Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:08

Xəstə reanimasiya şöbəsindən yoxa çıxıb


Foto: Arxiv
Foto: Arxiv
33 yaşlı Kürdəmir sakini Nizami Qarayev xəstəxananın reanimasiya şöbəsindən yoxa çıxıb.

Bu barədə AzadlıqRadiosuna itkin düşən xəstənin qardaşı Füzuli Qarayev məlumat verib:

«Qardaşım ruhi sarsıntı keçirdiyindən beynində problemlər var idi, həm də mədə-bağırsaq pozuntusundan əziyyət çəkirdi. Aprelin 26-da onu Bakıya gətirdik, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə qoyduq. Orda yatırdı. Mayın 1-i səhər onunla görüşdüm. Qarnı dayanmadan gedirdi. Həkim anama deyib ki, ona geyindirmək üçün bez lazımdır. Anam günorta saat 2 radələrində düşüb aptekə qayıdanda qardaşımı gördüm deyən olmayıb».

Füzuli Qarayev deyir ki, mayın 1-dən qardaşını axtarmadıqları yer qalmayıb:

«Xəstəxana bilmir, həkimlər bilmir. Səhiyyə Nazirliyinə də müraciət etmişik. Dedilər, reanimasiyada müşahidə kamerasının yaddaşına baxılacaq. Amma sonradan bildirdilər ki, o kamera da işləmir. Bu hadisə həkimlərin, xəstəxananın məsuliyyətsizliyi üzündən baş verib. Xəstəxana paltarında olan adam reanimasiya şöbəsindən necə çıxa bilər?».

Xəstəxanadan məlumatı təsdiq ediblər. Bildiriblər ki, artıq Nizami Qarayevin xəstəxananı tərk etməsi barədə polisə rəsmi müraciət də olunub. Adının çəkilməsini istəməyən həkimin AzadlıqRadiosuna dediyinə görə, həmin xəstə bir neçə dəfə xəstəxananı özbaşına tərk etsə də, hər dəfə o, geri qaytarılıb.
XS
SM
MD
LG