Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:05

Azərbaycanda korrupsiya nə boydadır?


Arxiv foto.
Arxiv foto.
Dünya əhalisinin 66 faizi hesab edir ki, onların yaşadığı ölkədə korrupsiya geniş yayılıb.

ABŞ-da yerləşən araşdırmalar təşkilatı - Gallup-ın 140 ölkədə üzbəüz və ya telefonla keçirdiyi sorğuya görə, əhalisinin fikrincə, ən korrupsiyalı ölkə Xorvatiyadır.

Burda rəyi soruşulanların 93 faizi deyib ki, Xorvatiyada korrupsiya geniş yayılıb.

Öz ölkəsini korrupsiyadan azad hesab edənlərin çoxu isə Sinqapurda yaşayır.
Burda rəyi soruşulanlarən cəmi 13 faizi deyib ki, Sinqapurda korrupsiya geniş yayılıb.

Maraqlıdır ki, dünyada bu sahədə ikinci yerdə Ruandadır. Bu ölkədə rəyi soruşulanların cəmi 15 faizi vətənlərində korrupsiyanın geniş yayıldığını deyib.

AZƏRBAYCAN

Azərbaycanda rəyi soruşulan 1000 adamdan 650-si deyib ki, Azərbaycanda korrupsiya geniş yayılıb.

Azərbaycanda 17 faiz isə deyib ki, korrupsiya geniş yayılmayıb. 13 faiz deyib ki, bilmirlər. 4 faiz isə cavab verməkdən imtina edib.

Müqayisə üçün, qonşu Gürcüstanda korrupsiyanın geniş yayıldığını rəyi soruşulanların cəmi 28 faizi deyib. Bu, regionda ən aşağı göstəricidir və dünyada da Yeni Zelandiya, Avstraliya kimi ölkələr səviyyəsidir.

Ermənistanda korrupsiyanın geniş yayıldığını isə 76 faiz deyib. Bu da Cənubi Qafqaz regionunda ən yüksək həddir. Dünya ilə müqayisədə, bu, Uqanda, Benin səviyyəsidir.

Keçmiş SSRİ-yə daxil olan ölkələr arasında korrupsiyanın ən yüksək olduğunu düşünənlər isə Moldovadadır - 87 faiz.

EKSPERT RƏYİ

Sorğunun Azərbaycanla bağlı hissəsini Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl belə şərh edir.

Zöhrab Ismayıl
Zöhrab Ismayıl
AzadlıqRadiosu: Azərbaycanda 65 faiz deyir ki, korrupsiya geniş yayılıb. Bu nəticə ilə razısınızmı?
Bu 65 faiz gündəlik həyatda korrupsiya ilə üzləşənlərdir yoxsa qəzetdən, televiziyadan eşidənlər də bura daxildir, sizin fikrinizcə?

Zöhrab İsmayıl: Mənim fikrimcə, gündəlik həyatda rüşvətlə korrupsiya ilə üzləşənlər azı 65 faizdir.

AzadlıqRadiosu: Bəs, 17 faiz deyir ki, korrupsiya geniş yayılmayıb. Bu adamlar korrupsiya ilə üzləşmirlər yoxsa çəkinib, belə deyirlər?

Zöhrab İsmayıl: Bir çox sorğularda insanlar fikirləşdiklərini demirlər, ehtiyatlanırlar.

Bundan başqa, hökumətin tərəfdarları da var.

AzadlıqRadiosu: Bəs, Azərbaycanda rüşvətsiz iş görmək mümkündürmü?

Zöhrab İsmayıl: Biznesdə yoxsa adi məişətdə?

AzadlıqRadiosu: Məişətdən başlayaq. Adi vətəndaş rüşvət vermədən öz işini görə biərmi?

Zöhrab İsmayıl: Adi məişətdə görmək mümkündür, ancaq çox çətindir. Gərək həmin adam qanunları bilə, vaxtını əsirgəməyə və s.

AzadlıqRadiosu: Bəs əgər o, iş adamıdırsa?

Zöhrab İsmayıl: İş adamıdırsa, onun rüşvət verməmək imkanları çox məhduddur.

AzadlıqRadiosu: Bu, sorğuya aid suallar idi. İndi isə büdcə layihələrini monitorinq edən bir ekspert kimi soruşmaq istərdik, büdcədən maliyyələşən investisiya layihələrinin neçə faizində korrupsiya var?

Zöhrab İsmayıl: Mən fikirləşirəm ki, onların hamısında korrupsiya var.

AzadlıqRadiosu: Bəs o korrupsiya olan investisiya layihələrinin özündə korrupsiyanın payı nə qədərdir? Hər 100 manatdan neçəsi “yeyilir”?

Zöhrab İsmayıl: O, layihələrdən asılır. Bəzi məlumatlara görə, layihələrin 50 faizindən 70 faizinə kimi hissəsi mənimsənilir.
Bəs sizin gördüyünüz, bildiyiniz ən böyük rüşvət, korrupsiya hadisəsi nədir?- Bizə yazın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG