Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:13

Mərkəzi Bankın rəsmisi «Texnikabank»da baş verənlərə münasibət bildirib


««Texnikabank»da nə baş verdiyini hamı bilir və mən buna şərh vermək istəmirəm. Orada müvafiq qurum tərəfindən təhqiqat gedir, nəticələri yəqin ki, açıqlanacaq».

APA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

AMB sədrinin sözlərinə görə, hazırda «Texnikabank»ın səhmdarları bankı möhkəmləndirir, idarəetməyə yeni komanda gətirilib: «Həmin komanda yaranmış şəraitdə bankın idarə olunmasını təmin edəcək. Bu, səhmdarların qərarıdır, Mərkəzi Bankın qərarı deyil».

E. Rüstəmov bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun pensiyaların bankomatlar vasitəsilə verilməsi prosesinin genişləndirilməsi məqsədilə keçirilən tenderdə qalib gəlmiş «Texnikabank»ın tenderdən kənarlaşdırılması barədə verdiyi açıqlamalara da münasibət bildirib: «Yaranmış şəraitdə, menecmentdə olan hərc-mərclik və s.-lə bağlı pensiya təminatına onların qoşulması doğru hesab olunmadı. Çox həssas olan sosial bir layihənin başlanmasını təqaüdçülər üçün riskli hesab etdik. Hesab etdik ki, yaranmış situasiyada bankın stabilləşməsini və yeni menecmentin gəlməsini gözləmək lazımdır».

Qeyd edək ki, DSMF sədri açıqlamasında bildirmişdi ki, tenderdə bir lot üzrə «Texnikabank» ASC qalib gəlib. Lakin AMB Fondun sorğusuna cavab olaraq «Texnikabank»ın mövcud vəziyyətini əsas gətirərək bankın həmin lot üzrə qalib elan edilməməsini tövsiyə edib. Buna əsasən də həmin lot üzrə başqa bir bank qalib elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG