Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:15
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Arif Qasımzadə

YERİN DAYANDIĞI GÜN

Yer kürəsi fırlandığı yerdə qəfil dayanmışdı. Oxumu sınmışdı, yoxsa orbitindənmi çıxmışdı, bəlli deyildi.

Baş vermiş hadisə ateistlərin dediyi “həyat əbədidir, daimidir” tezisinə uyğun gəlmirdi.

Dindarların söylədikləri “qiyamət gününün əlamətlərinə” də bənzəmirdi.

Münəccimlərin əzbərlədiyi boş-boş ulduz falları ilə də uyuşmurdu.

Falçıların, cadugərlərin və öncəgörənlərin düzüb-qoşduqları min cür fırıldaqlarla da üst-üstə düşmürdü.

Siyasətçilərin riyakarcasına tez-tez işlətdikləri “dünyanın sülh, əmin-amanlıq, dinc-yanaşı yaşamaq” söhbətlərindən də çox uzaqdı.

Astronomların sübut etdikləri “göydə qara deşik yaranıb, gec-tez yeri udacaq”la az-çox düz gəlirdi, amma ortada heç bir udma-filan da yox idi.

Bu daha çox sadə, avam camaatın hər il təzələnən “dünya bu il dağılacaq” deyiminə oxşasa da, özünü doğrultmamışdı, yəni ki, dünya dağılmamışdı. Sadəcə olaraq, kiçik bir top hərlənib bir yerdə durduğu kimi, bu nəhənglikdə “şar”da milyonlarca illər fasiləsiz fırlanıb bir nöqtədə dayanıb qalmışdı.

Günəş bir nöqtədə qərar tutub durmuşdu; şüasıyla yerin işıqlandırdığı yarısını yandırıb-yaxırdı. Mərkəzdən qütblərə doğru hərarət durmadan artır, küləklər güclənir, yağışlar ara vermədən gecə-gündüz yağırdı. Buzlaqlar sürətlə əriməyə başlamışdı. Meşə yanğınları hər tərəfi ağuşuna almışdı. Daşqınlardan onsuz da əziyyət çəkən əhali üçün bu, “ölüm hökmü”nə dönmüşdü.

Yer kürəsinin gün tutmayan digər yarısında isə əksinə, tam qaranlıq bərqərar olmuşdu və burda da temperatur get-gedə aşağı düşürdü. Ilk günlər sərin və mülayim hava müşahidə olunsa da, tezliklə qarlı-şaxtalı hava hər yeri bürümüşdü. Gün işığı dəymədiyindən, bütün bitki aləmi, o cümlədən yeyəcək üçün ayrılmış əkin sahələri sürətlə sıradan çıxırdı.

Tezliklə, dünyanın yarısı istilikdən, qalan yarısı isə soyuqdan məhv olmağa başladı. Aclıq, qıtlıq, kütləvi epidemiya əhalini sürətlə qırırdı. Bacaran başını götürüb qaçırdı; onların da çoxusu yollarda həlak oldular. Qaçmayanlar isə ya istidən, ya da soyuqdan yerindəcə tələf olurdu. Üstəlik, zəlzələlər də bir tərəfdən öz heyfini alırmış kimi hücuma keçmişdi. Sönmüş vulkanların da dili açılmışdı: dayanmadan hey püskürürdülər.

Bir sözlə, bəşəriyyət çətin sınaq qarşısında qalmışdı: bu fəlakətdən xilas yolu varmı? Yoxsa, ellikcə gələn bu bəla köhnəlmiş və çürüməkdə olan dünyanı silib, onu yenidənmi cızmağa çalışırdı?

II

Dünyanın aparıcı gücləri, bütün qruplaşmalar, dövlət adamları, din xadimləri, alimlər və bir çox müxtəlif insanlar hamılıqla bütün “umu-küsüləri” kənara atıb yer yaranandan bu yana ilk dəfə toplaşmışdılar. Dünyanı başına almış fəlakət onları bir araya gətirmişdi.

Bütün çıxışlar xilas yolunun tapılmasına yönəldilmişdi. Hamı şüurlu surətdə sağ qalmaq, qurtulmaq, ya da heç olmasa xalqını xilas etmək naminə bütün “siyasi gedişlərini”, “hərbi və iqtisadi hegemonluqlarını” zibil parçası kimi bir kənara tullamışdılar.

Özünü hamıdan ağıllı, təmkinli və səbirli aparan sarısaçlı qadın (böyük bir ölkənin baş naziri) deyirdi:

- Hörmətli cənablar və xanımlar! Bu işdə gecikmək olmaz, qətiyyən ləngiməməliyik! Tezliklə kosmosa çıxmalı və oradan da müəyyən koordinatlara atom bombası atmalıyıq. O zaman bəlkə yerdə bir tərpəniş oldu. Unutmayaq ki, belə açıq şəkildə bomba atışı sonuncu dəfə 1945-ci ildə olmuşdur, görünür tam zamanı çatmışdır...

Paqonlarında üç böyük ulduz alışıb yanan məşhur general (o həmdə bir ölkənin diktatoru idi) söhbətə müdaxilə etdi:

- Səhviniz var, xanım. Hər il dünyada yüzlərlə belə sınaqlar keçirilir, bir də ki, bu, çətin effekt verə, nəsə başqa, daha ağıllı bir şey fikirləşib tapmaq lazımdır.

- Zaman, hər saniyə ziyanımıza işləyir, - məşhur milyarder toplaşanları həmişəki kimi mat qoyaraq dilləndi, – belə getsə, hamımız qırılacağıq.

- Artıq zaman da dayanıb, həyat bitmək üzrə, növbədə bizik cənablar... - başdan-başa ağ libasa bürünmüş kahin özünü saxlaya bilmədi.

- Bəlkə bu, başqa planetlərdən gəlmiş naməlum obyektlərin işidir, hə? Mən hələ üstümüzə gələrək toqquşacaq kometləri, asteroidləri demirəm, həmin dəqiqə məhv olacağıq.

- Məhv olacağıq, tamam qırılacağıq! – başqa birisi deyindi, - bəşəriyyət çoxdan məhv olmalı idi, bu günə düşübsə, hələ çox gecikib. Biz “bitərəf” ölkələr, - o əliylə orada əyləşmiş nümayəndələrini göstərdi, - hər dəfə deyəndə ki, bəsdirin, yığışdırın bu silahları, dünyanı yağlı tikə kimi bölüşdürməkdən əl çəkin! Sərhədlərinizi açın, qoyun bu insanlar azad bir nəfəs alsınlar, gülüb keçirdiniz, alın bu da cavabınız...

- Hələ siz küçələrə axışan milyonlarla insanın sevinclərinin şahidi olmusunuzmu? – kürən rəngli şəxs çımxırdı, - onlar deyirlər ki, belə dünya dağılsın gərək, onsuz da yaşamaq istəmirik, qoy bizimlə bərabər zülm, istibdad, ədalətsizlik də məhv olub getsin...

Ən son məlumatları oradakılara saniyə-saniyə çatdırırdılar. Artıq dünyanın böyük bir hissəsi tamamilə məhv olmuşdu, neft və yanacağa təlabat dəfələrlə artmışdı, istehsal getmədiyinə görə qiymətlər on min dollarla ölçülürdü. Qara dərili, qıvrım saçlı ölkə başçısı üzünü yanında oturmuş başı çalmalı şəxsə tutub sakitcə :

- Neft ehtiyatınız varmı, bu fəlakətdən qurtarana qədər bizə bir köməklik eləyə bilərsinizmi?

- Bizim hələ ki, anbarlarımızda hazır neftimiz var, - həmin adam dilləndi.

- Lap yaxşı, mümkün qədər onları tez səfərbər etmək lazımdır...

- O zaman siz də üst-üstə yığdığınız milyardlarınızı əsirgəməyin...

Toplaşanlar bir neçə saat ərzində həddindən çox danışsalar da, bir növ barışıq əhval-ruhiyyəsində olduqlarını bəyan etsələr də, nəticə yox idi. Ona görə də kor-peşman ümidsizcəsinə susdular. Bayaqdan bəri sakit-sakit qıraqda dayanmış dünyanın ən mötəbər din xadimlərindən biri irəli durub əlindəki əsasını hirslə yellətdi, yerə çırpa-çırpa dedi:

- Ey insanlar, dünya dağılır, hamımız ölüm ayağındayıq, siz hələ də pul davası edirsiz? Burada boş-boş danışmaqla azacıq qalmış vaxtımızı da itirirsiniz. Bizə xilas yolunu sizlər deyil, dünyanın ən böyük insanı göstərəcəkdir. Eşidirsinizmi? Bizi yalnız “müdrik qoca” xilas edə bilər. Qədim əlyazmalarından oxuduğuma görə bu qoca da öz əcdadları kimi bir tənha mağaraya çəkilib, orada yaşamalıdır. Amma, harda? Onu bilmirəm. Baxın, onu tapmaq lazımdır. Başa düşürsünüzmü?.. İçinizdə beləsini tanıyanınız varmı?..

Yenidən söz-söhbət qızışdı, qızğın müzakirələr getdi, amma bu naməlum adamdan xəbər verən tapılmadı. Axır ki, bir zəncini tapıb gətirdilər; o da qabağa çıxıb öz dilində nəsə dedi. Onun dediklərini tərcümə elədilər, məlum oldu ki, o həmən qocanı öz gözləriylə görüb. Hamının sevincdən gözləri yaşardı; yaşamağa olan ümidlər hələ ölməmişdi, köz hələ sönməyibsə, demək tonqal alovlana bilər.

- Axı, onu necə görmüsən? – hamısı onun üstünə düşdü, - onunla görüşmək hələ heç kəsə nəsib olmayıb.

- Ömrüm dağlarda çobanlıq etməklə keçib. Bir dəfə çovğuna düşdüm və yolumu azıb ümidsizcəsinə bu vəhşi qayaların arasında ölümümü gözləyərkən bu qoca məni xilas etdi, üç gün yanında saxladı, sonra da doğru yolu mənə göstərdi...

Mağaranın yerini doğru-dürüst öyrənib oraya nümayəndələr göndərdilər; xoşbəxtlikdən onlara yaxın bir ərazidə yerləşirdi. Qocanı buraya gətirtdirmək üçün bərk-bərk tapşırdılar ki, onu hökmən razı salsınlar, bütün insanların taleyi yalnız onun əlindədir...

III

Bir neçə saatdan sonra nəhayət ki, müdrik qoca gəlib çıxdı; vəziyyətinin ağır olmasına baxmayaraq gələnlərə qoşulmuşdu. Zəif və taqətsiz olduğundan köməkçiləri qoluna girmişdi. Qocanın çox uzun olan saç-saqqalı qar kimi ağappaqdı. Alnı qırış-qırış olsa da, üzünün nuraniliyini qoruyub saxlamışdı. Rəngi məxsusi bir rəngiydi ki, dünyada beləsi çətin tapıla. Nə qaraydı, nə ağ, sarımtıl və ya boz da deyildi. Onun simasında dünyanın bütün rənglərinin ortaq çalarına rast gəlmək mümkünüydü. Salonun yuxarı başında qocaya yer ayırmışdılar və o, böyük məmnuniyyətlə orada əyləşdi. Hamı sakitləşdi, gözlər ona zillənmişdi, qulaqlar şəklənib qocanın nə deyəcəyini elə havadaca qapmaq üçün “hazırlıq” vəziyyətini almışdılar.

Müdrik qoca hamını bir-bir mənalı baxışlarla süzdü, yüngülvari öskürüb, boğazını arıtlayaraq dedi:

- Hə, övladlarım, sizinlə görüşməyim, görünür, bu günə qismətmiş...Yüz əlli yaşım var, hələ də gözlərim görür, ağlım kəsir, yaddaşım da ki öz yerində. Geridə qalan bu illər ərzində saysız-hesabsız irili-xırdalı hərbi toqquşmalar və iki nəhəng dünya müharibəsi görmüşəm. Insanın nə qədər böyük olduğunu görmüşəm, eyni zamanda da nə qədər gözü doymaz, talançı, irticaçılığının şahidi olmuşam. Bir tərəfdə kiçik çörək parçasına möhtac olan milyonlarla ac-yalavaclar, digər tərəfdə isə bu çoxluğun qanını sorub, bütün nemətlərini min bir fırıldaqla əlindən alan canavarlar sürüsü...

Hamı sakit oturmuşdu və diqqətlə qulaq asırdı. Qoca davam etdi:

- Indi məndən xilas yolu gözləyirsiz. Amma özünüz-özünüzə sual verdinizmi ki, axı bu niyə belə oldu? Inanmıram ki, belə bir şeyi düşünəsiniz. Xülasə, yer-təbiət təbiiliyi sevir, orijinallığı sevir, hər cür geydirmə, yamaq, nə bilim müxtəlif müdaxilələri qətiyyən yaxınına buraxmaz. Sizlər, - əliylə orada əyləşmiş dünyanın qaymaqlarını göstərdi, - o qədər ana təbiətin işinə qarışdız, onu yolundan döndərməyə çalışdiz, axırda da yer-dünya öz etirazını sizə bu yolla bildirdi, dayanıb durdu. Məsələn, siz - üzünü orada oturmuş məhşur alimlərə tutdu, - bu qədər dünya malı azlıq edirmiş kimi, özünüzdən yeni-yeni məxluqatlar yaratmaq fikrinə düşmüşdüz, heç fikirləşmişdiniz ki, laboratoriyada yaratdığınız insan-heyvan qarışıqları dünyanın başına hansı oyunu açmağa qabildirlər? Bəli, məhz belədir, sizin elədiyiniz çoxsaylı təsirlərin nəticəsində bizim yeganə, nəhəng şarımız öz cavabını verdi. Məhz adekvat cavab, bunun başqa adı yoxdu. Çox güman ki, anamız təbiət öz əvvəlki sakit, həlim iş rejiminə qayıtmaq istəyir və qayıdacaq da. Bunu etmək üçün əlində hər bir imkan da vardır, sizdən heç nə də soruşub eləməyəcəkdir. Siz insanların bu vaxta kimi elədiklərini də məhv edəcəkdir...
Həyəcan orada oturanları dəniz dalğası kimi vurub keçdi. Qışqırıqlar başladı:

- Nə danışırsan, qoca, biz məhv olmaq istəmirik!

- Göz görə-görə ölmək, bu ki dəhşətdir.

- Tez ol bizə xilas yolunu göstər!

- Eh babacıq, nə edirsən et, bir az tələs, - qara dərili, qıvrım saçlı başçı dedi, - orada mənim xalqım qırılır...

- Mənim xalqım, mənim xalqım... - qoca donquldandı, - bəs yerdə qalanlar sənin xalqın deyilmi? Bəs uğrunda canını fəda eləmək üçün yalançı görüntüsünü yaratmağa çalışdığın bu bəşəriyyət sənin deyilmi?..

Kimsənin dillənmədiyini görüb qoca söhbətinə başladı:

- Sizə bir şərtlə köməklik edə biləcəyəm, bu, şərt də deyil, ən minimal tələbdir ki, buna sözsüz əməl etməlisiz, yoxsa sonuncu insan ölənəcən, hər şey yerlə-yeksan olanacan yer tərpənməyəcəkdir...

- De, de, nə şərt olsa qəbulumuzdu... – hamı xorla çığırdı.

- Baxır nə şərtdi o elə? – ağappaq, meyit rəngli birisi dedi, - bəlkə elə şərt irəli sürəcəksən ki, hamının ölməyi ondan daha yaxşıdır.

- Tamamilə razıyam, - qara dərili tip də ona qoşuldu, - milli dəyərlərimizi heç bir bəşəri dəyərlərə qurban verə bilmərik...

- O zaman uzanın yerə, ölüm vaxtınızın çatmasını gözləyin, - qoca dedi, - yerin xilasını məndən istəyirsiz, yeganə çıxış yolu isə burada toplananların hamısının “yeni dəyərlər sistemini” qəbul etməsi olacaqdır, əks təqdirdə hər şey bəllidir. Başqa bir nicat yolunuz yoxdur, inanın mənə...

Sakitcə, hamı bir-biriylə xısınlaşmağa, məsləhətləşməyə başladı. Burada qocanın dediyi kimi elə adamlar yığışmışdı ki, üzdə olmasalar da, gizli, ya da açıq biri-birlərinin qəddar düşmənləriydi, biri-digərinə qarşı hədsiz dərəcədə nifrət yağdıranlarıydı. Qoca isə, səbrlə dözürdü, onların hansı nəticəyə gələcəyini gözləyirdi. Nəhayət ki, onlarda bir hərəkət, canlanma başladı. Ilk olaraq dünyanın aparıcı din xadimləri irəli çıxıb dedilər:

- Biz səmavi və yerdə qalan bütün dinlərin nümayəndələri belə nəticəyə gəlmişik ki, gördüyümüz və görə bilmədiyimiz hər şeyi, eləcə də hamımızı bir olan tanrı yaradıb, indiyə kimi sadəcə inancımız və ibadətimiz başqa formadaymış. Belə qərara gəlirik ki, bundan sonra düşüncələrimizə yenidən baxaq.
Qoca dedi:

- Yaxşı, sizdən soruşuram, əgər beləydisə, onda niyə bu vaxta kimi ayrı-seçkilik edirdiniz, bir-birinizi görməyə gözünüz olmayıb, hə?

Onların dillənmədiyini görüb özü də cavab verdi:

- Ona görə ki, din həmişə siyasətə və dövlətin mənafeyinə işləyib, qısaca desək, dövlətin baş barmağı olub. Halbuki onun vəzifəsi ümumbəşəri dəyərləri qorumaq və hər kəsi insanlığa çağırmaq olub, o elə bu məqsədlə yaradılmışdı, təəssüf ki, onu hər kəs öz bildiyi kimi yönləndirmişdir və bu gün də yönləndirir... Eyni sözləri elm aləminə də aid edirəm. Onlar da tam müstəqil olmalıydılar ki, yaratdıqları da obyektiv olsun. Əslində isə, onların siyasətdən asılılığı yaranmışdır, bu isə hər cür reallığı şübhə altına alır. Axı onlar gerçəkliyi axtarmalıydılar, pulu ödəyənin köləsinə çevrilməməliydilər.
Indi də dünyanın məşhur siyasətçiləri özlərini ortaya atdılar :

- Biz istəyirik ki, sərhədlərsiz, talançı başçılarsız, azad və yeni bir dünya quraq.

- Dünya sərvətlərinin insanlar arasında ədalətlə bölüşdürülməsini həyata keçirən yeni bir “ev” yaradaq...

Qoca çıxışına yekun vurub köməkçisinə nəsə dedi. O da əlində kiçik bir bağlama gətirib qocanın qarşısına qoydu. O, yenə hər kəsi mənalı-mənalı süzüb:

- Keçək əsas mətləbə, bax gördüyünüz bu kisənin ağzı möhürlənmişdir, burada latınca yazılmışdır: “əmanəti yalnız etibar etdiyimiz şəxs aça bilər.” – dedikdən sonra qurğuşun möhürü qırıb onu açdı. Oradan latın dilində yazılmış bir məktub və hər iki tərəfində səkkizguşəli ulduz başlığı olan, uzunsov formalı metal parçasından düzəldilmiş şifrələnmiş qurğunu çıxartdı.

Hamını bir fikir düşündürürdü: “Hm... Dünyanı əl boyda bu kiçik dəmir parçasımı qurtaracaq?”

Qoca əlini qaldırıb sakitliyi bərpa edəndən sonra dilləndi:

- Unutmayın ki, yiyəsiz sandığınız bu dünya əsla sahibsiz deyildir. Ancaq inanıram ki, sizlərdən biri, yaxud da bir neçəsi dünyanı istədiyiniz kimi “fırladırdınız.” Artıq hər şey bitdi. Heç kəsin bilmədiyi, hər kəsdən tamamilə gizlin dünyanı idarə edən qüvvələr də olub və olacaq. Budur, baxın. – o, metal qurğunu göyə qaldırdı, - “Müdriklərin əmanəti”dir bu. Yəqin ki xatırlamış olarsınız: qədimlərdə Arximed deyərmiş ki, mənə dayaq nöqtəsi verin, yeri tərpədim... O dövrdən bu günə kimi bu əmanət ötürülə-ötürülə olduğu kimi qorunub saxlanılıb. Mənə ustadımdan, ona da öz ustadından, ta ki lap qədimlərə kimi gedib çıxır. Yaxşı baxın, görürsünüzmü, “müdriklərin əmanəti”ni bu dar gününüz üçün neçə min ildir ki, qoruyub saxlayanlar var...

Salon heyrət içində daş heykəllərə dönmüşdü.

Qoca məktubu açıb ucadan oxumağa başladı :

- “Buradakı əmanəti açan şəxs bilməlidir ki, o yalnız bir dəfə istifadə olunacaq və həmin şəxsin özünü də ölüm gözləyir. Bunun üçün təyin olunmuş vaxtda və yerdə bu metal qurğunu məmur edilmiş şəxs başının üstünə qaldırıb üzü günəşə doğru tutmalıdır, o zaman bəşəriyyət xilas yolunu tapacaqdır. Amma ən əsası bu şifrələnmiş çarxlı maşının işləməsi üçün dünyanın səkkiz aparıcı simvolu öz aralarında əbədi razılaşma əldə etməlidirlər, əks təqdirdə o işləməz, hərəkətə gəlməz. Əgər səkkiz insandan biri yalandan əlini maşına toxundurarsa və qəlbən razılaşmazsa, o zaman xilas yolunda hər şeyi unutmaq lazımdır.”

Məktubun sonunda isə təyin olunmuş yer və vaxt göstərilirdi. Qoca məktubu bitirib çarxlı maşını əlinə götürdü. Üzünü toplaşanlara tutub:

- Hə, indi son söz sizindir, buyurun, - dedi.

Bir neçə saniyəlik qulaqbatırıcı uğultudan sonra izdihamın içindən qaradərili birisi çıxdı, qocaya yaxınlaşıb əlini metal qurğuya toxundurdu. Səkkiz ulduzdan biri hərəkətə gəlib işıqlandı. Qoca sevincək qışqırdı:

- İndi növbə kimindir?

- Mənim, - kürən, qıyıqgöz birisi qaçaraq gəldi və əlini maşına toxundurub ikinci şifrəni də şaqqıltıyla açdı.

Daha sonra sarışın, mavi gözlü qadın və ağappaq sifətli, ölgün gözlü adam müvafiq olaraq üçüncü və dördüncü şifrəni açdılar.

Beşinci şifrəni başı çalmalı şəxs açdı. Altıncı şifrəni isə hər kəsin barışmaz hesab elədiyi insanın özü açası oldu, görünür, o da köhnə ambisiyalarından əl çəkmişdi.

Yeddinci şifrəni dindarların dünyaca ən məşhur şəxsi açdı, əsasını yellədə-yellədə özündən dəfələrlə qoca olan insanın qarşısında hələ baş da əydi. Sonuncu, səkkizinci şifrəni isə dünyanın kölgə idarə eləyənlərinin başçısı sayılan “görünməz şəxs” özü açdı, onlar da belə hesab eləmişdilər ki, “ümumi” naminə “qrup” mənafeyindən çıxmağın tam zamanıdır...

IV

...Təyin olunmuş yerdə və vaxtda qoca əlindəki şifrəli metal qurğunu başı üzərinə qaldırıb, istiqamətini üzü günəşə sarı tutdu, səkkiz simvol seçilmiş şəxs isə onu dövrələyib əl-ələ tutmuşdu. Günəşdən gələn işıq metal qurğunun içindən keçib böyük bir enerji yaratdı, sonra bu işıq seli qocadan keçməklə parçalanıb səkkiz yerə axmağa başladı və beləcə hər kəsə bu alovdan pay düşdü. Qısa müddətdən sonra axın çəkilməyə başladı, səkkiz nəfərin hamısı özünə gəldi, onlara heç bir xəsarət toxunmamışdı, ancaq özünü bəşəriyyətin xilası naminə könüllü qurban etmiş qoca güclü enerji selinə düşüb həlak olmuşdu...

...Dünyanın yarısı məhv olandan sonra yer öz oxu ətrafında yenidən fırlanmağa başladı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG