Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:43

Oqtay Qorçunun 20-liyə düşməyən hekayəsi


"Oxu zalı"nda "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərinin fərqləndirmədiyi hekayələri də oxucuların ixtiyarına veririk.


Oqtay Qorçu

RUHANİ

İçəri ayaq basan kimi adamların toplusuna göz gəzdirdi. Görən kimi axundu qiyafəsindən tanıdı. Tez yanına keçib salam verdi:

- Yenə həmin məsələyə görə gəlmişəm, axund ağa. Arvadımın ruhunu çağırmaq üçün... Söyləmişdim axı, mən bir kitab oxumuşam. Mir Möhsün Nəvvab ruh çağırmağın qaydasından yazıb. Əgər elə bir elmli adam bunu eləyibsə... Mümkünsə, sən də mənim üçün elə. Mən ruha inanıram. Eləcə çağır arvadımın ruhunu, lap bir günlüyə olsa da... Hər şeyə razıyam. Nə istəsən, qəbulumdur. Oxuduğuna qurban olum, Hacı! Məni əliboş qaytarma!

Artıq adını belə əzbərlədiyi Yunisin söylədiklərini eşidincə Axund İmran hikkəylə oturduğu yerdən dik atıldı, əhvalı dəyişdi. Bir anlıq nə cavab verəcəyini də bilmədi, başını yelləyə-yelləyə qarşısındakını çəpəki süzdü. Hövsələsi daraldı, səsini qaldırdı:

- Neçə gündür gəlib-gedirsən, bezmədinmi? Vay olsun sənin halına! Vay halına, ay bədbəxt! Hələ də qəflət yuxusundasan! Vay-vay! Ay kişi, ay Allah bəndəsi, səni nə təhər başa salım axı, inanasan, hə? Əstəğfürüllah! Niyə məni incidirsən? Yeri! Yeri, işinin-gücünün dalınca! Vallahi, daha betər olmusan, sərsəmləyirsən! Barı məscidə girəndə ədəb gözlə! Məni də günaha batırma! Bura Allah evidir, sehrbaz yığnağı deyil ha. Yetər başımı belə cəfənglə ağrıtdığın, ayıbdır axı, vallah, ayıbdır! Lənət şeytana! Durduğum yerdə işə düşmüşəm e! Yetər, rica eləyirəm, daha məni belə boş işlərə görə narahat eləməyəsən. Şam namazının da vaxtı yetişib, qalxım. Xudahafiz!

Neçə gün idi məscidə gəlirdi, axundu yanlayıb eyni sözləri təkrarlayırdı. Cümə axşamı yenə yönünü bura salmışdı. Hər dəfə də axund onu səbirlə dinləmişdi, öyüd-nəsihət verib mümkün olmayandan əl çəkməyini məsləhət bilmişdi. Bu barədə Yunisə hələ xeyli dəlil-sübut da gətirmişdi, amma o elə öz dediyində dururdu. Elə hey ölən arvadının ruhuyla görüşdürülməsini istəyirdi. Daha Hacı da səbir eləyə bilmədi bu adamın sərsəm şıltaqlığına. Dözəmmədi axund, hövsələdən çıxdı.

Hələ də getməmişdi, yazıq görkəmdə boynunu büküb Hacı İmranın arxasınca baxırdı. Axund heç dönüb geriyə də baxmadı. Dodağının altında deyinə-deyinə, şeytana lənət oxuyub içəridən çıxdı. Yunis yerindən tərpənmirdi, deyəsən hələ də ümidini üzməmişdi. Var-gəl eləyə-eləyə başladı gözləməyə. Camaat namazına mane olmamaq üçün məscidin həyətinə çıxdı, əllərini göyə qaldırıb başladı dua eləməyə. Arxadan kimsə onu çağırdı:

- Qardaş, sənin əlacın məndə. Bəri gəl. Səninləyəm, gəl görüm.

- Şükür, min şükür, ilahi! Deyəsən, bağlı qapılar üzümə açılır...

Tələsik ağ şəvə saqqallı, qoltuğunda qovluq tutan ruhani görkəmli kişiyə yaxınlaşdı. Ağsaqqal öncə salam verdi bu cavana, sonra Yunisin qoluna girib çəkdi qırağa. Üz-üzə durdular. Yunisin gözünün içinə baxıb, gülə-gülə onu çoxbilmiş tərzdə süzdü. Əlini qarşısındakı həyəcanlı cavanın çiyninə yüngülcə çırpıb, ahəstə dedi:

- Sənin axundla söhbətini eşitdim. Rəhmətliyin oğlu, axı bu nə çətin işdir ki, sən axund, molla arxasına düşüb özünə belə zülm eləyirsən. Bu sayaq işləri həll eləmək hər adamın işi deyil. Elə mətləblər var ki, onu çözmək üçün alim ruhani tapmaq gərəkdir. Belə işlər ancaq alimlikdir. Ay oğul, hər din xadimi də alim olmur, bilirsən...

Qəfildən başlanan belə bir söhbət çaşdırmışdı Yunisi. Heyrətlə qarşısındakını süzdü, hələ dili topuq da vurdu:

- Yəni siz bu işə əncam... Yəni ki, ruh çağırmaq da... Çoxdan bu işlə məşğulsunuz?

- Heç ürəyini sıxma! İstədiyin məndədir! Amma bu işin başa gəlməsi bir-iki günün məsələsi deyil ha. Özü də ağır şərtləri var, çox ağır şərtlərdir. Deyilənlərə əməl eləsən, bir ay övrətinin ruhu evində açıq-aydın dolaşıb duracaq. Hələ söhbət də eləyəcəksiniz. Şərtlərə əməl eləməyə razısansa, bəri başdan söylə, hazırlaşaq. Razısan?

Eşitdiyinə inana bilmirdi. Dil-dodağı əsdi, rəngi ağardı. Hələ istədi siqaret də çıxarıb yandırsın, amma gördü ki, çəkə bilməyəcək, nəfəsi kəsilərdi. Sevindiyindən təntidi, az qaldı bu adamın qarşısında qol götürüb oynasın. Gözləri doldu:

- Nə lazımdırsa, eləyəcəm, təki mənə bir əlac... Ay ağsaqqal, ay Allah bəndəsi, səni mənə yetirənə şükür!

- Gedək sakit bir guşə tapıb oturaq...

Məscidin həyətindən çıxıb yaxınlıqdakı çay evinə yollandılar. Sakit bir guşə tapıb oturdular. Xidmətçini çağıran Yunis kəkotulu çay sifariş verdi, şirniyyat da istədi. Birdən elə bil ayılan kimi oldu, utana-utana dilləndi:

- Biz heç əməllicə tanış da olmadıq e... Lap özümü itirmişəm. Mən Yunisəm.

Ağsaqqal qovluğunu kənara qoyub tələsmədən paltosunu soyundu, sonra yerində oturub, əlini həmsöhbətinə uzatdı:

- Şad oldum, çox pakizə. Allah səni salamat eyləsin. Amin! Hamı məni Hafiz çağırır. Hə, indi gəl söhbətimizi davam eləyək, öncə başına gələnləri danış ki, bəzi şeylərdən xəbərdar olum.

Oğlan ağsaqqala sarı əyildi:

- Yoldaşımı dörd ay qabaq itirmişəm. Uşaq üstə... Körpə də qalmadı. Həmin gündən dincliyim yoxdur. Az qalıram havalanım, dünya başıma dar olub, ağa... Hafiz müəllim. Hərdən istəyirəm hər şeyə tüpürüm, kəndiri keçirim boğazıma...

Sözünün ardını gətirə bilmədi, gözündən yaş sel təki axdı. Hafiz kişi təhər-tövrünü pozmadı, heç “ağlama” da demədi, elə səssizcə baxıb gülümsəyirdi. Səbirlə gözlədi ki, Yunis kirisin, nəhayət, başladı danışmağa:

- Uşaq deyilsən sən. Belə olmaz. Özünü toparla. Baho! Əgər belə sərsəm xəyallarla yaşasan... Olmadı ki...

Bir az səsini qaldırdı da:

- Özünü idarə eləməyi bacar, belə halətlə mənim şərtlərimə necə əməl eləyəcəksən?

Yunis gözünün yaşını sildi, tez də toxtadı və dedi:

- Baş üstə! Arxayın olun. Vallah, dediyiniz olacaq, müəllim. Mən hazıram!

Müəllim deyə çağırdığı Hafiz qovluğunu açdı, bir ağ vərəq çıxardıb masanın üstünə qoydu. Ehmalca ona tərəf sürüşdürdü:

- Dediklərimi yazacaqsan, qələmin varmı?

Cavab gözləmədən əlini atıb pencəyinin qoltuq cibindən diyircəkli göy qələm çıxartdı:

- Buyur! Bütün yazdıqlarına tək-tək, özü də vaxtında əməl eləyəcəksən. Bax ha, yoxsa istədiyin olmayacaq. Diqqətlə dinlə.

- Başladım, yazıram...

- Bir ayın 12 gününü əzizlərinə həsr eləyəcəksən. Qohumları, dostları ziyarət eləyib, onları qonaq çağıracaqsan. Hər həftənin iki gününü gəzintiyə çıxıb, şənlənəcəksən. Sözsüz ki, toylardan da qalmayacaqsan, amma həddini də aşmayasan. Yəni zərərli vərdişlərdən uzaq olmaq şərtiylə. Sevdiyin qadının xasiyyətini, hərəkətlərini xatırladan bir xanımla mütləq tanışmağın gərəkdir. Arvadının ruhu xətrinə bunu eləməlisən. Həmin xanıma xüsusi diqqət ayıracaqsan. Evində, əyin-başında səliqə-sahman yaradıb, qara rəngdən az istifadə eləməyin lazımdır. Mərhumənin şəkillərini evdən, divardan yığışdırmağın gərəkdir. Zəkat verməyi, kasıbları sevindirməyi də unutma! Əgər həyət-bacan varsa, əkib-becərməyin işimizin lap xeyrinə olar. Yatmamışdan qabaq hər axşam mütləq “Ayətül-Kürsi” duasını da oxuyacaqsan. Bütün işlər qaydasında, əhvalın da yaxşı olmalıdır ki, əlavə çətinliyimiz olmasın. Mənim telefonumu da yaz. Həftədə iki dəfə, saat 6-dan sonra mütləq zəng elə, söhbətləşək. Gərəkdir ki, hər şeydən xəbərdar olum.

- Hamısını yazdım. Başqa əlavəniz varmı?

- Yox, bunlara əməl eləməyin kifayətdir. Bu gün bazar ertəsidir. Hamama gedib, inşallah, sübh tezdən başlayacaqsan. Yəqin bacaracaqsan da. Güvənirsənmi özünə?

- Yüz faiz! Niyə bacarmayım da. Arxayın olun, Hafiz müəllim.

Araya sükut çökdü. Hər ikisi nə barədəsə fikirləşirdi. Bir-birinə baxa-baxa çay içirdilər. Oğlan birdən elə bil ayılan kimi oldu:

- Lap unutdum, bəs mənim borcum nə olacaq?

- Pul barədə sonda danışarıq. Dediklərimə mütləq əməl eylə, yoxsa mənim oxuduğum duaların da kəsəri olmaz. Ancaq bu gün özünə təzə paltar, mənə də şirin bir nemət almalısan. Çox yox, ha! Konfet, qoğal-filan...

Çox oturmadılar. Bir az söhbətləşib qalxdılar. Hafizlə birlikdə çayçıdan çıxıb dayanacağadək gəldi, hətta Hafiz gözləməsin deyə taksi də saxlatmaq istədi, amma Hafiz: “Beş-on dəqiqəlik yolum var, sağ ol” deyib buna imkan vermədi. Hafizin avtobusu gəldi. Bir-birilərinə yaxşı yol söyləyib, ayrıldılar.

Şərtlərə olduğu kimi əməl eləyirdi. Hamıdan xəbər tuturdu, xeyirdən-şərdən qalmırdı. Onu görüb tanıyanlar hər dəfə adını eşidincə xeyli tərif yağdırardılar şəninə. Haqqında çox söz eşidirdi, ürəyinə yağ kimi yayılırdı. Dostları onun başına yığılanda sevinirdilər. Üstəlik də iş yoldaşı Rəna xanımla əməlli-başlı dostlaşmışdı. Əvvəldən bu qadını yaxşı tanımayıbmış demə. Onun barəsində nə vaxtsa pis fikrə düşdüyünü xatırlayanda lap xəcalət çəkirdi. Bir gün dözmədi, bunları da açıb dedi Rənaya. Gözəl xanım eləcə gülümsündü: “Düzünü söyləyirsənsə, deməli, hələ çox şeyi itirməmisən. Ürəyini sıxma, sözündən incimirəm”.

Bir gün ayılıb gördü ki, Rənaya deyiləsi sözü də qalmayıb. Əməlli-başlı sirdaş olmuşdular. Ayrı dura bilmirdi ondan. Bir gün görməyəndə darıxırdı. Nəhayət, dözməyib qərarını verdi, zəng elədi Hafizə. Dəstəkdən səsi eşidincə salam verməyi də unutdu:

- Hafiz müəllim, bu gün görüşsək olarmı? Hara gəlim, nə vaxt?

Vədələşdilər. “Sahil” metrosunun çıxışında görüşəcəkdilər. Deyilən vaxtdan 20 dəqiqə qabaq özünü çatırdı ki, ağsaqqalı gözlətməsin. Hafiz müəllim onun çox darıxmağına imkan vermədi. Deyilən vaxtdan da tez gəldi. Görüşüb hal-əhval tutdular. Ayaqlandılar parka tərəf. Boş skamya tapıb baş-başa verdilər. Hər şeyi ağsaqqala danışdı:

- ...Hələ də özümə inanmıram. Vallah, mümkün deyil e, özünüz dünya görmüş adamsız. Ailəsiz çətindir. Vaxt-vədə tamam olmamış mən planımı dəyişmək istəyirəm. Sizi də girinc elədim heç nədən... Nə bilim, söz də tapmıram. Görən, bu işi xətm eləsək, günaha batmarıq ki...

Hafiz onu altdan-yuxarı xeyli süzdü, üz-gözü işıqlandı:

- Deyəsən, dediyin xanımla artıq əhd-peymanın var, eləmi? Yəni qərarın qətidir də.

- Bəli, qərara almışıq, problem yoxdur!

- Əla! Gözəl! Bu çox gözəl xəbər oldu. Sənə də, o xanıma da əhsən!

Duruxub, qarşısındakı dünya görmüş ruhani ağsaqqalı xeyli süzdü. Çəkinə-çəkinə soruşdu:

- Xətrinizə dəyməsin, amma soruşacam. Alimliyinizə şübhə eləmirəm, inanıram ki, tək-tək tapılar sizin kimilər, amma... Vallah, sizi incitsəm də, deyəcəm. Həqiqətən arvadımın ruhunu çağıracaqdınızmı, göstərə biləcəkdinizmi?

- Sən ki istədiyinə çatdın, daha nə istəyirsən? Allahın köməyilə bunu bacardın. Ruh – eşqdir. Sənin ovqatın dağınıq idi deyə bir ruhun özüylə sənin eşqini də apardığını sanırdın. Yaşadığımız yer üzü möcüzədir. Burdakı şərait, ab-hava bizə lazım olanları xatırlamaq və çox şeyi də unutmaq imkanı verir. Qismətinə çıxan qadını da yanına göndərən, sənə sevdirən ruhdur. Tənhalıqda boğulanlar hansısa ruha üz tutmaqla təsəlli tapa bilməz, axı ruhun da yaddaşı var. Hər şey ötüb-keçibsə, deməli, ruhlar da nələrisə unutmağa məhkumdur. Bu gün məni də sevindirdin. Səni xoş xəbər olasan! Bu xəbərin hər kəlməsi ruhumu oxşadı. Yaxşılığa doğru necə dəyişməyindən xəbərin varmı? Səndə lap ruhani ovqatı varmış.

Yenə soruşdu:

- İndiyədək ruh çağıran, ruhlarla vaxt keçirən olubmu?

Yüngülcə köksünü ötürdü Hafiz, ancaq cavab verdi:

- Ruhani ovqatda olmaq lazımdır. Hər şeyin gözəl olduğunu istəmək bəs eləyər. “Qurani-Kərim”də buyurulur: “Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindədir. Sizə yalnız cüzi bilik verilib”. Sən deyilənlərə əməl elədin. Bu qədər az bilməyimiz belə çox gözəldir. Ruhun dincəldi, eləmi? Afərin, Yunis! Afərin!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG