Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

Aqşin Yenisey


“Unudulmuş əlyazmalar” silsiləsindən


Şair

Demişdim axı... sevə bilməyəcəksən onu!
Təkadamlıq deyil onun sevgisi.
Qocaman bir palıdın yalnız bir quşun,
Dərin bir dəryanın yalnız bir balığın,
Dibsiz bir yuvanın yalnız bir qarışqanın olmadığı kimi.

Demişdim axı...
Gün gələcək, onu qəlbinlə yox, əsəbilərinlə sevəcəksən.
Özünü, ya da onu öldürmək istəyəcəksən.
Bəlkə də, özünü öldürəcəksən.
Bir quşun bir palıdı yıxdığını,
Bir balığın bir dəryanı qurutduğunu,
Bir qarışqanın bir yuvanı uçurtduğunu
Görmüşdünmü heç, eşitmişdinmi heç?

Demişdim axı... sevə bilməyəcəksən onu
Ayaqlarını verəcəksən ki, onun əllərini qazanasan.
Gözlərini verəcəksən ki, onun göz yaşlarına şərik olasan.
Saçlarını verəcəksən... sinəni verəcəksən...
O isə
Bir gün küçənin ortasında verdiklərini özünə qaytarıb
Evinə ölməyə tələsəcək.
Demişdim axı...
Sən onunla həmişə təksən!

Demişdim axı...
Sevgi kimidir poeziya,
Onun yolunu gözləməlisən!

Sufi

Nə sevgim sevgidir, nə dərdim dərddir.
Qəlbim də köhnəlib, amanabənddir.
Bir göy gurultusu bir at kişnərtdi.
Ayır göz yaşını yağışdan indi.

Özümü öldürən naməlum kəsəm.
Qüssəm qəzəbimdir, qəzəbim qüssəm.
Yorğunam, üzgünəm, təngənəfəsəm.
Enirəm qalxdığım yoxuşdan indi.

Öldük filan gündə, filan saatda
Daha nə sən varsan, nə mən həyatda
Itdi məzarımız ayaqlar altda.
Məni, heç olmasa, bağışla indi.

Qarışqa

Səndən sonra, günlərlə, həftələrlə, aylarla deyil,
İllərlə tək qalmağı öyrəndim.
Nə edəydim? Heç olmamış kimi yoxdun.
Bir gün külək köhnə qəzet cırığını
Yapışdırdı şüşəmə.
Açdım, baxdım. – Şairlərdən yazmışdın.
Amma mənim adım yoxdu.
Ömrümdə ilk dəfə özüm üçün darıxdım.
Çıxdım, getdim, içdim, susdum.
Küçədə bir qarışqa yuvasına baxdım:
Ilahi bir faciə!
Hamıdan güclü olasan
Və ayaqlar altında yaşayasan.


Qafqazinfo

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG