Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:16

Leyla Muradzadə "Oyuncaq" (20-liyə düşməyən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Leyla Muradzadə


OYUNCAQ

Ay Süsən, bir bax gör o uşaq orda neyləyir?

- Öməri deyirsən?

- Hə, pəncərənin yanında oturanı səsi çıxmır. Sən allah, başıma xeyir olar, atası
gedəndə bərk-bərk tapşırıb onu.

- Yox, salamatdı. Eləcə aynadan çölə baxır. Ay bala, niyə gedib şəlalədə Bəxtiyargillə oynamırsan?

- Mən oyuncağımı istəyirəm.

- Kim alıb ki, oyuncağını?

- O, o aldı. Aldı xala, aldı apardı.

- Ağlama, balamsan, alaram sənə başqasını.

- Yoxx! Get!

- Bu uşağa nə oldu axı belə?- deyə təəccübləndi.

- Ehh, o elə əvvəldən qəribə uşaq olub. Anadan olanda həkimlər nə qədər şapalaq vurdularsa, ağlamadı ki, ağlamadı. Elə bil neçə vaxtdı yatmış imiş, indi oyanıb həyatına davam edir.

- Allah, sən saxla!

- Rəhmətlik anası hələ bətnindəykən, üç aylığından onunla söhbət edirdi. Sanki dünyanı əvvəldən təsvir etmişdi artıq, ona görə də gəldiyi aləm yeni gəlmədi ona. Sevil yuxularını çəkmişdi körpənin.

- Sən allah yaxşı! O da hamı kimi uşaqdır da, böyütmə.

- Yox , Süsən. O uşaqda nə isə var. Ehh, gedim görüm məni dindirirmi barı?
“Ömər ...” (qapını döyür), “Ay Ömər. Aç görüm qapını, gözümün işığı, aç. Sən ki Qumru bibinlə dostsan?” – dedi və ayaq səsləri eşitdi.

Qapının altından bir kağız parçası çıxdı. Üzərində kələ-kötür bir xətlə “Gələ bilərsiz” sözləri yazılmışdı. (Ömər yazmağı öyrənəndən həmişə belə edirdi). Bibisi gülümsəyib otağa girdi. Ömər sadə karandaşla dəftərdə nə isə çəkirdi. Qumru bibi soruşdu:

- Bala, sən niyə işlənmiş dəftərdə şəkil çəkirsən? Təmizini götürsənə?

- Yox, mən ağ vərəqdən başlamayacam! Sən bilməzsən!

- Eeh, sən də çoxlarının səhvini təkrarlayırsan, amma nə isə... Yaxşı, de görüm oyuncağını kim aldı?

- Mən yeni qaragöz dostumla həyətdə oynayırdım. Gizlən-qaç, qaçdı-tutdu, gözübağlı... He-he, həmişə də mən udurdum, çünki qaragöz qaça bilmirdi.

- Dayan görüm, qaragöz kimdi?

- Dee, pandanı deyirəm də. Belə ağlı-qaralı. Heç görməmisən?

- Ay bala, Bakıda panda nə gəzir? Adı qırmızı kitaba düşmüş heyvandı!

- Eeeh, ay bibi, sən yenə də heç nə bilmədin!

- Off, yaxşı, sonra nə oldu?

- Bəxtiyargil də Murtuz əminin dükanının qabağında futbol oynayırdılar. Sonra Murtuz əmi onları qovdu... Onlar mənim qaragözümü apardılar.

- Bir dəqiqə, bir-bir danış. Murtuz əmi onları qovdu, sonra?

- Sonra başladılar mənə gülməyə. “Ömər dəlidi” dedilər – özü-özüylə danışır. Daha bilmədilər ki, mən öz oyuncaq dostumla danışırdım. Mən neyləyim ki, onlar onu görmürlər? Onların üzündən pandam küsüb getdi. İndi daha gəlməyəcək (hönkürtüylə ağlayır).

Qumru bibi Ömərin başını tumarlayaraq dedi:

- Gələcək, balamsan, mütləq gələcək. Sən də bizdən küsəndə Əhəd dayının qarajında gizlənirdin, biz də bütün günü səni axtarırdıq. İndi sən də axtar, gör haradadı?

- Doğru deyirsən?

- Əlbəttə!

- Mənə axtarmaqda kömək edərsən?

- Bax bu işdə mən artıq sənə yardımçı ola bilmərəm. Bircə onu bilirəm ki, o elə də uzağa gedə bilməzdi.

Ömər bir neçə gün kefsiz dolandı. Heç kəslə danışmır, gülmürdü. Məktəbdən çıxıb yaxınlıqdakı parka getdi. Yeni çiçək açmış yasəmən ağacının bihuşedici ətri ətrafa yayılmışdı. Əsən meh bu qoxunu daha da gücləndirir, sanki yoldan ötənləri çağırırdı.

Ömər qaçaraq sevimli ağacına yaxınlaşıb bir budaq qopardı. Beş ləçəkli çiçəkləri tapıb yeməyə başladı. Yasəmənin yanındakı skamyada əyləşmiş, əynində köhnə palto, üzü saqqal basmış yaşlı bir kişinin ona yavaşca güldüyünü eşitdi. Yavaş-yavaş yaxınlaşıb onun yanında əyləşdi. Başını aşağı salaraq dedi:

- Beş ləçəkli yasəməni yeyəndə, arzun yerinə yetir - kişi cavab vermədi.

- Bax, onlar gülümsəyirlər!- kişi yenə qulaqardına vurdu.

- Dayı, sən çoxdan buradasan, deyilmi?

- Bir saat olar.

- Yox, onu demirəm. Sən çox yaşamısan yəqin, saqqalın ağarıb.

- Hıh, bala, mən artıq qırx ildir ki, yaşamıram.

- Hmm...O səni də tərk eləyib, hə?

- Əslində, o tərk etmədi. Mən küsdürdüm, uçub getdi.

- Hmm, demək səninki uçanlardan idi. Bəs necə küsdürdün onu?

- Bilirsən, hamı kimi mən də günahkaram. O da bunu bilirdi və yenə də yanımda idi həmişə. Ancaq mən böyük bir səhv etdim. Onu dəyərləndirmədim. Dostlarım mənə gülməsin deyə, onun varlığını inkar etdim. İllər sonra anladım ki, həqiqi dost məhz o idi.

- Onunla barışmağa heç cəhd göstərməmisən?

- Yox, artıq çox gecdi.

- Elə deyirsən? Axı Qumru bibi dedi ki, gələcək, mütləq gələcək?!

- O heç yerə getmir, heç yerdən də gəlmir. O ya var, ya da yoxdu. Nə isə, get evə, gecdir. Narahat olarlar sənin üçün.

- Sağ ol! Amma sən düz demirsən, mən tapacam onu, harada olsa tapacam!

Ömər axtardı. Düz on il axtardı. Və hələ də axtarır.

Tələbəlik həyatının ilk baharını yaşamağa başlayıb Ömər. Dərsdən sonra yoldaşları onu təkidlə kinoya aparmaq istəsələr də, o, tək qalmaq istədi. Küçələri dolaşarkən limon satan çox yaşlı bir nənə ilə qarşılaşdı. Ayaq saxlayıb nənənin bütün limonlarını aldı, pulunun qalığını da almadı. Canına oxunan duaların savabından bixəbər yoluna davam etdi. Bir qədər addımladıqdan sonra ən çox sevdiyi, səssizliyində uşaqlığını dinlədiyi “Şəlalə” parkına getməyi qərara aldı. Təmirdən sonra bura çox dəyişmişdi. Amma ruhunu , doğmalığını itirməmişdi - sanki çoxdan görmədiyin, ancaq sadəcə paltarını dəyişmiş əziz bir adam kimi.

Yeni əkilmiş çiçəklər Ömərin diqqətini çəkdilər. Gözəlliklərində nə isə gizlənirdi, çox cəlbedici idilər. Qəfildən qulağına qaragöz dostunun səsi gəldi – diqqətlə bax, o hər yerdədir - dedi. Və gözlənilmədən qar yağmağa başladı. Ömər gözlərinə inanmadı. Günəşli havada qarın yağması doğrudan da bir möcüzə idi! Göydən yerə sanki nur dənələri yağırdı. Bu cür görüntünün şahidi olduğu üçün Ömərin qəlbində Allaha sonsuz təşəkkür hissləri oyandı. Heç vaxt bu qədər xoşbəxt olmamışdı. Ömər “mən tapdım onu - o, gözəl olan hər şeydə və hər yerdədir”- deyə düşündü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG