Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:24

Taliban şairlərin məqbərələrini partladır


Pakistan - Xattakın Peşavarda partladılan məqbərəsi, 10 may 2012
Pakistan - Xattakın Peşavarda partladılan məqbərəsi, 10 may 2012
Məşhur puştu şairi Acmal Xattak 2010-cu ildə dünyasını dəyişib, amma Taliban onu qəbrində də rahat buraxmır.

Yaraqlılar mayın 9-da Xattakın Pakistanın şimalındakı məqbərəsini partladıblar.

Şairin oğlu mətbuata bildirib ki, məqbərəyə ziyan dəysə də, ölən, yaralanan olmayıb.

Acmal Xattak 1925-ci ildə doğulub. Pakistanın müstəqilliyi, daha sonra isə müstəqil Pakistanda demokratiya və sosial bərabərlik uğunda mübarizə aparıb.

Siyasətə qoşulduğu zamanlarda həbsə də atılıb. 16 il mühacirətdə - Əfqanıstanda da yaşamalı olub.

Istər Pakistan parlamentinin üzvü olduğu, istərsə də partiya sədri olduğu dövrlərdə onun siyasi baxışlarını bölüşməyənlər çox olsa da, şair kimi həm Pakistanda, həm də Əfqanıstanda məşhur olub.

O, şeirlərində insanların savadsızlığı və avamlığından istifadə edib onları din pərdəsi altında öz şəxsi məqsədlərinə xidmət etdirən ruhaniləri də tənqid edib.

Xattakın məşhur satirik şeirlərindən biri də “Cənnət” adlanır.

Şeirdə müxtəlif təbəqələrin nümayəndələrinin Cənnət haqda təsəvvürləri əksini tapıb:

(sətri tərcümə)

Molladan soruşdum?
“Cənnət nə demək?”
Əlini qarnına çəkib
“Təzə meyvələr, süd arxları” dedi.

Mollanın yanında talib (dini məktəb tələbəsi) oturmuşdu -
əlində kitab,
Talibdən soruşdum?
“Cənnət nə demək?”
Kitabı bağlayıb dedi:
“Ənlikli-kirşanlı gözəl hurilər”

Yaxınlıqda Şeyx dayanmışdı
əlində təsbeh
saqqalını tumarlayaraq
söhbətə müdaxilə etdi
“Elə deyil. Cənnət - gözəl xidmətçi oğlanların adıdır?”

Xan (torpaq sahibi) uzun səcdəsini bitirəndə
Ondan da soruşdum:
“Xan əmi, cənnət nə demək?”
Dedi: “Qızıldan-gümüşdən qurulmuş,
müşk-ənbər iyi verən dəbdəbəli malikanələr”

Yanımda dayanan fəhlədən də fikrini soruşdum:
Alnının tərini silib dedi:
“Qarın dolusu yemək və doyunca yatmaq”.

Yaxınlıqdan keçən dəlidən də
Cənnət haqda soruşdum.
Dedi:
“Cənnət – bəşər övladının xoşbəxtlik arzusundan başqa bir şey deyil”


Acmal Xattak
Acmal Xattak
Pakistan mətbuatı yazır ki, Taliban məqbərəni yəqin ki belə şeirlərə görə partladıb.

Çünki bu, Talibanın tapındığı mühafizəkar İslami görüşlərlə uyuşmur.

Pakistandakı yaraqlılar ötən il digər məşhur puştu şairi Həmzə Xan Şinvari, 2009-cu ildə isə tanınmış sufi şairi Rəhman Babanın da məqbərələrini partlatmışdılar.

Onlar Rəhman Baba məqbərəsindəki partlayışı məqbərə ziyarətinin İslama uyğun olmaması ilə əsaslandırmışdılar.

Amma həmin partlayışdan sonra Rəhman babanın məqbərəsini ziyarət edənlərin sayı daha da artmışdı...

oxuzali.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG