Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

Mətanət Vahidovanın 20-liyə düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Mətanət Vahidova


TAPŞIRIQ

Kabinetin qarşısındakı dəhlizin divarlarına vurulmuş qəzet məqalələrini, kim bilir, artıq neçənci dəfədir ki, oxuyurdu; çoxusu siqaret çəkməyin zərərləri, ağciyəri necə sıradan çıxardığı, müxtəlif xəstəliklər törətməsi haqqında idi.

İllərdir ki, dəyişdirilməyən bu məqalələri vaxtı öldürmək üçün təkrar-təkrar oxuduğundan əzbər bilirdi artıq.

Bu kabinetin qarşısında saatlarla gözləməli olduğu ilk dəfə deyildi ki. Hər dəfə də elə buradaca deyə-gülə siqaretin tüstüsünü bir-birinin üzünə püləyən tələbələri, müəllimləri görəndə təəccübdən gözləri bərəlirdi.

İlk dəfə bu yazıları oxuyanda qeyri-ixtiyari bir hadisəni xatırlayıb gülümsünmüşdü:

Boğazı şişdiyindən həkimin qəbuluna düşmüşdü. Həkim “Əşi, boğaz ağrısının dərmanı tut arağıdır” – demişdi gülə-gülə. Onda bir az utanıb-sıxılaraq “içən deyiləm” cavabını vermişdi. Həkim: “Həəə, bu, pis oldu” deyib resept yazmağa “məcbur olmuşdu”. Kabinetdən çıxanda həkim də “nəfəs almaq” üçün onunla birgə dəhlizə çıxmışdı.

Əlini cibinə atıb siqaret qutusunun boş olduğunu görəndə təəssüflə başını bulamışdı: “Tfu, bu boşdu ki. Qardaşoğlu, siqaretindən birini ver görüm.” Bu dəfə də sıxıla-sıxıla “çəkən deyiləm” deyəndə əhlikef həkim əlini çiyninə vurub gülmüşdü: “A kişi, cavan oğlansan, içmirsən, çəkmirsən – daha niyə yaşayırsan?” Bir az pərt olsa da, həkimin sərbəst, zarafatcıl olması pərtliyinin tez də ötüb keçməsinə səbəb olmuşdu.

Gülümsəyərək həkimə: “Axı siz özünüz deyirsiz ki, siqaret çəkmək ziyandır”, - demişdi. Həkim yenə eyni şuxluqla cavab vermişdi: “Əzizim, necə deyərlər, siz imamın dediyinə əməl edin, onun əməllərinə fikir verməsəniz də olar.” Bu sözə xeyli gülmüşdülər. İndi bu dəhlizdə həmin hadisəni xatırlayanda içkinin, siqaretin, heç olmasa, dadına baxmadığına təəssüfləndi bir az. Saatına baxdı – düz 1 saat 20 dəqiqə idi ki gözləyirdi, dəhlizdə o yan-bu yana getməkdən ayaqları ağrıyırdı. Nə qədər olsa, gözləməyə razı idi, təki bu dəfə də əliboş qayıtmasın. Dünən katibə direktorun məşğul olduğunu deyəndən sonra iki saatdan çox gözləmişdi, sonra da direktor gözünün qabağındaca kabinetdən çıxıb getmişdi.

Direktordan bir söz soruşmağa cürət etməsə də, qapıdan başını göstərib katibəsindən “Bağışlayın, üzr istəyirəm, yenə narahat edirəm: bəs direktor hara getdi?” – deyə soruşmuşdu. Katibə heç üzünü çevirmədən “nahara” demişdi. Bəlkə də, üzünü çevirmiş olsaydı, bu qədər zəhmli cavab verməsəydi, o da cürət edib soruşardı ki, bəs mənim gözlədiyimi ona demədiniz? Amma indi bunu artıq hesab etdi, katibəni əsəbiləşdirmək istəmədi. Yenə dəhlizdə var-gəl elədi. Sonra ağlına gəldi ki, o da gedib nahar etsin, səhərdən heç nə yeməyib. İnstitutun bufetinə düşdü, hər şey vardı: qreçka, kotlet, makaron, dovğa... İsti xörəklərin ətri ləzzət elədi ona. İstədi yemək alsın, cibindəki pulunun hesabı yadına düşəndə fikrindən daşındı.

Bir fincan çayla bulka alıb stollardan birinin arxasına keçdi. Yeməyə cəmi 5 dəqiqə vaxtı getmişdi, direktorun naharı ən azı 1 saat çəkərdi. Küçəyə çıxıb gəzindi, yaman soyuq idi. Dermantin tufliləri ayaqlarını dondurduqca keçib gedənlərin çəkmələrinə baxır, özünü danlayırdı. Qışın əvvəlində söz vermişdi ki, bu il mütləq təbii dəridən olan çəkmə alacaq özünə – çatdırıb ala bilmədi. Bircə anasının bu xəstəliyi tez sağalsaydı. Soyuğa dözə bilməyib yenə instituta qayıtdı, Gözlədi... yarım saat... 1 saat... Artıq saat 4-ə işləyirdi. Özünü toplayıb katibə xanımı bir də narahat etmək qərarına gəldi. “Bağışlayın, xanım, direktorun naharı saat neçədə bitir?” Cavabı eşidəndə isə az qaldı hirsindən ağlasın: “Direktor nahardan sonra bölmə iclasına gedəcək. Ola bilər, gec qayıtsın. Bəlkə də, heç qayıtmaz.” İstədi hirslənib katibə xanımı da, direktoru da söysün – heç olmasa, ürəyində, amma bacarmadı.

Gecə növbəti məqaləsi üzərində çalışırdı. Yanvarın sonları olsa da, paytaxta bu qış ilk qar yağırdı. Qarın yağmasına uşaqlıqdakı kimi sevinmək istəyirdi, sevinə bilmirdi nədənsə. Anasının yun jaketini çiyninə salıb yazsa da, üşüyürdü, canını isitmək üçün tez-tez qaynar çay içirdi. Növbəti dəfə çay üçün mətbəxə keçəndə həyətdən səs eşitdi – pərdəni qaldırıb baxdı: dörd gənc möhkəm səslə oxuya-oxuya gedirdilər: “Dağların başı qışda qar olar...” Gecə saat 1-in yarısı olması, qarın yağması, soyuq-filan veclərinə deyildi. Elə ürəkdən, sevincək oxuyurdular ki, onların yerində olmaq istədi. “Kaş onlar kimi əhlikef olaydım”, - deyə düşündü. Sonra oğlanlardan biri qarşıdakı “Şuşa” kafesini görüncə kafeninmi, ya şəhərinmi şərəfinə eyni şövqlə başqa mahnı oxumağa başladı: “Şuşanın dağları başı dumanlı, Qırmızı koftalı, yaşıl tumanlı...” Kədərlə gülümsündü, pərdəni aşağı salıb yazı masasının arxasına qayıtdı. Nə qədər çalışsa da, bayaqdan yazdığı fikirlərin davamını gətirə bilmədi. Nədənsə heç nəyi vecinə almadan oxuyan oğlanlar fikrini daha çox məşğul etdi. Düşündü ki, onların bu hərəkəti böyük cürət istəyir. İstədi özü də onlar kimi sərbəst olsun, amma necə? Bu gün və daha neçə dəfələrlə direktoru saatlarla boş yerə gözlədiyini, katibənin səbəbsiz kobudluğunu xatırladı. Xatırladıqca öz acizliyindən utandı. Birdən-birə “daha mən də cürətli olacam, öz haqqımı tələb etməyi bacaracam” deyə qərar verdi öz-özünə. Məşhur uşaq filmindəki epizodu xatırladı: “Daha mən də Mətanət bacı kimi olacağam, qorxmayacağam!” Gülümsündü. Qorxacaq Bıdı belə cürətli olmağa qərar verə bilirsə, mənə nə olub ki? Gecə gözünə yuxu getmədi. Səhərə kimi bu gün direktorla görüşəndə deyəcəyi sözləri əzbərlədi, ürəyində məşq elədi.

Budur, indi yenə bir saatdan çoxdur ki, gözləyirdi. Lakin artıq qərarlı idi, özünü toplayıb nə olursa-olsun, mütləq direktorla danışacaq, haqqı olanı tələb edəcək. Bir az da vaxt keçdi, özünü toplayıb qapını döydü:

- Bağışlayın, xanım, Qabil müəllim müsaiddir?

Bekarçılıqdan qarşısındakı yarpaq təqvimin yazılarını qaraldan katibə xanım ərincəkliklə ayağa qalxdı, qapını tıqqıldadıb açdı:

- Qabil müəllim, həmin oğlandı ye. Gəlsin?

- Gəlsin də, gəlsin, - içəridən direktorun bezgin səsi eşidildi. Ürəyində zəli kimi ətəyindən yapışıb iş istəyən bu oğlanın yeddi arxa dönənini yağladı. Katibə əda ilə “keçin” deyəndə sanki oğlanın ürəyi birdən qırılıb yerə düşdü. Dünən gecə aldığı qərarı da, özünə verdiyi sözü də bircə anda unutdu. Qapı açıq olsa da, tıqqıldadıb icazə istədi:

- Olar? – səsinin titrədiyini hiss etdi.

- Gəl, cavan oğlan, gəl, niyə olmur, – yaşı 60-ı haqlamış direktorun simasında həmişəki kimi, təbəssüm gəzindi. Ağappaq saçları, stol arxasından görünən iri cüssəsi, görkəmi ilə həmahəng səsi, ahəngi insana qəribə bir əminlik, rahatlıq gətirirdi, - ayaq üstə qalma, gəl əyləş, oğlum, gəl.

- Çox sağ olun, Qabil müəllim, - deyə stulu çəkib oturdu. Direktorun növbətçi təbəssümü onu yenə ovsunlamışdı, bir andaca onun süründürməçiliyinə özlüyündə min cür haqq qazandırıb, qarşılıqlı olaraq səmimiyyətlə gülümsündü.

- Hə, oğul bala, nədir dərdin?

- Bağışlayın, Qabil müəllim, sizi yenə narahat etməyə məcburam. Demişdiniz, arada dəyim sizə, - nə qədər çalışsa da, səsindəki titrəyişi dəf edə bilmirdi. Amma bayaqkı qədər həyəcanlı deyildi, direktorun mehribanlığı onun özünə əminliyini artırırdı.

- Sizi qəbul etmək, söhbət etmək, dərdinizi bilmək biz direktorların borcudur. Bizi elə havadan gətirib bu boyda tədqiqat institutunun rəhbərliyinə qoymayıblar ki. Rəhbər vəzifədə çalışan adam gərək əhli-hal olsun, başa düşürsən? Seyid Əzim necə deyib: “Zahid nə bilsin eşqdə əhvalımı mənim, Hal əhli olsa şəxs, olur hali haldən.” Seyid Əzimi tanıyırsan da yəqin, şeirlərini oxumamış olmazsan.

- Məktəbdə, institutda oxuduğum qədər, - yenə utancaqlıqla dilləndi.

- Həə, siz cavanlar beləsiz də - ancaq öz ixtisasınızı oxuyursuz. Bir şeir bilmirsiz, kitab oxumursuz. Sevgilinizə mesaj yazanda da şeir kitabını qoyursuz qarşınıza köçürürsüz, guya sinədəftərsiz. Bizim vaxtımızda kitab əlimizdən düşməzdi, ixtisasından asılı olmayaraq, hamı bədii ədəbiyyat oxuyurdu, şairləri tanıyırdı. İndikilər deyir ki, şeir əzbərləməkçün deyil, təəssürat almaqçundur. Təəssürat al da, nə olar, amma həm də əzbərlə, yaddaşına həkk elə. - Direktorun ahəstə, rəvan danışığı sehirləmişdi onu. Qabil müəllim isə yorulmadan şövqlə davam edirdi, - Seyid Əzimi mütləq oxu, mütləq tanı onu, o kişi yaman əhli-hal olub, - indi o, direktorun savadına, dünyagörüşünə də məftun olmuşdu. İnstitut rəhbəri, nəhayət ki, əsl mətləb üstünə gəlib soruşdu:

- Hə, a bala, nə istəyirdin sən?

Elə bildi Qabil müəllim, doğrudan da, onun gəlişinin səbəbini unudub, izah etməyə başladı:

- Qabil müəllim, mən bu institutun aspirantı olmuşam, elmi işimi vaxtında bitirmişəm, öz şöbəmizdə işləmək istəyirəm. Bundan əvvəl bir-iki dəfə sizinlə bu barədə danışmışam, demisiniz ki, bir müddət gözlə, vakant yer yoxdur.

- Gözlə də, a bala, nə tələsiklikdir? Cavan oğlansan. O bir olan Allaha and olsun ki, bizdə boş yer yoxdur. Bir də ki, nə görmüsən e, bizim institutda, sənə oğlum kimi məsləhət görürəm – get başqa yerdə özünə iş tap, burda 150 manat maaş alacaqsan, nəyinə lazım?

- Düzünü desəm, mən elmi fəaliyyətlə məşğul olmağı çox istəyirəm, ona görə artıq 7-8 aydır ki, gözləyirəm. Bu yaxında eşitdim ki, bizim şöbədə Nadir müəllim dünyasını dəyişib, dedim, bəlkə... – yenə utandı, sıxıldı.

- Deməli, deyirsən, biri ölməsə, o biri dirilmir, hə, oğul? – məzəmmətlə cavan oğlanın üzünə baxdı.

- Yooxx, deyirəm, yənii... siz özünüz demişdiniz ki, ancaq kimsə vəfat etsə, yer boşalsa, iş yeri ola bilər... – kəkələdi, büzüşdü.

- Ha-ha-ha-ha... – direktor qəribə bir qəhqəhə çəkdi, doyunca güldü, - deməli, mən belə demişəm, hə? Yazıq kişiyə qurd yağı-zad çəkməmisən ki, tez ölsün? – oğlanın tutulduğunu görüb ciddiləşdi, - yaxşı, zarafat edirəm, – araya bir neçə anlıq sükut çökdü, sonra Qabil müəllim ağır-ağır davam etdi, - bilirsən, Nadir müəllimin yerinə başqa adam götürmüşük.

Sanki beyninə güllə çaxıldı:

- Kimi?

- Sarışın oğlandı ye... – adını yadına salırmış kimi, alnını qırışdırdı.

- Mehmanı deyirsiz? – həyəcandan gözlərinin dolduğunu hiss etdi. Bilirdi ki, aspirant yoldaşı Mehman elmi işini bitirə bilməsə də, “diribaş oğlan”dır.

İnstitutun qocaman rəhbəri aram-aram Mehman Əhmədovun savadından, istedadından ağızdolusu danışırdı. O isə istəyirdi desin ki, özünüzü yormayın, Qabil müəllim, aspirant yoldaşımın qəbul olunanda da, minimum imtahanları zamanı da “savadını” görmüşəm, indi də o “savad” düzəldib onu bu işə. Amma demədi, ürəyindəki təlatümləri dilə gətirmədi, gətirə bilmədi.

Kabinetdən çıxanda ümidsiz, dayaqsız, kimsəsiz hiss etdi özünü. Ayıb olmasaydı, hönkürüb ağlayardı çarəsizlikdən. “Kaş ki, qadın olaydım, rahatca ağlaya bilərdim onda. Hansı ağılsız deyib bunu, görəsən, “kişilər ağlmaz”. Kişi adam deyil bəyəm, kişinin ürəyi yoxdur?”

Bütün qrup yoldaşlarının tapşırıqla, pulla işə düzəldiyini bilirdi, təkcə onun nə dayısı, nə pulu vardı. Birdən Allahı xatırlayıb, Onu unutduğu üçün utandı, “ey kimsəsizlər kimsəsi, bu haqsız, ədalətsiz adamı Sənə tapşırıram”, - deyə qarğış eləməkdən başqa bir şey gəlmədi əlindən.

Günlərlə depressiyaya düşüb evdən bayıra çıxmadı, yazı-pozuya əlini də uzatmadı. Dostu bir neçə gün telefon zənglərinə cavab vermədiyini görüb onu yoluxmağa gəlmişdi. Ordan-burdan söhbət etdilər, bu vəziyyətə düşməsinin səbəbini öyrənməyə çalışsa da, heç nə alınmadı. Söhbət əsnasında dostunun birdən yadına düşdü:

- Hə, sizin institutun direktorunu da yuxarı göndərdilər də, xəbərin oldu? - əli ilə yuxarıya işarə etdi, - dünən xəbərlərdə dedilər. Layiqdir, vallah, mən o kişinin əsilliyinə məftunam: danışığı, səsi, üzündən nur tökülür... – dostu uzun-uzadı mələk kimi insan olan nurlu Qabil müəllimi tərifləməkdəydi. O isə cavabında sadəcə qırıq-qırıq pıçıldaya bildi: “Hə, düzdü, axı onu mən tapşırmışdım. Onu Allaha tapşırmışdım.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG