi büronun üzvü qayıtmışdı...

KİÇİK SÖZARDI

Bu yaşımda bir anladığım şey də var ki, güllərin düşər-düşməzliyi olur. Biz öz həyatımızda bir dəfə gül yağışını görmüşük. Bu 20 Yanvarda olub. Həmin vaxt qərənfillərin də bəxti gətirmədi, onlar birdəfəlik yas gülünə çevrildilər...
Kaş, güllər də həmişə şad günlərin bəzəyi olsun. Demək istədiyim budur...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG