Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:41

Qoşulmama Hərəkatı Dağlıq Qarabağla bağlı yekun sənəd qəbul edib


Qoşulmama Hərəkatının Misirdə keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyini bir daha təsdiqləyən yekun sənəd qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev brifinqdə bildirib.

Yekun sənəd mayın 9-da qəbul edilib.

E. Abdullayevin sözlərinə görə, «sənədin bəndlərindən birində Dağlıq Qarabağ münaqişəsinin bütün regionda stabilliyə və təhlükəsizliyə təhlükə olduğu təsdiqlənir. Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən münaqişənin beynəlxalq səviyyədə tanınan üç prinsip - danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyünə əməl olunmaqla və güc tətbiq edilmədən həll olunmasının vacibliyi təsdiqlənib».

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 9-10-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində nazirlər səviyyəsində keçirilən iclasında iştirak edir.

Azərbaycan XİN-in rəhbəri iclasda çıxış edəcək və tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.

Azərbaycan 2011-ci ilin mayından Qoşulmama Hərəkatının üzvüdür.
XS
SM
MD
LG