Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:05
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

əvvəli

18 yanvar, cümə. 1985-ci il

Bu gün səhər telefon zənginə oyandım, ancaq sonra yenə yuxuya daldım, çünki gecədən xeyli keçmişədək Bondarevin “Горячий снег” (“Qaynar qar”) əsərini oxumuşdum. Teatra da gec çatdım – düz saat 10-da.

Oğuzla idarəyə getdik. Pulları orada verirlər. İndi baxım- görüm, nə qədər almışam -- əşşi, bu, elə də önəmli deyil...

Teatra qayıtdım və saat 14-dək boş-boş işlərlə başımı qatdım. Aşağı – 2-ci Minənin yanına endim.

O, mənə M.F.Axundovun bütün pyeslərini və özəl “Türk Sanaye Tiyatrosu”nun saat 18.00-da başlayacaq “Şahnaz” tamaşasına bilet verdi. Bir az gap elədik: hansı dildə danışıb-oxumağımız və s. onların hamısını maraqlandırır.

Hamı elə bilir ki, hər şey rus dilindədir və Azərbaycan türkcəsində tamaşa qoyduğumuzu öyrənərkən, çox təəccüblənirlər.

Saat 14-də 3-cü pərdənin məşqini başlatdım. Əsəbləşirdim, çalışarkən eyni səviyyəni saxlaya bilmir, məşqlərə texniki “prova” kimi yanaşırlar. İlk tamaşaya bir həftə qalıb, amma yenə suflyora ehtiyac duyurlar!!. Necə olacaq? Nə ölçü götürmək gərəkir? Bilmirəm, bəxtə bel bağlayıram.
Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

“Prova”dan sonra aktrisa Ayşən Dəmirsoy (Ayşen Temirsoy) və bir nəfər – hansısa xəbər agentliyin nümayəndəsi mənə yanaşdılar (Ayşəni “Keşanlı Ali Destanı”nda madam Olqa və “Kanlı Nigar”da Nigarın qızı rollarında görmüşdüm). Aktrisanın gözü yaşarmışdı – dediyinə görə, eşitdiyi musiqi onu kövrəltmişdi. Söhbət etdik. Agentlikdən gələn adam Ayşən haqqında fikrimi soruşdu. Mən sözümü dedim və o, mətbuat üçün şəklimi çəkdi. Sabah soruşum-görüm, buna ixtiyarım çatırdımı, çünki hər şey elə anidən baş verdi ki, heç cür sürüşüb aradan çıxa bilmədim...

Uşaqlarla kantində oturdum, ardından V.V. ilə əvvəlki otelə getdim. Orada videoya baxdıq. Sonra Səlcuq mənə şeir oxuyan və adı Seyfəddin olan (bax bu Seyfəddin məni gora aparacaq) bir şair-filoloqu yanıma gətirdi. Oxuduğu şeirlərdən biri “Zirvə və mən” (öz türkcəsi – “Ağrı dağı”) adlanırdı. Məndən ona Firudin Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi”ni və sorağı onlara da çatan “Köç” romanını (Mövlud Süleymanlının əsəri nəzərdə tutulur – Z.M.) göndərməyimi xahiş etdi. Mən yadımda qaldığı qədər Ramizin (Ramiz Rövşən nəzərdə tutulur – Z.M.) “Ağrı”sını söyləyəndə kövrəldilər. V.V. dodağını gəmirir, ora-bura var-gəl edirdi. “Akman”a döndük. Elə təzəcə otağıma girmişdim ki, V.V. içəri şığıdı və əlində tutduğu “Tan”, “Hürriyet”, “Kelebek” qəzetlərini yelləyə-yelləyə -- “Məni oyuna salmaq istəyirlər!” – dedi (Xaricdə otel odalarına qəzet qoymaq adi haldır – Z.M.). Mən bu məsələni aydınlaşdıracağımı vəd etdim...

19 yanvar, şənbə. 1985-ci il

... Demək, bu gün Vətən hüdudlarından kənarda, tünlük bir türk şəhəri Ankarada olmağımın düz 1 ayı tamam olur... Öncə bu gün olub-bitənləri yazım, sonra bütövlükdə günü toparlarıq.

Səhər səhnədə fonoqram altında məşq oldu. Cahid və Haləylə uzun süründürmələrdən sonra bu lənətəgəlmiş 4-cü pərdəni təmizləməyə vaxtım qalmadı. Elə bir-iki dəfə final rəqsini oynadıb-baxmağa (o da solistlərsiz...) macal tapmışdım ki, fəhlələr səhnəyə dırmaşıb “Esmeralda”nın dekorlarını quraşdırmağa başladılar.

Məşqdən sonra Oğuzu da götürüb Hüsaməddinin yanına düşdüm və ondan 15 bilet istədim. O, əvvəlcə dirəndi -- yeri gəlmişkən, bu, mənim çox xoşuma gəldi, çünki biletləri tikələrə ayırıb (?), “Riqoletto”ya biletlə bir yerdə verirlər. Amma-ancaq və lakin 16 bilet verdi... Ardından Əhədlə mən həyasızcasına V.V.-ni başdan eləyib lokantada ağzımıza bir şeylər atdıq, sonra elə həmin V.V.-yə hədiyyə seçib-almaq istədik, amma almayıb, uzun-uzun, yam-yaş qarın üstündə dayanaraq... söhbətləşdik.

V.V.-nin qulağına söz çatıb ki, bəs, mənə tamaşa təklif edirlər və fotoşəklimin də çəkildiyini bildiyindən bunu yaman üəyinə salıb.

O qədər yaman ki, mən də ruhdan düşdüm və günün qalan hissəsini eyni ovqat içərisində keçirdim. V.V. bunun əvəzini çıxacağını vəd etdikdə, mən də başıma gələcəkləri alınyazısı kimi gözləyirəm (bəyəm başqa cür olar?). V.V. kimilər bu məsələni istədikləri şəkildə çatdıra bilərlərsə, hədə-qorxunun nəyi xoş və nəyi yaxşı ola bilər ki?!.

Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Bədən tərbiyəsi və idman təşkilatına gedib məsələni orada açıqlamaq istəyirəm. Bir də gördün, dərdimi anlada bildim... Nə isə...

Otelə döndüm, dincimi aldım, çay içdim və hərif kimi, pay-piyada, “Ankara Sanat Tiyatrosu”nu axtarmağa yollandım. Axtarış qısa sürdü: Opera Teatrından yuxarı, “keçilər”ə çatmadan (abidədir, daha doğrusu, bir sürü keçinin heykəli) sola -- körpünün altına dönürsən. Teatrın qarşısında Rüştü gözləyirdi və məni balaca bir otağa apardı. Özəl teatrın bütün inzibati hissəsi bu otağa sığışdırılmışdı. Gördüklərim özəllər arasında yeganə ciddi təsir bağışlayan inzibatçılar da onlar idi. Dar dəhliz (rusların böyük “Q” hərfinə -- “Г”-yə bənzər), lap ensiz, həm də kitab satılan vestibül diqqət çəkir və elə də çox olmayan seyrçilər gözə dəyirdi. Adama bir stəkan çay “aşırdıq”. 2-ci Minə 1-ci əriylə yanaşanda, zəng çalındı və biz zala girdik: amfiteatrlı sıralar qövsvari önsəhnəyədək uzanır, nimdaş və məxmər pərdə, tavan və divarlarda cürbəcür işıq cihazları var. Zal 150-200-250 adam tutsa da, tamaşaçılar seyrəkdir, hardasa 100 nəfər ola, ya olmaya.

Pərdə açıldı: səhnə ensizdir, dərinliyi 3-4 metrə çatır, hər iki tərəfdə 2-ci mərtəbəsi və geniş oyuqları var. Bom-boş səhnənin sağında və solunda möhkəm dekorlar – pərdəli qapılar (pərdə də möhkəmdir) diqqət çəkir. Onların üstündə -- sol tərəfdə bir “rəsm əsəri” -- qədim qravür asılıb: musiqiçilər dövə vurublar. Sağ tərəfdəki rəsmdə də rubenssayağı çalğıçı 4 çılpaq qadın təsvir olunub. 2-ci mərtəbənin arxa dekorunda bir hərbi gəminin təsviri var. Eyvanın altında balaca orkestr – klarnet, kanon, pianino, skripka və trambon çalanlar görünür. Vəssalam-şüttamam.

Süjetin qısa məzmunu: 1914-cü ilin İstanbulu. Savaş qapını döyür. Əxlaq keşikçisi olan polis məntəqəsinin rəisi öz qızını tabeçilində olan öz məmuruna ərə vermək istəyir. Suprik adlı erməni madam həmin məhəllədə məlum peşəyə baş qoşan qızlardan ibarət pansion saxlayır və gecənin qaranlığında buraya gənc türk kişiləri gəlir. Hələ qadın görməyən xəyalpərvər o məmur, dostunun məsləhətiylə, təcrübə qazanmaq üçün pansiona gəlir. Madam ona öz “ulduzunu” – Şahnazı təklif edir (elə pyes və tamaşa da “Şahnaz” adlanır ). Yesyekə çarpayıda çəkingən çabalardan sonra rəis gəlib çıxır. Şahnaz iz azdırıb deyir ki, onlar alman dilini öyrənirlər. Rəis qızların hamısını və müştəriləri polis məntəqəsinə aparır. Bu zaman xəbər gəlir ki, İstanbula alman hərb gəmisi yan aldığından dənizçiləri dostca qarşılamaq lazımdır. Rəis qızları geri göndərir, amma-ancaq və lakin... Şahnaz məmur oğlana vurulur...

... Alman dənizçiləri görüşdən razı qalırlar. Rəis buna görə medal alır və pozğun qızlar üçün əxlaq məktəbi açaraq, gələcək kürəkənini oraya müdir təyin edir. Dərslər sürərkən birdən xəbər gəlir ki, İstanbul limanına Avstriya kreyseri yan alır. Rəis qızlardan xahiş edir ki, qonaqlar İstanbulda olduğu müddətdə yenə öz peşələrinə qayıtsınlar, ancaq onlar rəisin hədə-qorxu və təqiblərini yada salaraq, buna razılaşmırlar. Bişim-pişimlərin ardından qızlar razılıq üçün bir şərt irəli sürürlər: Rəis pansionda kef məclisinə qatılmalı və onlarla əylənməlidir. Buna nail olan qızlar kələk işlədərək, rəisin orada olduğunu daha üst vəzifədə çalışanlara çuğullayırlar. Və... təzə-təzə qızışan və oynayıb-əylənən yarıcılpaq rəisi Böyük Rəis “iş” üstündə haqlayır və daha sonra qulağından tutub aparır. Beləcə, suç (?) cəzasını tapır.

Pyesin müəllifi Turqut Özakmandır (Turgut Özakman), bəli-bəli – Türkiyə Dövlət Teatrları İdarəsinin baş direktorunun özüdür!.. Pyes (və tamaşa), nə deyirsiniz-deyin, yenə Zeynal Məmmədli

Zeynal Məmmədli

brextsayağıdır – təqdimçi var – Baron Refik. Acı və məzəli atmacalar, rəqslər bir-birini əvəzləyir, dekor çıxarılır, dekor gətirilir və s. və i.a.

Tamaşa çox da yaxşı keçmədi, çünki cəmi 4 peşəkar oyunçu qatılmışdı, digərlərinin hamısı – oğlanlar, qızlar, əslində, həvəskar aktyorlar idilər. Bundan başqa, sonra mənə dedilər ki, bu, həmin gün 3-cü dəfə göstərilən tamaşaydı. Normaldır, dərinə varanda yalnız 3 nəfərə yük düşürdü – Rəisə, Madama, bir də Məmura. Mahnıları çox pis oxuyurdular, heç eşidilmirdi... Rejissor bacardığını etmişdi, amma sanki bir işıq və məzəli tovlamalar çatışmırdı.

Tamaşanın ardından fikrimi bildirdim, sonra Rüştü məni öz maşınında otelə apardı və saat 24-dək V.V. ilə vaxt öldürdüm. Türk filminə baxdıq, nərd oynadıq (4:5 hesabıyla uduzdum), ardından, elə onun otağında oturub mırt vurduq. Yeri gəlmişkən, V.V. mənə dedi ki, bu gün Reyqanın eksqumasiyasıdır (“inauqurasiya” demək istəyib). O, daha sonra yenə ortodoksal durumlardan, pal-paltar və qiymətlərdən söz açdı. Otağıma gedib şalvarımı, köynəyimi ütülədim (V.V.-nin ütüsüylə...), düymələrimi tikdim və oturdum yazmağa...

Günü toparlayıram:

- düz 7 (!) gündən sonra ilk tamaşadır, ancaq hələ tamaşanı görməmişəm;

- Ankaraya, o sıradan teatr və truppaya alışmışam;

- "feto”yla bağlı bir yekə yanlışa yol vermişəm (boynuma alıram...);

- bir yoxsul nə qədər arıqlaya bilərsə, düz o qədər arıqlamışam;

- günah da olsa, ev üçün darıxmamışam;

- narahat olmağa və əsəbləşməyə başlayıram...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG