Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:30
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Şölə Əlihüseynqızı

QARTOPU

Bu gün də Zəhra ayaqqabısının içinə sellofan kulyok qoyub geyindi.

Artiq üç il idi ki, məktəbə gedirdi. Və həmişə də payız və qış aylarında ayağı yaş olmasın deyə, belə edərdi. Sellofanlardan birini ayağına keçirər, o birini isə ayaqqabısının içinə qoyardı. Artıq buna öyrəşmişdi də...

Evləri məktəbdən uzaq olsa da, piyada gedib gələrdi. Düzdür, məktəbə soyuq aylarda hər gün getməsə də, verilən tapşırıqları hamıdan yaxşı öyrənirdi. Amma buna baxmayaraq, lövhəyə çıxmağa utandığından, dərslərə cavab vermirdi. Buna görə də məktəb yoldaşları ona “ikialan” deyirdi.

Bu gün hava, o biri günlərdən daha soyuq idi. Bunu Zəhra, yalnız bayıra çıxandan sonra hiss etmişdi. Soyuq oldugu üçün tələsərək məktəbə tərəf gedirdi. Hər halda məktəb bayırdan isti idi.

Qışda parta yoldaşı onu pəncərə tərəfdə otuzdurar, havalar istiləşəndə isə özü pəncərə qırağına keçərdi.

Soyuqda Zəhra demək olar ki, tənəffüs vaxtı da parta arxasından durmazdı, çünki gəzərkən ayaqqabısının içinə qoyduğu sellofanın səsi gəlirdi. Şagirdlər də Zəhranın ayağından gələn səsə gülərdilər. Ona görə də soyuq olsa belə, yerində donsa da, ayağa qalxmazdı. Dərslər bitdikdə isə sinifdən axırda çıxardı.

Zəhranın geyimi sinif yoldaşlarının geyimindən daha nimdaş olsa da, həmişə təmiz və səliqəli idi.

O, dərslərə diqqətlə qulaq asmağı sevirdi. Amma bu gün yox! Bu dərs, müəllimin dediklərindən bir söz belə anlamırdı. Hər dəqiqə pəncərədən bayıra baxırdı. Sanki gözlərində qorxu var idi. Onun bu diqqəti müəlliməsinə də təsir etdi və o da dərsi danışa-danışa pəncərədən boylandı. Düşündü ki, yəqin yenə də həyətdə məktəb oğlanları dava-dalaş salıb. Amma məktəbin həyətində heç kəs yox idi. Külək vıyıldayırdı... Daha sonra qar yağmağa başladı.

Qarı görən şagirdlər səs-küy salıb, sevinməyə başladılar. Yalnız Zəhranın üzünə qüssə çökdü.

Bu hələ birinci dərs idi, qarşıda bir neçə dərs də olmalı idi. Amma müəllimə havanın birdən dəyişdiyini və qarın daha da möhkəm yağdığını görüb, şagirdləri evə daha tez buraxacağını söylədi. Bu zaman uşaqlar sevindiklərindən daha çox səs-küy saldılar.
Artıq növbəti dərs idi. Zəhra yenə də pəncərədən boylandı. Ətraf qarla örtülmüşdü.
Zəng çalınan kimi çantalarını və geyimlərini hazır vəziyyətdə saxlayan şagirdlər müəllimənin “evə gedə bilərsiz” ifadəsini gözləmədən bayıra qaçdılar.
Sinifdə yalnız müəllimə və Zəhra qaldı.

Zəhra müəllimənin sinifdən çıxmasını gözləyərək gah qələmini yerə salıb, sonra qaldırır, gah da dəftərində nəyəsə baxırdı.

Müəllimə Zəhra ilə sağollaşıb sinifdən çıxdı.

O, yenə pəncərədən boylandı.

Məktəb yoldaşları qartopu oynayırdı. Külək azalmışdı, sakitcə qar yağırdı...
İndiyə kimi bir dəfə olsun belə, Zəhra qartopu oynamamışdı.

O, məktəb yoldaşlarına baxa-baxa xəyala daldı. Özünü də onlar arasında gördü. Ancaq pəncərədən görünən Zəhra başqa geyimdə idi. O, ağ rəngi çox sevirdi. Ona görə də xəyalındakı Zəhranı ağappaq geyindirmişdi. Həmişə arzu etdiyi kimi ağ kürkdə və ağ papaqda idi. Hətta uzun çəkmələri də ağ idi. O da qartopu düzəldib uşaqlara atır, ona qartopu dəyəndə isə gülürdü.

Gülə-gülə pəncərədən bayıra baxan Zəhranı şirin xəyallarından kimsə ayırdı.

Məktəbin qapıçısı idi. O, Zəhradan sinfi tərk etməsini istədi.

Yenə də Zəhranın üzünə qəm çökdü. Qara, nazik gödəkçə və papağını, ağ əlcəklərini geyinib bayıra çıxdı.

Zəhranı sanki güclə bayıra aparırdılar. Elə bil onu təhlükə gözləyirdi...

Bayıra çıxan kimi sinif yoldaşları ona qar atmağa başladılar. Zəhra onlara fikir verməyib yoluna davam edirdi. Sinif yoldaşları onu dövrəyə aldılar. Hərə bir tərəfdən onu saxlamaq üçün sözlər deyirdi. O isə sadəcə, "evə getməliyəm" - deyə cavab verirdi.
Zəhraya o qədər qar atdilar ki, ağlamağa başladı.

Oğlanlardan biri:

- Eee, yenə də bu zır-zır başladı da...

Sinif qızlarından biri:

- Sən niyə qartopu oynamağı xoşlamırsan axı???

Zəhra cavab vermədən ağlaya-ağlaya onlardan uzaqlaşdı. Indi bircə şeyi düşünürdü, tezliklə özünü evə çatdırmaq! Bəs necə?! Belə qarlı havada piyada getmək çətin idi.

Çantasında, çoxdan bəri yığdığı bir neçə qəpik var idi. Avtobusa minmək istəsə də, belə havada həm gec gəlirdilər, həm də dolu...

Bir az gözlədikdən sonra, çox da uzaq olmayan metroya tərəf yollandı.

Ayaqqabısı tamamilə su idi. Ayağı yaş olmasa da yaman donmuşdu. Hər addım atanda isə ayaqqabısından, yaş olmuş sellofanın səsi daha da qabarıq gəlirdi.

Metroya çatan kimi sevindi. Axı Metro isti idi. Amma burada da adam çox idi.

Çətinliklə də olsa qatara mindi. İki stansiya getməli idi. Düşünürdü ki, kaş iki stansiya deyil, daha çox gedərdi ki, daha çox isinsin. Elə bunu düşünürdü ki, birdən ətrafdakıların ona, əsasən də ayaqlarına baxdığını hiss etdi.

Ayaqqabısındakı sellofana dolan su ətrafa yayılırdı. Düzdür, onsuz da yer quru deyildi, amma heç kimin ayaqqabısından su, bu cür süzülmürdü. Suyun onlara tərəf axdığını görən bəzi qadınlar ayaqlarını narazı halda o yan-bu yana qoyurdular. Bu, Zəhranı daha çox utandırdı... Utandığından üzünün yandığını hiss etdi. Bilmirdi üzünü hansı tərəfə çevirsin ki, camaatın baxışından özünü gizlədə bilsin. Tez qapıya tərəf getdi. Metro səs-küylu olsa da, ayyaqqabısından gələn səs ətrafdakıların diqqətini daha da çəkdi.

Onsuz da qatarda hansı tərəfə baxmağı götur-qoy edən camaatın Zəhraya baxması bir fürsət idi. Zəhranın bu həyəcanı onların diqqətini özünə daha da çəkirdi.

Qapının şüşəsindən qaranlıq tunelə baxan Zəhra, şüşədən yenə də camaatın baxışlarını görürdü.

Qapılar açılan kimi Zəhra öz stansiyası olmasa belə, tez platformaya atıldı. Tələsərək çıxışa doğru getməyə başladı.

Piyada özünü evə çatdırdı. Ayaqqabılarını çıxarıb ayağını isitdi və ayaqqabılarını qurumağa qoydu. Yeməyini yedi. Pəncərədən, qartopu oynayan uşaqlara baxmağa başladı...

Çox keçməmiş Zəhranın atası içəri girdi.

Arıq, 40-42 yaşlı kişi idi. Amma görkəmindən daha yaşlı görünürdü. Əlində zənbil var idi.

Zəhra, dünyaya gəldiyi gün anasını itirmişdi. Atası ilə ünsiyyətləri az idi. Atası evdə olanda, çox vaxt yatırdı.

O, əlindəki zənbili fəxrlə, gülümsəyərək Zəhraya uzatdı. Zəhra isə sakitcə zənbili atasından aldı. Sanki içində nə olacağını əvvəlcədən bilirdi.

- Bu gün qonşunun damını vurmuşam. Bunları da o mənə verib.

Zəhra zənbildən bir palto, şərf, papaq çıxartdı. Palto qara olsa da, rəngi bozarmışdı.

Boyun tərəfindən də ipli qotazından biri düşmüşdü.

Sevinmədən - çox sağ ol, ata - dedi.

Atası Zəhraya təzə paltarlar ala bilməsə də, pulu olan kimi yeməyə xərcləyirdi. Amma, buna baxmayaraq Zəhra da atası kimi cılız və arıq idi.

Atası fəxrlə:

- Təzə paltonu geyin, sən də get bayırda qızlarla bir az qartopu oyna.

- Yox ata, evdə oturaram, - deyə Zəhra cavab verdi.

Hər dəfə bir bəhanə ilə bayıra çıxmaqdan boyun qaçırardı.

Heç vaxt səbəbini atasına demirdi və heç vaxt da, heç nədən şikayətlənməzdi. Əslində Zəhra da bütün uşaqlar kimi həyətə çıxıb oynamaq istəyirdi, amma həm bu gün başına gələnlərdən sonra bayıra çıxmaq istəmirdi, həm də paltarlarının çoxunu atasına, ətrafda yaşayan qonşular verirdi. Buna görə də onların gözünə görünmək istəmirdi.

Atası israr etdikdən sonra, Zəhra çarəsiz qalıb razılaşdı.

Atası yatmağa getdi.

Zəhra paltonu geyindi. O, bu paltonu sanki kiminsə əynində görmüşdü. Amma, xatırlaya bilmədi...

Əyninə baxdı. Geyindiklərinin hamısını köhnələndən sonra ona vermişdilər. Yalnız ağ əlcəklərini keçən il ad günündə atası almışdı. Ona görə də Zəhra bu əlcəklərini çox sevirdi.

Zəhra həyətə çıxdı. Qar yağırdı. Ətrafa boylandı. Ətrafda uşaqlar var idi. Zəhra onlardan aralı, hamının gözündən uzaq oynamaq istəyirdi.

Birdən, onunla həmyaşıd, amma ondan yaşca və görkəmcə daha böyük görünən bir neçə qız gördü. Qızlar isə qartopu oynayırdı və onu görmürdülər. O dəqiqə atasının paltonu hansı qonşudan aldığını anladı. Gizləndi. Sanki paltonu oğurlamışdı. Binaların arxasına keçdi. Nəhayət özünə daha az adam olan yer tapdi. Sakitləşdi. Hər şeyi unutmağa çalışaraq özünə Qar adamı düzəltməyə başladı.

Bu, ilk dəfə idi. Heç bilmirdi onu necə düzəldirlər, amma gördüklərinə əsasən birtəhər Qar adamını düzəltdi.

Elə təzəcə Qar adamını düzəldib qurtarmışdı ki, arxadan adam səsləri eşitdi...

Bu, Zəhranın gizlənməyə çalışdığı həmin qızlar idi. Zəhra onlara fikir verməməyə çalışırdı. Qar adamının əlini-qolunu bərkidirdi.

Qızlardan biri:

- Ay Zəhra, səndən nə əcəb bayıra çıxmısan? Bəs burda niyə oynayırsan? Gəl bizimlə oyna da...

Zəhra əmin idi ki, qonşu qız bu sözləri kinayə ilə deyir. Zəhranın cavab vermədiyini görüb sözünə davam etdi:

- Bu qar adamı keçələ oxşayır, əynində, başında heç nəyi yoxdur ki... Ağıllı-başlı düzəlt də...

Zəhra yenə də cavab vermirdi və başını Qar adamı ilə qatmağa çalışırdı.

Qar daha da möhkəm yağmağa başlayırdı. Amma külək yox idi.

Qız Zəhranın yenə cavab vermədiyini görüb daha çox kinayə ilə

- Aaa, ay Zəhra, yadima sal sənə bu paltonun o biri qotazini da gondərim. Evdə olmalıdır.

Yanındakılar da onun sozlərinə gülümsəyirdilər. Zəhra yenə susurdu...

- Təzə paltom xoşuna gəlir? Kaşmirdi yeee...Köhnəlsə gələn il, ya da, o biri il sənə verərəm.

Zəhra özünü çox pis və pərt hiss edirdi, amma bunu biruzə verməməyə çalışırdı.

Birdən Zəhra əynindəkiləri çıxarmağa başladı. Paltonu, papağı, şərfi çıxarıb Qar adamına geyindirdi.

Qızlar və ətrafdakılar ona təəccüblə baxırdılar. Amma heç kim dinmirdi.

Zəhra aralıda dayanıb qar adamına baxdı. Düşündü ki, indi qar adamı daha yaxşı görünür. Sonra qartopu düzəldib qar adamına atmağa başladı. Elə sevinirdi ki, sanki butun hirsini onu incidənlərdən çıxırdı. O qədər qar atdı ki, qar adamı əynindəkilərlə birgə yerə düşüb parçalandı.

Zəhra xeyli güldü. Sonra yerə uzanıb göyə baxmağa başladı.

Artıq gülmürdü. Qarın yağmasına belə baxmaq necə də gözəl imiş, deyə düşünürdü.

Ətrafdakıların üzərinə qar dənələri düşdükdə, tezliklə əriyirdi. Zəhra isə getdikcə daha çox qarla örtülürdü. Hətta saçları da görünməz oldu. Bəlkə də buna səbəb Zəhranın bədəninin soyuq olması idi. Amma hər halda Zəhra soyuğu hiss etmirdi. O, özünü çox rahat və xoşbəxt hiss edirdi.

Ətrafdakılar dağılışdı...

Qar Zəhranı həmişə arzu etdiyi kimi ağappaq geyindirdi!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG