Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:32

Üzeyir Abbas "Bu zalım dünyada doğulmaq!" (20-liyə düşməyən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Üzeyir Abbas

BU ZALIM DÜNYADA DOĞULMAQ!..

56-cı ilin may ayında, gül-çiçəkli, qəşəng bir gündə doğulmuş bu çağa, indi irili-xırdalı, oğlanlı-qızlı düz 21 uşağın əmisi idi. Bu qardaşuşaqların bir-ikisindən savayı qalan heç biri onu sevmirdi. Boynuyoğun (tarixçi olmaq istəyən 16 yaşlı Heydər məhz belə boynuna görə, əmisinə “burjuy” deyirdi), lopabığ, “bor” səsli, “vəl” əlli, qıllı bədəniylə təkcə kəndin qızlarının yox, həm də evdəki gəlinlərin də (qardaşı arvadlarının sayı altı idi...) ödünü “ağzına gətirən” bu yekəqarın kişinin dərdi-səri yaxşıca yemək və buz kimi pivədən hortdatmaq idi...

Hərdənbir yaxşı araq çəkməyi (özü də tut arağı), süpürgə becərib bağlamağı, kolxozun ən yaxşı və qorunan örüş-otlaq sahələrində gündüzlər manşırlayıb, gecələr gizlicə qoyun-quzu otarmağı da var idi Adil kişinin... Otuz nəfərlik böyük bir ailənin təsərrüfat işlərini tək canıyla edə bilirdi. Ot biçməyin isə, birbaşa mütəxəssisi idi. Səhər saat altıdan günorta birə qədər 2-3 araba ot çalırdı. Sonra düz axşama kimi yatırdı. Dünya vecinə deyildi. Elə xoruldayırdı ki, deyirdilər hərdən kəndin böyründən keçən qatarın səsini də batırır. Qartdanmaqda da tayı-bərabəri yox idi. Xoruldaya-xoruldaya bir qaşınırdı ki!.. Xarta-xurtun biri bir qəpik. Yaman köntöy kişi idi Adil kişi...

Vaxt gəldi... 37 yaş gəldi... Adil də gəldi nənəsinin (analarına “nənə” deyirdilər) yanına ki, “bəs, ay nənə, evlənmək vaxtıdı!..” Nənəsi də gülə-gülə qayıtdı ki, - “ay qağa, kimdi o qara qız?” – “Bağçada işləyir...” Bununla da söhbət bitdi, iş başladı.

İşin bütün yükü lap böyük qardaş – Famil kişinin boynuna düşdü. Qızın “hə”si, nişan və toy... Qapqara bəylə qapqara gəlinə ağappaq çadırdan mağar qurdurdu. Öküzdən cöngə kəsdirib, qoyundan qoç qırdırdı. (Bu, o vaxtlar idi ki, SSRİ təzəcə dağılmışdı və adamlar yüngülvari bədxərcliyin nəylə nəticələnəcəyini bilə bilməzdilər).

Bəlkə də Adilin həyatında ən maraqlı, yaddaqalan və çoxluca yeyib-içməkli gün elə özünün toy günü idi. Ortancıl qardaşlardan üçü qonşu rayonda döyüşdə idilər. Amma gəlmişdilər. Döyüşçü dostlarıyla... Boyunlarından nazik ip (jilka) asmışdılar, ipdən də çoxlu erməni qulağı. Lap balaca uşaqlar onlardan bu qulaqları alıb oynatmaqçün ağlayır, bir az böyüklər qorxub ağlayır, lap böyüklərsə, xüsusilə də qız-gəlinlər insanları bu vəziyyətə salan müharibəni törədənləri qarğayıb ağlayırdılar. Vəziyyəti belə görən ağsaqqalların məsləhəti ilə necə oldusa, “boyunbağı”lar qəflətən yoxa çıxdı. Ara sakitləşdi. Və tez də təzədən qızışdı... Çalğıçılar gəlmişdilər. Nə isə... Gecə 2-yə qədər sözün hər iki mənasında vurhavur, tuthatut... Keflənmiş əsgərlər “Kalaşnikov”un lüləsini Allaha sarı tuşlayıb ermənilərin anasını söyə-söyə (cəbhə bölgəsi olduğuna görə 9-dan sonra toyda-mağarda əsl kişilərdən başqa bir nəfər də olsun qadın tapılmazdı...) güllələrin səsini batırdılar. Gecə 3-də toy sovuldu.

33 gündən sonra kəndi erməni döyüşçüləri ələ keçirdilər. Camaatın 90%-i Bakıya köçdü, yerdə qalanının bir hissəsi əsir düşdü, bir hissəsi də İrana keçəndə Arazda boğuldu.

Adil kişinin şəhər həyatı belə başladı. İşləmək lazım idi. Zarafat deyil ha, arvad almışdı. Təzə, “qırxı çıxmamış” gəlin... Elə bir iş tapmalıydı ki, axşam evə mümkün qədər tez qayıtsın. Soraqlaşa-soraqlaşa gəlib qul bazarına çıxdı. Və heç 10 dəqiqə keçmədi ki, yağlı bir müştəri özü onu tapdı. Deyəsən, o, Adilin yekə, iri bədəninə, yumru qarnına, yoğun qollarına vurulmuşdu. Gördürəcəyi iş ağır, çətin, amma pullu iş idi. 20 sm qalınlığında beton divarı deşib pəncərə yeri açmalıydı. Getdi... İlk işi uğurlu oldu. Bundan sonra heç vaxt xırda-para işlərə getmədi. Düz 6 il dəmir-betonla əlləşdi. Alətləri də, dədə-babadan qalma – kuvalt və polad pazdan ibarət idi. Arada elektrikli çəkic də almışdı. Çox baha qiymətə. Amma heç 2 ay işlədə bilmədi. Oğurladılar... Şikayət-zad da eləmədi. Özünə sığışdırmırdı. Bir gün necə oldusa, kuvalt əlini əzdi. 20 gün işə çıxa bilmədi. 21-ci gün təzədən həmin iş yerinə getdi. Axşamacan işlədi və birdən sonuncu armaturunu qırdığı beton lay divar üstünə aşdı. Qışqırığına yoldaşları gəldilər. Birtəhər beton divarı qaldırmağa başladılar. Baxdılar ki, divarla bərabər Adilin sol ayağı da qalxır. Sən demə əyilmiş nazik armaturlardan biri düz dibinə qədər buduna giribmiş...

Beləcə, Adil kişinin əvvəlcə xəstəxana həyatı, sonra da “ev həyatı” başladı. Yerimək, gəzmək, hərəkət eləmək it zülmünə çevrildi. Düz bir il... İkinci ilə keçəndə arvad deyinməyə başladı. Üçüncü ilə az qalmış evdən qovuldu. Çıxmalıydı... Başqa çarəsi yox idi. Ev (...ümumi yataqxanada bir otaqlı darısqal oda) arvadının qardaşına məxsus idi. Əmr deyəsən, ordan gəlmişdi...

Üç ay şəhəri axsaya-axsaya gəzdi. Qohumlar bilməsin deyə vağzallarda gecələdi. Dəmiryol, avtovağzal, 24 saat işləyən restoran-kafelərdə zarıya-zarıya səhərlədi. Nəhayət, dözməyib lap böyük qardaşının evinə getdi. Birinci gün pul istədi, ikinci gün yemək, üçüncü gün qalmağa yer... Böyük qardaş məsələni başa düşdü, ağladı və arvadıyla yatdığı geniş, işıqlı otağı ona verdi.

Yazıq Famil! Özü, arvadı, oğlu, iki uşağıyla boşanmış qızı həmin gündən istirahətin, yatmağın nə olduğunu bilmədilər. Bu da 2 ay çəkdi...

Bir səhər Adil qardaşı Familin arvadı Elmiranın bilərəkdən eşitdirməyə çalışdığı səsinə-sözünə oyandı. Narazılıq, giley-güzar dolu... Guya, özlərini dolandırmağın indiki zəmanədə necə çətin olduğu azmış kimi, hələ üstəlik bir zəlilə, xəstəyə qulluq eləməyə, onları məcbur edən Allah da günahkar imiş!..

Yazıq Allah!.. – Bu, Adil kişinin ağlından keçən nida idi... Tez ayağa durdu, güc-bəla əynini geyindi və qapıdan elə çıxdı ki, heç kim bilməsin... Baxmayaraq ki, hamı hər şeyi bilirdi... Küçə qapısının ağzında 14-15 yaşlı bir oğlanla rastlaşdı. Onu öz oğluna oxşatdı. Duruşu, baxışı... qəti fərqlənmirdi!.. Bir-birinə salam verdilər: - Salam, əmi! – Salam, qaqa! Vəssalam... Oğlan çönüb evlərinə tərəf getdi. Adil əmi də fikrə... Toyda, yasda oğlu Qorquddan o qədər danışırdı ki, adamlar artıq zinhara gəlmişdilər. Bunu bilə-bilə yenə də hər gün Qorqudun ağlından, zəkasından, fitri istedadından, zövqündən eyni həvəslə sözə başlayırdı. Bir dəfə də möhkəm ilişdi. Utandırdılar. Və bu söhbətə birdəfəlik son qoydu. Qızı da var idi. Nənəsinin (anasının) adını qoymuşdu ona: - Sona. Çox istəyirdi onu. Elə hey onu oxutmaq, ali savadlı biri eləməkdən danışırdı. Amma zalımı çıxmış başqa qızların, xüsusilə də qardaşı qızlarının oxumasına qarşı çıxmışdı ömrü boyu.

O, hələ də fikirdə idi. Avtobusun tısıltısı, konduktorun çığırtısı hər şeyi yarımçıq qoydu. Ləngər vura-vura qalxdı, qabaqdakı ilk birinci və ikinci ikinəfərlik oturacaqda ayrı-ayrı, təkcə oturmuş gənc, incə-mincə qızların yanından ehmalca ötdü və arxadakı cərgələrdən birinə keçdi. Bilirdi ki, bədənindən, xüsusilə də qoltuğunun altından gələn tər, qıvşıq iyi onları mütləq narahat edəcək. Hava da isti idi...

Famildən kiçik, özündən böyük qardaşı – Tahirin evinə sığınmaq daha dəhşətli idi. Onun iki oğlu olsa da, heç biri bu boyda bədəni evlərində ağırlamaq qanacağında deyildilər.

- Mən elə belə də ölüb gedəcəm!.. – düşünüb (bəlkə də deyib) həyətə girdi. Elə qardaşı qarşıladı. Xoş-beşdən sonra məsələ aydın oldu. Böyük qardaşın danlağı pis gəldi. Bir xeyli çəkdi. Hətta, axırda təhqirə də keçdi. Adilin körpəliyindən ta indiyə, - bu yaşına qədər nə “çp”si vardısa üzünə vuruldu. 53 yaşlı Adil kişi uşaq kimi boynunu büküb evə nə vaxt dəvət olunacağını gözləyirdi. Bərk acmışdı. Günorta 3 idi, amma o, hələ heç səhərini də yeməmişdi. Nəhayət, süfrə açıldı, yemək yeyildi, yığışdırıldı. Və qəfil qonşu otaqdan çıxan evin xanımı elə qəfil də soruşdu: - Adil, sən bizdə qalassaaan?.. Yaxşı həyat və insanların ürəyini oxumaq təcrübəsi olan bu yekəpər və yazıq kişi cavabı çox ləngitmədi: - Yox, çox qalmayacam! Üç günə gedirəm. Evin xanımının üstündən elə bil dağ götürüldü. Rahatca nəfəs almağa başladı. Sonra qaynının elə döşəmənin üstündəcə yatması üçün (Adil əminin cavanlıqdan quru yerlərdə yatmağı xoşlamasını hamı bilirdi) yastıq dalınca, qalanları da öz işlərinin dalınca getdilər. Adil əmi elə bil qupquru yeri Napoleonun taxtı bilib uzanmışdı. Zarafatından da qalmırdı. Tahirin 27 yaşlı kiçik oğlu Pepoya göz vurub: - yaxşı pivə olsaydı içərdik haaa... Amma “a”ları çox uzada bilmədi. Yarıda qırıldı. Çöldə əsəbindən dalbadal 5-6 siqaret çəkən böyük qardaşın eyhamlı və qəzəbli öskürəyi onu da həyəcanlandırıb öskürtdü və bütün arzular bir andaca puç oldu.

Amma Adil qardaşıgildə heç iki gün qala bilmədi. Burda o bir sifət gördü ki... Heç, nə gəlmə, nə də görmə!..

Öz evinə qayıtdı. Arvadının evinə. Uşaqlarının yanına...

Vitaminsizlikdən, qidasızlıqdan arıq, sısqa, çəlimsiz bu yeniyetmə oğlan və qızın atalarına məhəbbətinin hansı səviyyədə olması daha heç kimi maraqlandırmırdı... Hamı bezmişdi. Bir vaxtlar nəslin bütün əziyyətlərinə qatlaşan bir kişi indi atılmışdı. Bütöv nəsil, indi onu əziyyətin, ağrıların qucağına atmışdı. Psixoloji əzablar, təngnəfəslik və 8 gün davam edən qəbzlikdən sonra qardaşı uşaqlarından birinə zəng eləyib ona kəpənək dərmanı alıb gətirməsini xahiş etdi. Bu, “xahiş”dən daha çox, yalvarışa oxşadı. Dərman alınıb gətirildi. Ertəsi gün tezdən, eyni telefon nömrəsindən 8 ayrı-ayrı nömrəyə zəng olundu: - Qağaaa..! Adil kişi rəhmətə gedib eee...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG