Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:38

«KQB» agenti olmuş müxalif partiya sədrləri, «yazıçı-katibə» söhbəti…


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Müsavat» qəzeti yazır ki, «Bakı Avropaya qarşı qaz silahını işə salır».

Qəzetə görə, Azərbaycan-Avropa Birliyi qarşıdurması iqtisadi müstəviyə keçir. Bakı Rusiyaya qaz ixracını 2 dəfə artırmağa hazırlaşır.

ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov «Bloomberg» agentliyinə müsahibəsində deyib ki, «Azərbaycan Rusiyaya qaz ixracını 2 dəfə artırmağa hazırdır. Azərbaycanı Rusiya ilə birləşdirən (Hacıqabul-Mozdok) qaz kəmərinin nəql imkanları ildə 7 milyard kubmetrdir və onu doldura bilərik».

Qəzet Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun «Qarabağ məsələsinə gözlənilən dəstək olmasa, Bakı Qərblə münasibətlərinə yenidən baxa, başqa bloka qoşula bilər» fikirlərini yada salır. Qeyd edir ki, «Novruz Məmmədovun ardınca ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov da Qərbi sıxışdırmağa başlayıb».

YAZIÇILARIN «YAZIÇI-KATİBƏ» SÖHBƏTİ

«Bizim yol» qəzeti Azərbaycan Yazıçılar Birliyinin (AYB) mənzil qalmaqalında böyük şübhələrin olduğunu yazır. Qəzetə görə, «birlik üzvlərinin adları müəmmalı şəkildə siyahıdan itir, növbəti qurbanlar Əsəd Cahangir və Qulu Ağsəsdir». Qəzet yazır ki, AYB rəhbəri Anarı həmişə müdafiə edən Birlik üzvü Əsəd Cahangir bu dəfə özü Anarı hədəfə alıb.

Qəzetə müsahibəsində Əsəd Cahangir evə ehtiyacı olan yazarlar qaldığı halda bir-neçə yerdə evi olan adamlara, katibə və makinaçılara ev verilməsinə etiraz edib.

İlham Əliyev
İlham Əliyev
«Belədirsə onda qurumun adını dəyişib Azərbaycan Katibələr Birliyi qoysunlar», - deyə tənqidçi bildirib.

PREZİDENTİN NYU-YORKDA DEDİKLƏRİ

«Bu gün Azərbaycan bütün siyasi azadlıqları-mətbuat azadlığını, ifadə azadlığını, azad interneti, dini azadlığı təmin edən müasir, demokratik və açıq ölkədir».

Milli Məclisin orqanı olan «Azərbaycan» qəzeti yazır ki, bu fikirləri Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20 illiyi münasibətilə mayın 3-də Nyu-Yorkda təşkil olunan rəsmi qəbulda prezident İlham Əliyev deyib.

«ƏLİMİZDƏ RADİKAL MÜXALİFƏTİ İFŞA EDƏCƏK ÇOXSAYLI MATERİALLAR VAR»

«Yeni Azərbaycan» qəzeti İctimai Palata tərəfindən məhkəməyə verilməsi məsələsini əsl fürsət kimi dəyərləndirir:

«Çünki açıq və ədalətli məhkəmə prosesində radikal müxalifətin antimilli əməllərini ifşa etmək üçün əlimizdə ən müxtəlif mənbələrə əsaslanan çoxsaylı materiallar var».

KORRUPSİYA BARƏDƏ XƏBƏR VERƏNLƏR QORUNACAQ?

«Exo» qəzeti korrupsiya şahidlərinin məxfiliyinin tam qorunacağını yazır.
Sülhəddin Əkbər
Sülhəddin Əkbər
Qəzetə görə, korrupsiya ilə bağlı məlumat verənlərin qorunmasına dair parlamentə təklif göndəriləcək:

«Hətta söhbət korrupsiya barədə məlumat verən adamın şəxsi məlumatlarının tam dəyişdirilməsindən gedir».

MÜXALİFƏTDƏKİ 2 PARTİYA SƏDRİ «KQB» AGENTİDİR

«Azadlıq» qəzetinin yazdığına görə, «Azərbaycanda iki partiya sədri «KQB» agenti olub». Bu fikirləri qəzetə AXC hakimiyyəti dövründə MTN-də müavin postunda çalışan Sülhəddin Əkbər deyib:

«MTN-də nazir müavini işlədiyim vaxtda arxiv materiallarının bir qismi ilə tanış olmuşam. Hazırda müxalifətdə olan partiyaların bir neçəsinin sədri «KQB» agenti olub. Bunların arasında elələri var ki, ikili, üçlü oyunlarda iştirak edir. İran və Rusiyanın qurduğu oyunlarda müvafiq rol alırlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG