Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18
Bakı sakini Cabir Cəfərov AzadlıqRadiosunun «Qaynar xətt»inə Babək prospekti yaxınlığında yerləşən və 24 ildir ki, əvvəl faktiki istifadəsində, sonradan isə rəsmi icarəsində olan torpaq sahəsinin əlindən çıxmasından şikayətlənib. Deyir, 8 il əvvəl torpaq sahəsində bostan işləri üçün Keşlə bələdiyyəsi ilə müqavilə bağlayıb. Ancaq ərazi elə bərbad vəziyyətdə olub ki, icarə müddətində elə ancaq abadlaşdırma işləri ilə məşğul ola bilib. İndi icarənin müddəti bitib. İcarə müqaviləsinin müddətini uzatmaq üçün yenidən Keşlə bələdiyyəsinə müraciət edəndə, onunla icarə müqaviləsi bağlamağa razılıq verilməyib. Deyiblər ki, ərazi Dövlət Neft Şirkətinindir və artıq icarəyə verilməsi qadağan edilib.

Cabir Cəfərov: «Keşlə bələdiyyəsinə müraciət edəndə dedilər ki, Dövlət Neft Şirkətindən tapşırıq var - həmin ərazidəki sahələrə heç kəslə müqavilə bağlamayaq. Mən Dövlət Neft Şirkətinə, ora-bura yazdım-pozdum ki, həmin ərazinin abadlaşdırılması üçün ordan min maşından çox daş kəsək daşımışam, bir o qədər də torpaq tökmüşəm. Uzun illər qarnımdan, əynimdən kəsib oranı abadlaşdırmışam, çünki bələdiyyədən o vaxt mənə söz vermişdilər ki, icarə müddəti bitəndən sonra oranı sənin adına rəsmiləşdirəcəyik. Hər il 320 manat vergi ödəmişəm. İndi isə deyirlər ki, bura sənin deyil. 3 il əvvəl orda iki otaq tikdim ki, uşaqlarımı yığım içərisinə. Gəlib sökdülər ki, olmaz. Halbuki neft şirkətinin boruları mənim tikdiyim evdən 35 metr aralıdadır».

Cabir Cəfərov deyir ki, ona ərazinin neft torpaqları olduğu bildirilsə də, yaxınlıqdakı neft borularının üstünü torpaqlayıb hasar çəkirlər:

«Mənim tikdiyim evlə həmin boruların arasındakı tikintilərə dəyib dolaşan yoxdur. Sökülürsə, qoy, hamısı sökülsün. İndiyə qədər ora çəkdiyim xərclər kompensasiya kimi mənə ödənilsin. Hazırda elə Dövlət Neft Şirkəti özü həmin boruların üstünü torpaqlayıb orda obyekt tikir».

KOMPENSASİYANI BƏLƏDİYYƏDƏN TƏLƏB ETMƏLİDİR

Dövlət Neft Şirkətinin hüquq idarəsinin şöbə rəisi Şahin İsmayılov məsələyə belə münasibət bildirdi:

«Cabir Cəfərovun qeyd etdiyi ərazi həqiqətən də Dövlət Neft Şirkətinin ərazisidir, ordan iri kəmərlər də keçir. Cabir Cəfərov orda tikinti apararkən dəfələrlə ona bu barədə xəbərdarlıq edilib. Vaxtilə bələdiyyələr vəzifələrindən kənara çıxaraq on minlərlə sakinə neft torpaqlarında ev tikmək üçün torpaq sahəsi ayırıblar. Son illər Dövlət Neft Şirkəti məhkəmələr yolu ilə bu torpaqları geri alır. Cabir Cəfərov kompensasiyanı bələdiyyədən tələb etməlidir, buna görə bələdiyyəyə qarşı məhkəmədə iddia qaldıra bilər. O ki qaldı borular olan ərazilərdə hazırda tikinti işlərinin aparılmasına, bunlar sənaye təyinatlı tikililərdir. Yaşayış yaxud idarə üçün nəzərdə tutulmayıb».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG