Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:40
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Səadət Gözəlova

APARAT

Əli müəllim həyətdən bağa aparan cığırda var-gəl edir, dodaqaltı Tapdığın yeddi arxa dönənini söyürdü.
Arvadı Güllü müəllimə bir saatdı ki, həyətdən iki kök çolpa tutub, ərini xoş-naxoş yola gətirib Tapdıqgilə getmişdi.
Getmişdi ki, bu vaxtlar evdə olan bu tərs oğlu tərsi arvadının yanında üzə salıb yola gətirə, bir növ üzrxahlıq edə. Əli müəllimi də elə bu yandırırdı, lap elə cızdağını çixarırdı ki, həm suçlu, həm güclü olacaqdı Tapdıq. Ayağını qaldırıb lap yuxarı qoyacaqdı ki, “Ağanəzərəm, belə gəzərəm”.
Əli müəllim dilinin ucuna gələn üçmərtəbə söyüşü geri qaytarmayıb ürəyindən bu yolla tikan çıxara-çıxara yayın istisində torpağı cadarlamış bağına, saralıb sozalmış əkin-dikinə, bostana baxırdı. Övladı olmadığındandı, ya nədəndi, mehrini bu bağa salmışdı. Ömrü həyatında - bu özünün sözü idi - ağzına ədəbə müxalif söz almayan kişinin belə özündən çıxmasına, arvadının qapılara minnətçi düşməsinə səbəb də bu həyət-bağça idi.
Məsələ burasındaydı ki, bu kəndin bir əsas arxı vardı və bu arx kəndin demək olar ki, bütün evlərinin qənşərindən keçir, həyətlərə paylanırdı. Kənd camaatı növbə ilə ev sırasına görə həyətini suvarır, istəməyəndə növbəsini yan qonşusuna verirdi. Hər evə bir gün... Dədə-babadan belə gəlmiş, belə görmüşdülər. Yayın cırhacırında arxın suyu azalır, camaatın gözündə, əstəğfürullah, lap abi-Zəmzəmə dönürdü. Belə günlərdə sözləşibmiş kimi, həyətlərdəki içməli su da azalır, yeməyi, suyu, qab-qacağı, pal-paltarı ancaq görürdü. Buna görə də kimsə növbəsini nəinki kiməsə verir, hətta “uzunnu gecəni” həyətini suvarardı. İndi yayın axırı olsa da, qatı bürkü idi və su qıtlığı düz sentyabrın sonu-oktyabrın əvvəlinə kimi davam edəcəkdi.
Bir həftə əvvəl sıra Əli müəllimə gəlmişdi. O da sübh ertədən durub cani-dildən “lapatka”nı götürdü və arxı həyətə döndərməyə çıxdı. Fikri də oydu ki, bütün günü bağda əlləşəcək, gecəni də bağı suvaracaq. Baxdı ki, arx qupqurudu. Heç nə anlamadı. Əlini gözünə günlük edib yol qırağınca baxdı, heç kim yox idi. ”Balam, kim ola, kənddə hamı bilir ki, növbə mənimdi”. Arxı tutub getdi, gördü ki, arx demaqoq Tapdığın həyətinə burulur. Qanı qaraldı. Əli müəllimin fikrincə, adam bir “tuği-lənət” idi, keçmişdi kəndin boğazına. Bu Tapdıq kənd camaatının hər cikini-bikini, “çepesini” bilir və “kişi oğlu” kimi öz xeyrinə gen-bol istifadə edirdi. Kimin adına qeyri-qanuni torpaq var, kim qonşusundan oğurluq eləyir, hansı “budka” çox qazanıb, dövlətə az vergi verir... Bu siyahıya istədiyinizi artırın. Əlqərəz, camaatın evinin içinə kimi, kəndin altını da bilirdi, üstünü də. Nə təhər bilirdi, necə bilirdi, sirri-xuda idi. Və kimə acığı tutsa, kəndin orta yerində “açırdı sandığı, tökürdü pambığı”. Hələ üstünə “lazımı yerlərə yazacağı” ilə hədələyirdi.
Camaat da neçə illər ərzində özünə yəqin eləmişdi ki, bəli, Tapdıq bunu havayı demir, dedisə eləyər, necə ki, özü demiş, bir çox “yekəbaş”ı ilişdirmişdi. Neçəsinin “tifağını dağıtmışdı”. Odur ki, hamı- “məmə yeyəndən pəpə deyənə” ondan çəkinir, bir bidon süd, bir qazan qatıq, bir çolpa, “əmma”sı yekə olanlar isə bir qoyun, ya da buzov aparıb “bığının altından” keçərdilər. Çünki hamının paxırı vardı və qorxudan ”əl əli yuyar, əl də üzü” hesabı “kişi”ni yola verərdilər. Hamı gedib qulağına çatar deyibən, ürəyində ona “mərdimazar”, öz aralarında “demaqoq”, üzbəsurət isə ”ağsaqqal” deyərdi.
İndi Tapdığın evinin qabağında dayanan Əli müəllim bir qədər duruxdu, sonra ev əhli hələ yatmış olar deyə asta səslə çağırmağa başladı:
- Tapdıx kişi, ay Tapdıx kişi...
Xeyli çağırdıqdan sonra hay gəlmədiyini görüb səsini bir miqdar artırdı:
- Tapdıx kişiii?!
Hannan-hana dəmir qapı cırıldayıb açıldı, Tapdığın özündən əvvəl yoğun, ötkəm səsi gəldi:
- Nədi, məllim, səhərin korunda xeyirdimi?
- Heç eee, deyirdim suyu burax gəlsin, məəm nööbəmdi, əkin gözdüyür.
- Bah, noolsun, bə məəm əkinim gözdəmiiir?!
Əli müəllimin matı-qutu qurudu. Tapdığın həyasız olduğunu bilirdi, amma bu qədər yox...
- Axı sıra məndədi...
- Noolsun, əəə, məllim, hansı devirdə yaşıyırıx, sən bu dəfəliy sıranı maa ver, məəm nööbəmdə suluyarsan. Paayatonnan, tay bı camaatda ağsaqqala hörmət qalmıyıb.
Əli müəllim istədi desin: ”əşi, nə ağsaqqal, mən səndən 2 bayram böyüyəm”. Demədi.
- Yox eee, vallah...
- Nə yox eee...
Və Tapdıq başladı nə başladı. Səsinin ən qalın yerinə salıb “qonşuluq, el-oba, yaxşılıq”dan başladı, Yezidin haqq-hesabına gedib çıxdı. Səs-küyə küçəyə çıxan qonum-qonşunu görüb lap qızışdı:
- Vapşe vermirəm suyu, get əlinnən gələni beş qaba çəh.
Əli müəllimin başı uğuldadı, içindən uğuna-uğuna dedi:
- Nə vaxt göndərim?
- Nəyi?- Tapdıq duruxdu.
- Qabları.
- Hansı qabları?
- Beş qabı daa...
Tapdıq matdım-matdım Əli müəllimə, sonra qımışa-qımışa gülən qonşulara baxdı, birdən qışqırdı:
- Məni doluyursaan, Əli?! Doluyarsan da, niyə dolamırsan?! Hökümətin verdiyi mayiş azdığ eliyir, uşaxlardan pıl yığıb dərs oxudursan, indi sən cızığınnan cıxmıyıb, mənmi cıxacam. Adını da qoyubsan reperit... reprot... tfu nə zibidisə... Sən maa de görüm eee, devlətə vergi verirsən? Haay, de daa... Səkgiz martda Güllü məllim nə qədər padarka yığır xalxın uşağınnan. Süpürgə pulu, remont pulu, nə bilim nə pulunu demirəm... Nə qalıb ki, tətilin qurtarmağına - iki həftə... Gedəcəm irayona, cıxacam maarif midirinə. Görüm nə məsələdi, diyan hələ...
Əli müəllimin boğazı qurudu, dinmək istədi, amma Tapdığın gavahınla deşilmiş boğazından çıxan gurultunun altında səsi eşidilmədi. Demək istəyirdi ki, dədələri özləri uşaqları qoyur hazırlığa ki, dəbdi, mənim uşağım kimdən əskikdir. Bir ay hazırlığın müqabilində isə 5 manat... Demək istəyirdi ki, Güllüyə 1-2 nəfər hədiyyə gətirir, o da kapron gül, qurdlu şokolad karobkası. O da məcbur götürür, çünki almayanda xətirlərinə dəyir ki, bəyənmirsən... Demək istəyirdi ki, məktəbdə pulu mən yığmıram, direktor deyiləm ki, pul yığam...
Nə isə, Əli müəllim başa düşdü ki, burda durduqca bu “tünbətün” daha da qızışacaq, odur ki döndü getsin. Tapdıq çağırdı:
- Əli, sən rüşvətxorsan, səən axıraa çıxacam.
Əli müəllimin səsi öz qulağına quzu mələrtisi kimi gəldi:
- Məəən?!
- Bə nədi, məktəbdə hamııız rüşvətxorsuz, - Tapdıq fısıldadı, - mına bax, mənnən su davası eliyir.
Həmin gün axşama kimi arxa su gəlmədi, axşam hava toranlayandan sonra isə Tapdıq nə ağıl elədisə, suyu açıb buraxdı. Amma daha Əli müəllimin nə suya həvəsi qalmışdı, nə bağa, nə bostana. Həm indən belə o boyda bağın harasını suvaracaqdı ki?.. Getdi bir də növbəti sıraya. Güllü müəllimə deyinə-deyinə suyu agacların altına buraxıb evə girdi. Dalınca da başıalovlu məktəb direktoru və müavini... Tapdıq yalan oldu, bunlar gerçək... Başladılar Əli müəllimin qabırğasına döşəməyə ki, bəs ”ölmüşük, götürənimiz yoxdu, bu Tapdıq rayonu qatacaq bir-birinə, biz də sənin güdazına gedəcəyik. Filan-feşməkan, itdi-qurddu hər nədi, get düş ayağına üzr istə”. Əli müəllim odlandı:
- O gəlsin mənnən üzür isdəsin, neyniyəcəhlər, diplomumu əlimnən alacaxlar?!
- Paaa, a kişinin oğlu, elə bil, Tapdığı tanımırsan. Diplomuu da aldırar, hələ desən səni kənddən didərgin də salar. Az oluub helə şey?.. Rüşvətxor deyəcəh, birinin üstünə minini qoyub aləmi qatacax bir-birinə. Hələ onnan qorx ki, yaza Təhsil Nazirriyinə. Onnan soora dirii qoy, ölüü ağla da... Məktəb də açılır...
- Yazsın hara isdiyir, mən kimnən rüşvət almışam? Nədən yazacax, nəyimnən yazacax, elə onun özü damlanmalı adamdı, xalxı şantaj eliyir.
- Ay zalım oğlu, bizi xataya salassan eee... Özün də bu gün-sabah pensiyaya çıxassan, o zalım oğlu deyirsən bı yaşında səni qovdursun?
Nə isə ki, Əli müəllim bir dedi, bunlar beş. Axırda suyu süzülə-süzülə, bir addım gedib, iki addım qayıdıb, bir təhər cıxıb getdilər. Axır sözləri də bu oldu ki, bəs “fağır adamsan, o əjdahayla başa çıxmaq olmaz. Suyuna get, hamı nə təhər, sən də elə. Məktəbin xətrinə”. Ta deməyəcəklərdi ki, bizim xətrimizə... Sonrakı günlərdə qonum-qonşu, qohum-qəbilə iki-bir, üç-bir gəlib Əli müəllimin başına “ağıl qoydular”:
- Virananın oğlu, bı demaqoq durub-dincəlmir, qan-qan deyir, uje yazmağa başdıyıb qaralamasını. Ağlamasını da qurtaran kimi göndərəcəh “yuxarı”. Qəstumunu da indidən ütulətdirib, elə məktəb açılan günü çıxacaq rayona, get barış...
Bu barışmağın nə demək olduğunu Əli müəllim yaxşı bilirdi. Heç kimə heç nə deməsə də, öz-özünə yəqin etdi ki, Tapdığın ayağına getməyəcək. Əli müəllim ha fikirləşirdi,
Tapdığın ondan nə yazacağını, nədən yazacağını anlaya bilmirdi. Gələnlər getdi, gedənlər gəldi...
Bu gün də Güllü müəllimə başladı ki, “sən getmə, qoy mən gedim, arvadıynan danışım”. Sonra da guya ərinin gözündən oğurlayıb iki çolpa tutdu, getdi Tapdıqgilə. Guya... Ona görə ki, çolpaları Əli müəllim gördü, amma heç nə demədi.
İndi budu - Güllü müəllimə neçə vaxtdı gedib, Əli müəllim də Tapdığı söyə-yamanlaya həyəti arşınlayır. Nəhayət, qapı cırıldayıb açıldı, arvadı ayağını sürüyərək həyətə girə-girə başladı:
- Yox eee, yox, erməninin oğlu Nuh deyir, peyğəmbər demir ki, bəs Əli məni camaatın içində doluyub xalxı maa güldürdü. Onu işindən qovdurmasam, heş maa Tapdıx deməsinnər, Tapışdan, camışdan bir şey desinnər.
Əli müəllim bir müddət arvadının üzünə baxdı, sonra soruşdu:
- Bə çolpalar hanı?
- Gedəndə atdım həyətdərinə, gələndə də durub orda çolpa qovalamıyacaydım ha. Həm nətəər deyəydim ki, “aaz Əfruz, dur o çolpaları tut ver geri aparım”.
Əli müəllim yenə bir qədər arvadının üzünə baxdı, dedi:
- Sənin də ağlaa keçə yamıyım, elə özümün də.
Səhərisi Əli müəllim başı bir az ayazısın deyə avtobusa minib rayon mərkəzinə getdi.
Bazarın yanında düşdü, girib içəridə bir müddət hərləndi, təzədən bazarın qabağına qayıdanda eşitdi ki, kimsə onu çağırır: “Əli məlliiim?.”. Dönüb baxdı. Gördü ki, yolun o biri üzündəki “alışıb-yanan” xarici maşının yanında duran şıq geyimli bir oğlandı, onu səsləyir. Yolu keçib ona yaxınlaşdı, salamlaşdı.
- Məllim, məni tanımadın? Həsənəm.
- Yox, vallah, ay bala, tanıyammadım.
Sonra Həsən başladı özünü tanıtmağa. Əli müəllim illər əvvəl kənddə dərs saatı azlığı ucbatından rayon mərkəzindəki 3 nömrəli məktəbdə də dərs götürmüşdü. Düz 2 il hər gün avtobusla bura gəlib-getmişdi. Həsən də onun o illərdə dərs dediyi uşaqlardandı.
Birdən yadına düşdü: cüvəllağının, uşaqların o vaxtlar dediyi kimi, “itoynadanın” biri idi. Çıxardığı hoqqabazlıqlardan hələ onda Əli müəllim qanmışdı ki, bu uşağın güclü fantaziyası var. Amma yaman sevimli uşaq idi, qıvrım saçları qaragül papaq kimi başında dik oturardı.
İndi bu Həsən az söhbətdən sonra Əli müəllimi “darta-darta” evlərinə qonaq apardı. Ev deyəndə ki, üçmərtəbəli villa idi, başqa bir şey deyildi. Həyəti də xudmani park... Nə baş ağrısı, Həsən müəlliminə “babat” qonaqlıq verdi və dedi ki, “rahat otur, məllim, avtobusu fikirrəşmə, səni özüm aparacam”. Söz yox ki, bu illər ərzində onun keçirdiyi “təkamül”dən Əli müəllimin xəbəri yox idi. Həsənin atası seyid Rəhman indi “pullu” Rəhman idi, pulunu da ovxarlı balta kəsməzdi. Bu rayondakı evdə də qalmırdılar, Bakıda zəncirləmə biznes qurub orda yaşayırdılar. Buranı da vermişdi bir qohumuna ki, həm içində qalsın, həm “muğayat olsun”. Həsən də indi neçə ildə birinci dəfə idi ki, Bakıdakı bağlarının “bağban”ını da gətirib 2-3 günlüyə gəlmişdi. Gəlmişdı ki, illərdir görmədiyi rayonu görsün, həm də burdakı bağa bir əl gəzdirsin, əlbəttə, özü yox, ”bağban”.
Yemək-içmək əsnasında Həsən Əli müəllimin “birtəhər” görünməsinin səbəbini soruşdu.
O da həm içdiyi iki qədəh çoxillik şərabın, həm şagirdinin canıyananlığının təsiri ilə olan-bitəni danışdı. Həsən də dedi ki, “niyə camaat yığışıb Tapdığın köpünü almırsız?” Əli müəllim dedi ki, “necə?” Keçmiş şagird gözlərindən cin çıxa-çıxa qımışıb ta bir söz demədi. Ağacların altında torpaqla əlləşən, Əli müəllim yaşlarındakı cantaraq, bir gözü də mayıf kişini - “bağban”ı çağırıb kənara çəkdi. Ona nə dedi, nə demədi, kişi getdi girdi hamama.

Axşama doğru hava qaralmadan Həsən Əli müəllimi də, qəttəzə kostyum geyib, gözünə qara gözlük taxan “bağban”ı da son model “inomarka”nın arxa tərəfində oturdub özü sükanın arxasına keçdi. Maşın kəndə girəndə sürətini azaltdı, bu vaxtlar ortalığa yığışan camaatın maraq dolu və heyran baxışlarının altında gedib Əli müəllimin evinin qarşısında dayandı. Həsən cəld maşından düşdü, yüyrək gəlib arxa qapını açdı. Maşındakılar həyətə girən kimi ortalıqdakı kişilər də, evlərinin qabağına axşam “mırtı”na toplaşan arvadlar da müzakirəyə başladılar.
Bir azdan Güllü müəllimə becid addımlarla qapı qonşusunun həyətinə yaxınlaşdı, 3-4 arvadla qapının ağzında söhbət edən Rəfiqəni çağırdı ki, əlimyandı kəsdirdiyi çolpaları təmizləməkdə kömək eləsin. Sözsüz ki, həmin 3-4 arvad da “kömək xatirinə” bunlara qoşuldu, Əli müəllimin həyətinə girdilər. Dörd çolpa idi, biri quyruğundan yapışdı, biri qanadından, təmizləməyə başladılar. Rəfiqə soruşdu ki, “qonağıız kimdi, ay Güllü?” Güllü müəllim də qayıtdı ki, “Əlinin əsgər yoldaşıdı, heş mən də bilmirəm. Əli bı toyuqları kəsəndə tələsih soruşdum. Elə bir onu dedi ki, əsgərrihdə qardaşlığ olublar, sonra görüşmüyüblər. Neçə vaxdı ki, bını axdarırmış, indi tapıb. Nətəər tapıb, bizimki də bilmir”. Rəfiqə çoxbilmiş-çoxbilmiş: “Bazbırıtdı kişiyə oxşuyur, bəyax maşınnan düşəndə gördüm, yəqin yuxarıda işdiyir”. Güllü müəllim: “Hə, qızdar, iki daşın arasında onu da soruşdum Əlidən. Deyir “aparat”da işdiyir, bütün “sistem” əlinin altındadı. Özü də nədisə məxfi, belə gizdi işdi eee işi, heş Əli də bilmir. Bayaq içəri çay aparanda baxdım, evdə də aşqisini gözünnən çıxartmır. Bacı, mən bir onu başa düşdüm ki, yekə adamdı, həəə”.
Elə bu heyndə evin qapısı açıldı, içəridəkilər danışa-danışa həyətə çıxdılar. Gözlüklü cantaraq kişi ötkəm səslə deyirdi:
- Ay Əli, sənin yerin bıra deyil, aparatdı, sistemdi, gə mənnən gedəh. Gör nə vaxdı sənı görmürəm, baş-başa verib işdiyərik.
- Yox,qardaş, vallah sağ ol, əziz olasan. Bıranı, bı məktəbi qoyub gedəmmərəm.
- Yenə də bir fikirrəş... Maa bax, xətrəə dəyib-eliyən yoxdu ki?.. Varsa de bilim.
- Yox əşii, xətirri olasan, narahat olma.
- Nə çətinniyin olsa bildir, ta Allaha şükür tapışmışıx. Bı neçə ildə denən xatırrıya bilmişəm sən hansı rayonnansan? Yox, ha fikirrəşirdim yadıma sala bilmirdim.
Bu kişi, Əli müəllim, arxalarınca da Həsən bağa tərəf gedəndə kişi ayaq saxladı, üzünü arvadlar tərəfə tutub dedi:
- Ay Güllü xanım, nə əziyyət cəkirsən vallah toxuq. Ertədən yola düşürəm şəhərə. Bı rayonda vacib işim vardı, Əlini də maşınnan bazarın yanınnan keçəndə gördüm. Görən kimi də tanıdım. Allahın işinə bax da... Daş daşa rast gəlməz, insan insana rast gələr.
Güllü müəllimə də, o biri arvadlar da arifanə başlarını tərpətdilər. “Şofer” Həsən yavaşca boğazını arıtdadı. Kişi döndü, birlikdə bağa adladılar.
Çolpalar təmizlənmişdi, qonşu arvadlar çıxıb getdilər. Və bir saatdan sonra kəndin ayaq-baş hər evində bu həyətdə olan söhbəti “nöqtəsinə, vergülünə” əzbər bilirdilər. O gecə camaat gec yatdı, hərə öz yerinin içində qurcuxa-qurcuxa Əli müəllimə necə, nə yolla hörmət edəcəyini fikirləşirdi. Məktəb direktoru yuxusunu qarışdırıb oyandı ki, “bı Əli yerimə keşməsə yaxşıdı”. Bir nəfər isə heç yatmadı.
Səhər ertədən qonaqlar durdular ki, gedirik. Əli müəllim nə qədər dedi ki, “heç olmasa bir stəkan çay için”. Həsən dedi: “yox, məllim”. Əli müəllim arvadına dedi: “sən çıxma, gir içəri, mən qonaqları yola salıram gələm”.
Həyət qapısının ağzında Əli müəllim gülə-gülə Həsənə dedi: ”Oyunun olsun, ay oğul, bı ispektakıl hardan gəldi ağlaa yarım saatın içində. Mən də saa uydum... Qardaş da əsl artistdi ki, durub”. Həsən: ”Bə artistdi da, incəsənəti qurtarıb. Gözü zədə alannan tiyatırda işdəmir. Amma bağ-baxça yaratmaxda da əsl sənətkardı”.
Qonaqlar sağollaşıb getdilər. Əli müəllim səhər yeməyini yedi, arvadının suallarını ötüşdürdü, bağdakı ağacların quruyan budaqlarını kəsdi, sonra əynini dəyişib kəndin ortalığına çıxdı. Həmişəki kimi ortalıq adamla dolu idi. Yaxınlaşıb salam verdi. Az keçməmişdi ki, camaatın sualları dolu kimi yağmağa, Əli müəllim də cavablamağa başladı. Sonra Fəttah kişi soruşdu:
- Bə niyə getmirsən, ay məllim? Bı fürsət bir də ələ düşməz. Aparatda işdəmək hər adama nəsib olmur. Nə var məllimlikdə, pensiyan da yaxınnaşır”.
Əli müəllim camaatın başı üzərindən məchul bir nöqtəyə baxaraq toxtaq səslə dedi:
- Heç hara getmiyəcəm. Nə qədər ki sağam, bı xalqın uşaqlarına savad verəcəm. Pensiyaya çıxannan soora da evdə uşax hazırrıyacam. Mən bı uşaxlara daha çox lazımam.
Ortalığa sükut çökdü. Qocalar razılıqla başlarını tərpətdilər. Cavanların azı heyran qaldı, çoxu ürəklərində fikirləşdi ki, “ağıl, ağıl, ay ağıl..”. Amma hamının gözlərində hörmət oxunurdu. Sükutu Tapdıq kişinin gur səsi pozdu:
- Görün, ay camaat, kişi görün, kişi oğlu görün, məllim görün!.. Bı xalqın belə evladdarı olduxca bizə ölüm yoxdu.
Sonra üzünü Əli müəllimə tutub dedi:
- Başşım, sən bilən, sənin o qardaşdığın məni aparatda işə götürəər? Haaay?!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG