Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:00

Xuraman Hüseynzadə: "Yaşamaq uğrunda mücadilə aparıram"


Gənc yazar Xuraman Hüseynzadənin "Ədalət" qəzetinə müsahibəsi. Onunla Cəlil Cavanşir söhbətləşib.


- Necəsən Xuraman? Bildiyim qədər səhhətində problemlər var. İstəyirəm bu barədə danışasan...

- Yaxşıyam, çox sağ ol. Düzü, bu barədə heç vaxt danışmamışam. Xeyli vaxtdır, MS və onurğa iliyində mielit xəstəliklərindən müalicə olunuram.

Bir onu deyim ki, uzun zamandır yaşamaq uğrunda mücadilə aparıram. Xəstəliyin simptomları hər dəfə özünü büruzə verdikdə ən azı 10 gün xəstəxanada yatmalı oluram. Ağrılar hər dəfə başqa formada özünü göstərir. Sonuncu dəfə gözlərim də tutulmuşdu.

Bunlar bir qırağa, normal həyata qayıtmaq üçün hər dəfə ən azı 500-600 manat iynə-dərmana xərcimiz çıxır. Üstəgəl xəstəxanada bir gün qalmağa 10 manat, başqa xəstəxana xərcləri, müayinələr gəlib təxminən 1000 manata çıxır. Sağala bilmirəm.

Əlac özümü qorumağa qalıb. Ailəm də, qohum-əqrəba da maksimum məni qorumağa çalışır. İsti duş, çay, yemək, olmaz. Eyni zamanda əsəbləşmək, stress, ağlamaq qətiyyən olmaz. Bunlardan isə sığortalanmamışam. Hər an hər şey ola bilər.

- Xəstəxana məsrəflərini kim ödəyir?

- Ailəmiz, qohumlar.

- Yazıçılar Birliyinin üzvü kimi, AYB-nin poliklinikasının xidmətlərindən yararlana bilirsənmi? AYB sənin müalicən üçün hər hansı bir yardım edirmi?

- Yox. Bu xəstəliklər AYB-nin poliklinikasının yardım edəcəyi xəstəliklər deyil. Və mən bununla bağlı ora müraciət etməmişəm. Etmək fikrim də yoxdu. Səbəb isə sadədi: İnsanın gördüyü iş eyni zamanda onun mənəviyyatının göstəricisidir. Son günlər baş verənlər dediklərimi bir daha təsdiqlədi.

- Yəqin mənzil növbəsində yaşananları nəzərdə tutursan...

- Fikir verin, AYB rəhbərliyi Fikrət Qocanın oğlu Yalçın Qocanın iki otaqlı evi ola-ola onun adını da mənzil siyahısına salıb ki, mənzilinin sahəsini genişləndirsin. Halbuki bu adamın ədəbiyyata dəxli yoxdu. Amma AYB üzvü olan istedadlı yazarlar var ki, əsərlərini dizinin üstündə yazır. Yağışdan, gündən qorunmağa daxması da yoxdu. Bütün bunlar isə AYB rəhbərliyinin mənəviyyatından xəbər verir. Bu tərəfkeşliyi, qohumbazlığı görə-görə bu mənəviyyatın, əxlaqın sahiblərindən kömək istəməyə dəyərmi?

- Ümumiyyətlə, AYB-də mənzil növbəsi və prezident təqaüdü ilə bağlı başlayan qalmaqallara münasibətin necədir?

- Orda hər şey şəxsi münasibətlər zəminində həyata keçirilir. Mən bu haqda dəfələrlə danışmışam. Ora yazıçıların birliyi deyil. Azərbaycan ədəbiyyatını yaradanlar bu gün o qurumdan uzaqdadırlarsa, ora Yazıçılar Birliyi demək qəbahətdir. Başlarına topladıqları gənc yazarlar orada kreslo tutmaq üçün əldən-ayaqdan gedirlər. Yaşlılar isə bir az uzağa baxıb həm dədə-babalarının, həm də özlərinin əbədiyaşarlığını təmin etmək üçün cəngə çıxıblar. Mənəviyyatı aşınmış adamların rəhbərlik etdiyi bir qurumun təqaüdü də nəzir kimi qiymətləndirilir. Sanki ciblərindən sədəqə verirmişlər kimi davranırlar. Mənzil bölgüsündə təqdir etdiyim yalnız Ayxan Eyvazın adının siyahıya salınması idi. Onu da yəqin gözdən pərdə asmaq üçün etdilər.

- Qruplaşmalar, dəstəbazlıq, bölünmələr...Ümumiyyətlə yazıçı hansısa məqsəd naminə müəyyən qrupun daxilində olmalıdırmı?

- Bu, bütün dövrlərdə və bütün sahələrdə rast gəlinən bir tendensiyadır. Ədəbiyyatda
qruplaşmaların olmasının hardasa ədəbiyyata xeyri var. Məsələn, tutaq ki, Anara, Fikrət Qocaya və s. qarşı olanlar özlərini sübut etmək üçün nəsə ortaya çıxarmağa çalışırlar. Məsələn, Anar da alternativ olaraq özünü sübut etmək istəyir və yazdığı "Həcv" olur. Burdan da kimin nəyə qadir olduğu üzə çıxır. Və bir də o məlum olur ki, Anarı dəstəkləyən qrup da gələcəyin belə "Həcv" yazanlarından olacaq... Belə qruplaşmalar bu kontekstdə bir növ bədii süzgəc rolunu oynayır.

- AYB-nin növbəti qurultayını hələ də ləngidirlər. Səncə bunun səbəbləri nədir? Səncə AYB-nin növbəti sədri kim olacaq?

- Üzümüzə gələn 25 il üçün AYB sədrliyinə Fikrət Qocanı hazırlayırlar. Çox güman ki, qurultayın ləngiməsinin əsas səbəblərindən biri Fikrət Qocanın astagəlliyidi...

- Gənc qələm sahibi kimi, AYB-dən hansı gözləntilərin var?

- Ordan yalnız ağılagəlməz "kinder-sürpriz"lər gözləmək olar. Mənzil bölgüsündə olduğu kimi...

- Yaradıcılığında nə yenilik var? Növbəti kitab barədə düşünürsənmi?

- Yeni şeirlərim var. Payızda "Mən şeytanam" adlı 5-ci şeirlər kitabımı nəşr etdirməyi düşünürəm. Tam fərqli bir kitab olacaq. Rəssamla işləyəcəyik bu dəfə. Hər mövzuya uyğun rəngli illüstrasiyalar, fərqli dizayn və s.

- Son vaxtlar ədəbiyyatda yenidən canlanma hiss olunur. Səncə bu canlanma nə ilə bağlıdır?

- Azadlıq Radiosunun keçirdiyi müsabiqə, "Nəsimi" ədəbi mükafatı, ədəbi portalların sayının artması buna təkan verdi. Bu, əlbəttə, yaxşı haldı. Belə müsabiqələr çox keçirilsə, ədəbiyyat da inkişaf edər. Eyni zamanda kitaba maraq da artıb.

- Yazıçıların, şairlərin siyasi mövqe nümayiş etdirməsi ədəbiyyata nə verir və ədəbiyyatdan nə alır?

- Yazıçı Marqaret Dürasın həyatı bu baxımdan nümunəvidir. Aktiv siyasi fəaliyyətlə məşğul olan madam Düras Əlcəzair müharibəsi zamanı Müqavimət hərəkatının fəal üzvlərindən biri idi. Buna baxmayaraq o, yazıçı kimi tarixdə qaldı. Hətta "Dalğaqıran"ı belə bədii səciyyə daşıdı. Yaxud Andrey Platonov riyakar bir cəmiyyətin qınından riyakarlığa bulaşmadan sıyrılıb çıxa bildi. Əsas odur ki, yazıçının xarakteri zədələnməsin, çoxluğun dediyini deyə bilsin. O zaman xalq da qazanır, ədəbiyyat da. Ümumiyyətlə, yazıçı universal qabiliyyətlərə malik olduqda daha maraqlı olur. Bura siyasi fəaliyyətdən başqa, Vladimir Vısotskidə olduğu kimi incəsənət qabiliyyətlərini də əlavə edə bilərik...

- Müasir yazarlardan kimləri oxuyursan? Ümumiyyətlə yenicə kitab oxumağa başlayan oxuculara hansı gənc müəllifləri tövsiyə edirsən?

- Elif Şafaqı bəyənirəm. Yeşim Ağaoğlu istedadlıdır. Sevdiyim yazarlar var ki, mənim üçün həmişə aktualdırlar. Qadın yaradıcılığı baxımından təqdir etdiyim yazıçı Vircinya Vulfdur. Bizim yazarların bacardığım qədər hamısını oxumağa çalışıram. Təqdir etdiklərim də var, bir dəfə oxuyub, sonra oxumadıqlarım da. Yenicə kitab oxumağa başlayanlara da tövsiyə edirəm ki, bacardıqları qədər hamını oxumağa çalışsınlar. Rafiq Tağını da, Zəlimxan Yaqubu da, Rasim Qaracanı da, Seymur Baycanı da, hətta Narıngül Babayevanı da... Kimin yaxşı, kimin pis olmasını özləri asanlıqla müəyyən edəcəklər. Folkner deyirdi ki, cəfəngiyyat yazmamaq üçün cəfəngiyyat da oxumaq lazımdı...

Cəlil Cavanşir
"Ədalət" qəzeti
XS
SM
MD
LG