Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:09
Gədəbəy rayon sakini Səyyaf Musayev rayonda təzyiqlərlə üzləşdiyini bildirir. O, deyir ki, hər şey keçən il Gədəbəydə etiraz aksiyası keçirmək üçün rayon icra hakimiyyətinə müraciət etməsindən sonra başlayıb:

«Mənə deyirlər ki, rayon mərkəzində görünməyim, yolda gedəndə yanımda iki nəfər olmamalıdır, çayxanalarda danışmamalıyam. Yeni təyin olunmuş icra başçısı Ramiz Yediyarov məni çağırıb keçən ilki müraciətimi göstərdi, ağlımı başıma yığmağı tapşırdı. Mənə deyirlər dilini dinc qoy. Bu qədər haqsızlıq görürəm, necə susum?».

Səyyaf Musayev deyir ki, müxalif fikirli olduğu, hüquqlarını tələb etdiyi üçün ona təzyiqlər göstərilir:

«Bir neçə ay əvvəl mənə demişdilər ki, susmasan, oğlunu tutacağıq. İki ay əvvəl oğlumu xuliqanlıqda ittiham etdilər».

İCRA HAKİMİYYƏTİNİN ŞÖBƏ MÜDİRİ: «O ADAM ÖZÜNÜ APARA BİLMİR»

Gədəbəy rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Paşa Musayev isə AzadlıqRadiosuna bildirib ki, Səyyaf Musayevin dedikləri böhtandır:

«O adam cəmiyyət arasında özünü apara bilmir. Nə deyirsə, yalandır. Oğlu da xuliqanlıq etdiyi üçün xuliqanlıqda ittiham olunur. Rayonun icra başçısı aprelin 19-da təyin olunub, hazırda icra başçısı rayonun problemləri ilə məşğuldur. Burda heç kim ona təzyiq göstərmir».

Səyyaf Musayev 2010-cu ilin oktyabrında Gədəbəydə qızıl emalı zavodunun qarşısında keçirilmiş aksiyanın fəallarından olub. Həmin vaxt 60-a yaxın rayon sakini «Bizi rüşvətsiz işə qəbul edin!» şüarı ilə zavodda işə götürülməmələrinə etiraz olaraq aksiya keçirmişdi. Elə həmin il Bakıdakı «8-ci kilometr bazarı»nda 20 kisə kartof satmaq istəyəndə onu bazara buraxmamışdılar. İşsiz olan Səyyaf Musayev deyir ki, dəfələrlə özünün və işsiz olan ailə üzvlərinin işə qəbulu üçün Gədəbəy rayon rəhbərliyinə müraciət etsə də, hər dəfə ona ancaq quru vəd veriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG