Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:34
Bu kitabı Norveçli Ragnhild Thori hazırlayıb. Gəncədə ingilis dilindən dərs deyəndə Nizaminin aforizmlərini oxuyub, çox bəyənib, sonra “Leyli və Məcnun”u özü üçün kəşf edib.

Ona görə Nizaminin “Leyli və Məcnun”u dünya ədəbiyyatının ən böyük sevgi əsəridir - hətta “Romeo və Cülyetta”dan da böyük - lakin dünya bu nəhəng sənət əsrindən xəbərsizdir.

Mən Ragnhildi düz 4 ildir tanıyıram. “Leyi və Məcnun”u yenicə tamamlayıb yanıma gəlmişdi. Onda nəşr imkanlarımız çox məhdud idi, həm də keyfiyyət aşağı idi, nəşri gerçəkləşdirə bilmədim.

Ragnhild sponsor axtarırdı. Səfirliklər, neft şirkətləri, fondlar, bizim dövlət qurumları... Norveçli xanıma bütün qapılar açıldı, amma bu kitabın taleyi qapalı qaldı. Kimsə maliyyə yardımı etmədi.

Bu yaxınlarda Ragnhild yenidən yanıma gəldi, 4 il yolunu gözlədiyim əziz adam kimi qarşıladım, baxışlarında əvvəlki optimizm yox idi, çox ümidsizcəsinə kitabla bağlı söhbətə başladı.

Başına gələnləri danışmağa imkan vermədim, kim nə söz verib, hansı qurum harada onu necə aldadıb. Dedim, bu söhbətləri etməyə vaxt çoxdur, amma iş görməyə vaxt az, dərhal kitabı gətir.

Bir həftə dayanmadan işlədik. Artıq kitab ortadadır. Nizaminin “Leyli və Məcnun”u uşaqlar üçün sadələşdirilmiş variantda. Kitab, A4 albom formatında o dövrün xalça naxışları ilə bəzənib. Sonda isə Nizamidən aforizmlər verilib.

Xanım, uşaqlara maraqlı olsun deyə, Gəncədə bu süjet əsasında kuklalardan bir səhnəcik də hazırlayıb. Onu da CD-də nəşr etməklə kitaba əlavə etdik.

Kitabın daha bir üstün tərəfi, üç dildə olmasıdır, Azərbaycan, ingilis və rus dillərində. Ragnhild gələcəyi çox parlaq olan bir uşaq kimi bu kitab haqqında danışır. O, Norveçə qayıdanda bütün nəşriyyatlara bu kitabı təklif edəcək. “Leyli və Məcnun”un Norveçdə yeni həyat qazanmasına tam əmindir.

Şahbaz Xuduoglu
"Qanun" nəşriyyatının direktoru

Günün bütün mövzuları

XS
SM
MD
LG