Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:42
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Araz Bayramov

KABUS

“ -13... 14...

- 20-yə çatsaydı.

Gülüş səsləri... Gecənin yarısı, məni yuxudan oyadan bu sayların nəyə, yaxud nələrə aid olduğunu bilmirdim, amma gülüş səslərindən nəsə pis bir şeyin baş vermədiyini düşünmək olardı.

Uzaqlarda əvvəlcə fitə, sonra isə uğultuya bənzər bir səs eşitdim.

-15..

Bayaqdan onların dilindən çıxan saylar məhz bu səsə aid imiş. Yerimdən dikələrək yarıyuxulu halda ətrafıma baxdım. Otaq qaranlıq idi. Yalnız pəncərə tərəfə baxdıqda orda
azacıq da olsa işıq görmək olardı.

- Bu nədir? –deyə soruşdum.

Üzərimə bir əl uzandı. Əl sinəmdən basaraq təkrar məni yorğanın altına saldı. Sonra isə qulağıma pıçıldadılar.

- Yat, qorxma.

Niyə qorxmalıyam? Axı kimsə gülürsə, kimsə bu səsi sayaraq əylənirsə, mən nə üçün qorxmalıyam? Uşaq ağlımla çox şeyi dərk etmirdim, amma bunu anlayacaq qədər şüura sahib idim.

- Onlar niyə gülürlər bəs?

- Onlar dəlidirlər, sən yat..

Uzaqdan gələn bayaqkı səs yenə eşidildi.

- 16..

- Uşaq qorxacaq, bəsdirin, yıxılın yatın.

Bu, anamın səsi idi. Məni yenidən yatızdırmağa çalışan da o idi. Ətrafdakıların “Uşaq ağlayacaq” qorxusunu başa düşəndən, “Kişi ağlamaz!” ifadəsini qavrayana qədər keçən zaman müddəti ərzində mənim ağlamamağım üçün nəsə etməyə çalışan hər kəsi məyus etmişdim. Bəlkə də ətrafdakıların qorxusu idi məni ağlamağa məcbur edən. Ağlamayanda özümü üzərimə düşən bir öhdəliyi yerinə yetirməmiş kimi hiss edirdim. Lakin bu dəfə ağlamağımın səbəbi məhz bu deyildi. Deyəsən, ətrafımda mənim qorxmamağım üçün edilən cəhdlər məni ağlatmışdı. Ağlamağa başladım. Artıq pis nələrinsə baş verdiyini başa düşmüşdüm, deyəsən. Bu gülüş səsləri yerində səslənmirdi.

Növbəti səsdən sonra “sayğaclar” ikisi də birdən

- 17... –dedilər.

Hönkürdüm. Ətrafımdakılar məni sakitləşdirməyə çalışırdılar. Anamın səsini təkrar eşitdim.

- Allah bu dığa köpəkuşağına nəhlət eləsin!!

“Sayğaclar” yenə gülməyə başladılar. Anam yenə onlara acıqlandı. Elə bu qarmaqarışıq səslərin içində də yuxuya getdim.

Bu səslər həmin gecədən sonra başımıza gələcəklərin başlanğıcı idi bəlkə də. Ölkədə müharibə gedirdi.

Həmin vaxt cəmi dörd yaşım vardı. Müharibənin nə demək olduğunu hələ bilmirdim, dərk eləmirdim. Topun, raketin, bombanın nə olduğunu da... Amma həmin gecədən çox keçəcək, günlər, aylar, illər ötəcək və müharibənin nə olduğu bütün əzab-əziyyətləri ilə bərabər mənim beynimə, yaddaşıma, adamı xatırlayarkən titrəməyə, ağlamağa, əzab çəkməyə vadar edən bədənimin hansı hissəsidirsə, şüurum hansı qatıdırsa, bax oraya qətrə-qətrə hopacaqdı. Mən müharibənin nə olduğunu, nələrə səbəb olduğunu biləcəkdim..

Ayda bir neçə dəfə evimizin yanından keçən, yolun kənarında dayanıb tamaşa etdiyimiz Milli Ordunun əsgərlərinin addım səsləri heç vaxt yadımdan çıxmayacaq, hər dəfə idman dərsində addımlamaqdan məhz bu xatirəyə görə imtina edəcəkdim. Xaki rəngi heç sevməyəcək, bu rəngdə paltar geyən uşaqlarla dalaşacaqdım. “Dava-dava” oynamayacaq, oynamaq üçün özümə oyuncaq silah düzəltməyəcəkdim. Qaçmaq istəyəcəkdim. Müharibədən uzaqlara... Çox uzaqlara...

Amma həmin gecə qulağımda qalan top səsi, yaxud raket səsi, hər nədirsə məni bir neçə il sonra təkrar oyadacaqdı.

Altı il sonra təkrar oyandım. Otaq soyuq idi, amma bu dəfə qaranlıq deyildi. Bu dəfə həmin gecədən fərqli olaraq otaqda çoxlu insan yox idi. Yalnız qardaşım məndən üç metr aralıda, çarpayıda yatmışdı.

Həmin səslər yenə gəlirdi. Gülüş səsi, top səsi və yarı anlaşılmaz pıçıltı. Bu pıçıltı anamın səsi deyildi. Kimə aid olduğunu müəyyənləşdirə bilmirdim. Bu səs məni sakitləşdirmək istəyirdi, amma mən sakitləşmirdim. Bu səs məni yatmağa və qorxmamağa səsləyirdi, amma mən çox qorxurdum.. Elə bil bu səsin təkidi ilə yatsaydım, bir daha oyanmaq şansım olmayacaqdı.

- Yat... Qorxma.. Onlar dəlidirlər.

Qəfildən ruhumu donduran, məni titrəməyə məcbur edən sayları yenidən eşitməyə başladım.

- 14... 15...

Və həmin top səsi... Həmin gülüşlər... Təkrar təkrar... Əllərimlə qulaqlarımı tutub onlardan xilas olmaq istədim. Amma heç bir xeyri olmadı. Elə bil hər şey qulaqlarımın, ya da beynimin içində baş verirdi. Yorğanı üstümdən atıb çığırmağa başladım.

- Bəsdir!! İstəmirəm!! Bəsdir!!

İşıq yandı. Qardaşım Ayazın qorxmuş gözlərini, ağarmış sifətini gördüm.

- Nə olub? –deyə əllərimi aşağı salıb təlaşla soruşdu.

- Onları istəmirəm – deyə çığırdım.

- Kimi?

- Gülənləri...

- Yaxşı, yaxşı.. – deyə başımı qucaqlayıb üzümə tökülmüş saçlarımı yana elədi. – Ağlama.. Ağlama, qorxma. Gülən zad yoxdur...

Bu yuxu bitsin, bu kabus, bu qarabasma məni tərk etsin istəyirdim. Qarabağ kimindir?, kimin torpağıdır?, mənim vətənim haradır?, ermənilər kimdirlər?, biz kimik?, bütün bu olanlar nəyin üstündədir?, heç nə, heç nə vecimə deyildi...

Bu hadisədən sonra məni həkim yanına apardılar. O isə mənə vitamin yazaraq ağıllı olmağımı tapşırdı. Üzündən sərtlik və təkəbbür yağan həmin rus həkim mənim heç xoşuma gəlməmişdi. Deyəsən, valideynlərimin ağlına belə gəlmirdi ki, məni uşaq psixoloqunun yanına aparsınlar. Bəlkə də imkan yox idi, nə bilim. Bir ildən sonra özümə gələ bildim. Həmin gecə ömrümün bir ilini məndən aldı.”

- Təsirli yazmısan. – deyə Elene vərəqi stolun üstünə ataraq mənə baxdı. – deməli bütün bu olanlar buna görədir. Yəni az öncə Davidi məhz buna görə öldürmək istəyirdin?

- Hə... O yenə qayıtdı – deyə siqaret yandırdım – Qarabasma belədir Elene.. Ya da tale.. Yəni bu vəziyyəti hansına bağlamaq düzgündürsə o.. Fərqi yoxdur sən hardasan, Batumidə, ya Bakıda.. O səni harda olsan, tapacaq.

- Davidin nə günahı var yaxşı?

Az öncə oteldə gördüyüm oxşar qarabasmadan sonra, mənimlə eyni otaqda yatan erməni Davidə hücum eləmiş, boğmaq istəmişdim. Amma qonşu çarpayıda yatan Aleksandr adlı ukraynalı oğlan onu mənim əlimdən almışdı.

- Özümdə deyildim. Məncə, sən məni başa düşürsən.

Gülümsədi. Üzündəki mehriban təbəssümü görüb bir an mələk olduğunu zənn elədim. Qurban Səid “Gürcü qızları dünyanın ən gözəl qızlarıdır” deyərkən haqlı imiş deyəsən.

- Mən səni başa düşürəm, amma polis başa düşməyəcək. Onun dostları deyirlər ki, polisə zəng eləyəcəyik. Mən onları arxayın elədim ki, zəng olunub, polislər gələcəklər, amma zəng eləmədim. Amma məcbur zəng eləyəcəm.

- Canın sağ olsun – deyə siqaretdən bir qullab alıb, mən də gülümsədim. Bir qədər heç birimiz dinmədik.

- Müharibə pis şeydir Alik.. – deyə o səssizliyi pozdu. Gözləri yol çəkirdi.

- Elene..

- Bəli –deyə xəyaldan oyanıb mənə baxdı.

- Sən də eşidirsən?

- Nəyi?

- Səsləri.

- Bu hardan çıxdı?

- Bilmirəm. Nəsə mənə elə gəlir ki, sən də müharibədə olmusan və sən də hərdən mənim eşitdiyim səsləri eşidirsən. Hətta fərqli dildə olsalar da, onlar mənim eşitdiklərimə çox oxşayır. Bayaq yazımı oxuyanda gözlərin dolmuşdu.

- Yaxşı yazırsan.. – deyə söhbətdən yayınaraq gülümsədi.

Dinmədim. Amma həqiqətən bayaq gözləri dolmuşdu və bunun səbəbi məni çox maraqlandırırdı.

- Abxaziyada... Olmuşdu belə bir şey. – deyə səssizliyi pozdu. –Amma mənim təkcə yuxuma girmişdi. Səndəki kimi dəhşətli və qorxulu deyildi.

“Bizi heç kim anlamaz Elene. Nə səni nə də məni. Nə öz ölkəmizdəkilər, nə də dünyadakılar. İnsanlar bir şeylərin üstündən siyasət düzəltməyi, günahsızların qanları üzərində şou təşkil eləməyi çox sevirlər. Onlar sənin dərdinə şərik çıxdıqlarını bildirməkdən həzz alırlar. Bəzən kövrəlirlər, səbəbkarlara lənət də oxuyurlar, amma bizi başa düşmürlər. Nə hiss etdiklərimiz onların vecinə deyil. Qanun, qayda, nə bilim, məni bu kabusun təsirilə etdiyim bayaqkı hərəkəti sorğulamağa qadir həmin qüvvə, hər nədirsə o heç vaxt bizləri nəzərə almır”

Bunları mənimlə həmdərd olan bu gürcü qızına deyə bilmədim. Qaysaqlanmış yaranı daha da açmağın və keçmişin dərinliklərinə baş vuraraq daha artıq əzab çəkməyin mənası yox idi.

Siqareti qarşımdakı büllur külqabına basdım.

- Sən get zəng elə. – deyə ona baxdım – Layihənin koordinatoru sənsən, sonra problem yaradarlar sənə.

Laqeyd halda əlini yellədi.

- Eybi yox. Cəhənnəmə olsun – üzünə bayaqkı mehriban təbəssümünü qaytarıb ayağa qalxdı

- Pivə istəmirsən?

- İstəyirəm.

- Ok.

- Elene.. - deyə onu saxladım - David oyanıbsa onu da çağır.

- Niyə?

-Elə belə. Gəlsin söhbət eləyək.

Güldü.

- Yaxşı gəlsə, onu da gətirəcəm.

Getdi. David gələcək ya gəlməyəcək bilmirdim, amma bildiyim tək şey bu lənətə gəlmiş qarabasmanın, bu kabusun yenidən qayıdacağı idi. Beş, altı, ya on ildən sonra yenə qayıdacaqdı. Dərd orası idi ki, nə vaxt qayıdacağını da bilmirdim..

Günün bütün mövzuları

XS
SM
MD
LG