Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:14

Anaların vəziyyəti: Azərbaycan 61-cidir


Foto: Arxiv
Foto: Arxiv
Beynəlxalq «Save the Children» təşkilatı dünyada anaların vəziyyəti haqda illik hesabatını dərc edib. Hesabat müəllifləri 165 ölkədə anaların vəziyyətini araşdırıb.

Təşkilat anaların vəziyyətini müəyyən edərkən bir neçə faktoru, o cümlədən onların səhhətini, təhsilini, iqtisadi durumunu və qidalanmasını nəzərdən keçirib. Ölkələr üç qrupa bölünüb: Birinci qrupda inkişaf etmiş, ikinci qrupda inkişaf etməkdə olan, üçüncü qrupda isə inkişaf etməmiş ölkələr yer alıb.

Azərbaycan inkişaf etməkdə olan ölkələr qrupundadır. Siyahıda 61-ci olan Azərbaycan Honduras (60) və Tacikistan (62) arasında qərarlaşıb. Ermənistan 30-cu, Gürcüstan isə 42-ci yerdədir.

VƏZİYYƏT KRİTİK DEYİL

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyir ki, Azərbaycanda anaların vəziyyəti çətin olsa da, kritik deyil:

«Azərbaycan analar üçün çətin ölkədir. Anaların uşaqlara baxması, qidalandırmaları yaxşıdır. Azərbaycanda analar uşaqlarına nəsə tapıb yedirdir. Ancaq özləri çox əziyyət çəkirlər. Qadınların vəziyyətinin ağır olması ilə razıyam. Ancaq Azərbaycanı Hondurasla bir sıraya qoymaq düzgün deyil».

Əfqanıstan - 2010
Əfqanıstan - 2010
Hesabata əsasən, analar üçün ən yaxşı yer Norveçdir. İslandiya 2-ci, İsveç 3-cü, Yeni Zelandiya 4-cü, Danimarka isə 5-ci yerdədir.

ƏN PİS VƏZİYYƏT NİGERDƏDİR

Niger analar üçün ən pis ölkə sayılır. Ərzaq qıtlığı ölkəni siyahıda Əfqanıstandan da geriyə atıb. Halbuki, Əfqanıstan 2 il ardıcıl olaraq sonuncu yeri tuturdu. Bu il isə bir addım irəliləyib.

Təşkilat bildirir ki, pis qidalanma anaların az çəkili və zəif uşaqlar dünyaya gətirməsinə səbəb olur. Bu analar özləri də vaxtilə pis qidalanıb. Ana yoxsuldursa, həddən artıq işləyirsə, sağlam deyilsə, o, övladını da qidalandıra bilmir.

Təşkilat həmçinin qeyd edir ki, anaların vəziyyəti ölkənin zəngin ya kasıb olması ilə ölçülmür. BBC-nin Afrika üzrə analitiki Martin Plaut deyir ki, Malayziya kasıb ölkə olsa da, gözlənildiyindən daha yaxşı nəticə göstərir. Burada uşaqlar doğulandan bir saat sonra ana südü ilə qidalanırlar. Ana südü ilə qidalanma 2 yaşına qədər davam edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG