Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:19

Leyla Məmmədova "Siz dəlisiz?" (20-liyə düşməyən hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Leyla Məmmədova “Yazan”


SIZ DƏLİSİZ?

- Siz dəlisiz?

- Nə tez hiss etdiniz?

- Dəlixanada qarşılaşanda adam hiss edir. Təzəsiz burda deyəsən.

- Dəlixanada?

- Yox burda.

- Bura dəlixana deyil?

- Mənə deyirlər ki, bura ruhi xəstəxanadır.

- Yox, çoxdan. Bağışlayın getməliyəm.

Bu saatlarda bizə həyətdə gəzməyə icazə verirlər. Mən insanam və burdayam. Indi gəzirəm və yazıram. Özüm haqqımda bildiyim bunlardır. Məlumatlarım heç vaxt nə çoxalır, nə də azalır. Bura 5 il əvvəl özüm gəlmişdim. Niyə? - soruşsanız, rahatlığım üçün. Burda heç kim mənə dəli demir. Ən azından bayaqkı söhbətə qədər demirdilər. Bizi pasient deyə çağırırlar. Mənə isə yazan deyirlər, çünki nə edirəmsə, nə danışıramsa, hamısını yazıram. Hərdən düşünürəm ki, çiynimdəki mələklərə ehtiyac yoxdur. Onsuz da hər şeyi özüm yazıram.

Palataya gedirəm. Pilləkənləri qalxıram. On üç pillə, yenə də on üç pillə, sola dönürəm, bir az da yeriyirəm, qapıdan girirəm. Keçib çarpayımda otururam. Otaq xoşuma gəlir. Çox əşya yoxdur. Divarlar ağardılıb və onlara kiçik ölçülü mənzərəli şəkillər asılıb. Çarpayılar, stullar, stol burdakı nadir əşyalardandır. Əsas şeyi deyim ki, əvvəllər pəncərədən ağac görünürdü. İndi o yoxdur. Hər fəsildə onun dəyişməsini görürdüm. O da mənim dəyişməyimi. Deməliyəm ki, burda palata yoldaşım var. Onunla hərdən söhbətləşirik. Deyir ki, onu bura usaqları gətirib. Bir dəfə ondan soruşmuşdum:

- Sən öz-özünlə danışırsan?

- Yox, danışmıram.

- Yaxşı görək, hamı danışır.

- Məndə artıq mövzu qalmayıb. Hamısını özümlə danışıb qurtarmışam. Nə haqda danışım ki?!

Mən ona inanıram. Onun saçları ağarıb. Hec vaxt həyətə getmir. Bizə icazə veriləndə də. Yalnız koridorlarda gəzişir.

Həmişə dəlilər haqqında lətifələr danışırlar. Hamının gülməkdən ürəyi gedir. Əslində biz də ordakı söhbətləri eşidəndə çox gülürük. Düzünü desəm, bəzən həkimlərin və tibb bacılarının söhbətlərinə qulaq asırıq.

Hərdən məktub yazmaq istəyirəm. Heç vaxt heç kimə məktub yazmamışam. Indi yazmaq istəyirəm. Çünki vidalaşmalıyam. Amma kimə yazım? Indi həyəcanlandım, hətta gülümsəyirəm , sonra əllərimi saçlarıma toxundururam. Və uzanıram. Ağacın kəsilmiş ayaqlarına baxıram. Bəlkə ona məktub yazım? Yox, onsuz da o məni görürdü. Haqqımda demək olar ki, hər şeyi bilirdi. Bəlkə tibb bacısına yazım? O da məni hər gün görür. Bəlkə Tanrıya yazım? Düşünürəm, yenə düşünürəm, əslində bayaq düşünməyə davam edirdim. Tanrı üçün də mələklər yazır. Ozü də iki mələk.

Yatmaq istəyirəm. Yuxu gəlir. O həmişə hardansa peyda olur. Yuxunun ağappaq saçları var. Barmaqları uzun, siması mülayimdir, amma deyəsən, hamı kimi o da qocalıb. O mənə yaxınlaşaraq barmaqlarını gözümə toxundurur. Tez onu özümdən uzaqlaşdırıram. Yatmayacam , çünki məktub yazmalıyam. Elə indi başladım:

Salam, mən yazanam. Vəziyyətim yaxşıdır. Kiməsə məktub yazıram. Məni tanımırsız. Mən yaxşıyam, doğurdan yaxşıyam. Buna inanmalısız. Sizə ağacdan danışmaq istəyirəm. O mənim dostumdur. Həmişə məni görürdü. Ağac hərdən mənə şikayət edirdi. Deyirdi həmişə qollarımı açıq saxlamışam ki,məni qucaqlayasız. Amma yenə də heç kim onu qucaqlamırmış. Amma mən onu qucaqlamışdım. Həkim kənardan baxıb gülümsünmüşdü. Yəqin o, ağacı qucaqlayan adam görməmişdi. Bilmirəm... O günlərdən etibarən biz ağacla dostuq. İndi o yoxdur. Onu öldürdülər. Gözlərimə gəlir. İndi mən ağlayıram. Əlimlə gözümdəki damcıları silirəm. Yenə ağlamağa davam etsəm də, yazıram. Demişdilər ki, o, qocadır, boş-boşuna yer tutur. Palata yoldaşım qocaya da uşaqları belə demişdilər. Əvəzində başqa ağaclar olacaq imiş. Axı onlar mənim dostum olmayacaqlar. Ağacın kötüyünə baxıram. Mən yenə ağlayıram, ayaqlarımı tərpədirəm. Qələmimi sıxıram. Sizinlə sağollaşmalıyam. Bağışlayın ki, sizə yazdım. Məktub yazdığım vərəqi cırıb pəncərədən atıram. O uçur... Sonra mən özüm pəncərəyə yaxınlaşıram. Əlimi küləyə doğru uzadıram. O mənim əlimdən tutdu. Əlləri soyuq olsa da, məni buraxmır. Digər əlimdəki dəftəri pəncərənin yanına qoyuram. Və kağız kimi uçuram.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG