Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:44

Naxçıvanda Nuh peyğəmbərə ucaldılan məqbərə [VIDEO]


Vasif Talıbovun sərəncamıyla tikilən Nuh məqbərəsi
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00
Direct-ə keçid

Vasif Talıbovun sərəncamıyla tikilən Nuh məqbərəsi

Bir neçə il öncə Naxçıvanda Nuh peyğəmbərin qəbrinin tapıldığı yer haqda məlumatlar verilmişdi. Naxçıvan Ali Məclisininin sədri Vasif Talıbovun 2006-cı ildə verdiyi sərəncamla həmin qəbrin tapıldığı deyilən yerdə məqbərə də tikilib. 2008-ci ildən həmin məqbərə muzey kimi fəaliyyət göstərir.

2009-cu il aprelin 28-də Naxçıvanda nəşr olunan rəsmi «Şərq qapısı» qəzeti V.Talıbovun Nuh haqqında danışdıqlarından sitat gətirib: «...Bu yurdun ən böyük sərvəti isə şübhəsiz onun dünyaya bəxş etdiyi böyük tarixi şəxsiyyət, bəşəriyyətin ikinci atası sayılan Nuh peyğəmbərin də vətəni olmasıdır».

QƏBRİ GÖZƏ DƏYMİR...

Nuh peyğəmbərin qəbirüstü məqbərəsi Naxçıvan şəhərinin kənarında, Köhnə Qala deyilən ərazidə yerləşir. Qəbiri görmək marağı ilə zirzəmiyə daxil oluram. Zirzəminin döşəməsində qəbiri xatırladan əlamət gözə dəymir. Məqbərənin bələdçisi deyir ki, qəbrin üstü zirzəminin bütün sahəsi boyunca betonlandığından qəbirin əlamətləri betonun altında qalıb. Ona görə də qəbiri görmək mümkün deyil.

Zirzəmidən çıxıb pilləkənlə məqbərəyə qalxırıq. Məqbərənin içərisi müxtəlif rəsm və fotolarla bəzədilib. Həmin şəkillərdə Nuhun yaşadığı və gəmisinin toxunduğu iddia olunan yerlərin görüntüləri təsvir olunub. Daş fotoların biri diqqətimi çəkir. Bələdçi daş fotolarından birini götürüb deyir ki, Nuhun gəmisi Ordubad rayonu ərazisində olan Gəmiqayaya oturarkən həmin qaya parçalanıb. Qayadan qopan parçalardan biri qorunub saxlanılıb. Şəkildəki də elə həmin daş parçasıdır:

NUH PEYĞƏMBƏR NAXÇIVANDA YAŞAYIB, BURADA DA ÖLÜB

«Nuh peyğəmbərlə bağlı rəvayətlərin birində deyilir ki, Nuhun gəmisi Ağrıdağa dəydikdən sonra Naxçıvandakı Haçadağa dəyib, gəlib Ordubadda quruya oturub. Bundan sonra Nuh peyğəmbər Naxçıvanda yaşayıb. Nuh burada yaşayıb, burada da vəfat edib».

Bələdçi əminliklə deyir ki, Nuh peyğəmbərin qəbrinin Naxçıvanda olması dünya alimləri tərəfindən təsdiqlənib:

«2009-cu ildə dünya alimlərinin iştirakı ilə Naxçıvanda beynəlxalq simpozium keçirilib. Ərəb, latın, İran, yunan, türk və Avropa alimləri burada tədqiqatlar aparıblar, belə qərara gəliblər ki, həqiqətən də Nuhun qəbri Naxçıvandadır».

O, TARİXİ ŞƏXSİYYƏT SAYILA BİLMƏZ

Tarixçi alim Altay Göyüşov isə Nuhun hansı ərazidə yaşaması barədə dəqiq rəy verməyin mümkünsüz olduğunu bildirir:

«Nuh peyğəmbərin harada yaşaması ilə bağlı heç bir tarixi məlumat yoxdur. Buna görə də o, tarixi şəxsiyyət sayıla bilməz. Nuhun adı sadəcə rəvayətlərdə keçir. Heç kim dəqiq deyə bilməz ki, o, harada yaşayıb. Naxçıvanda məqbərəsi ucaldılan qəbrin Nuhun olduğunu iddia eləmək gülüş doğuran məsələdir. Bunu iddia eləyən alimlərin heç biri tarixdə ciddi qəbul edilən alimlər deyil. Bunu heç DNT testi ilə də sübut eləmək mümkün deyil ki, 7 min öncə ölmüş adam Nuh peyğəmbərdir, ya başqa biri».
XS
SM
MD
LG