Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:54
Keçmiş polis mayoru, həbsdə olan Rəfail Mirzəyevin həyat yoldaşı Təranə Nağıyeva AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir, əri sifarişlə həbs olunub və narkotik maddə alverində təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

«NAZİRƏ YAZDIĞI 60 MƏKTUBA CAVAB ALMADI VƏ...»

Təranə Nağıyeva deyir ki, əri uzun illər polis orqanında işləyib. Nəsimi rayon Polis İdarəsinin narkobiznesə qarşı mübarizə şöbəsində işləyərkən rəhbərliklə problemləri olub. 2009-cu ildə işdən azad edilərək Qazax rayon polis şöbəsinin Daşsalahlı polis bölməsinə təhqiqatçı təyin edilib. Vəzifəsi kiçildilərkən ona heç bir izahat verilməyib. Qazaxda işləyərkən dəfələrlə nazirin adına təyinatının ailəsinin yaşadığı Bakı şəhərinə dəyişdirilməsi üçün müraciətlər yazıb göndərsə də, yazdığı 60 məktuba cavab almayıb. Sonralar nələr baş verib, keçmiş polis mayorunun həyat yoldaşı Təranə Nağıyeva danışır:

«Bakıya gələndə Daxili İşlər Nazirliyinin kadrlar idarəsinə gedib və yenə müraciət edib ki, təyinatını Bakıya dəyişsinlər. Ona bildiriblər ki, ali məktəbi bitirib gələnləri işlə təmin edəndən sonra ona da Bakıda bir iş verəcəklər. Yoldaşım narazılığını bildirib ki, Bakıda işlə təmin etmirsinizsə, mən təqaüdə çıxım. DİN-dən çıxıb evə gələndən sonra bölmə rəisi zəng vurub dedi ki, sən Nazirliyə niyə getmisən? İndi ordan zəng vurub məni danlayırlar ki, işçin Bakıda nə gəzir. Tələb edirlər ki, sənə töhmət verim. Yoldaşım da dedi ki, rəhbərliyə ərizə ilə müraciət edib, icazə alıb gəlmişəm. Rayona qayıdanda bölmə rəisi yoldaşıma töhmət verib. Yoldaşım da əsəbiləşərək nazirə məktublar yazır ki, onu qəbul etsin. Müsbət cavab ala bilməyəndə prezidentə, ATƏT-in Bakı ofisinə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya yazır ki, bəlkə onların göstərişi ilə nazir bunu qəbul edib dinləyər. Yenə nəticəsi olmadı. Axırda bezib nazirə yazdı ki, bəs mən nə edim, gedim Ermənistan nazirinin qəbuluna yazılım? Bunu yazandan sonra aləm bir-birinə dəydi. Çağırıb danladılar ki, bu nədir nazirə yazmısan. Sonra da başladılar bunu ilişdirmək üçün planlar qurmağa. Bu işdə ailəmizə yaxın olan, əvvəllər polisdə işləmiş və işdən qovulmuş bir nəfərdən istifadə etdilər. Həmin adam Rəfailin yanına gəlib dedi ki, guya ona söz veriblər ki, bir əməliyyat qurub narkotiklə adam tutsa, onu işə qaytaracaqlar. Ağlımıza da gəlmədi ki, əslində həmin adamdan Rəfailə qarşı istifadə edirlərmiş».

«ÖZÜ ƏMƏLİYYAT QURDU, ÖZÜ DƏ HƏBS OLUNDU»

Təranə Nağıyeva deyir ki, Rəfail Mirzəyev məzuniyyətdə olduğu vaxt həmin adama narkodiler müəyyən etməkdə kömək edib, narkodileri tutmaq üçün əməliyyatı da özü qurub və iştirak edib. Əməliyyat uğurla həyata keçirilib. Narkodiler külli miqdarda həşişlə saxlanılıb. Ancaq əməliyyatçılar onunla birlikdə Rəfail Mirzəyevin özünü də saxlayıblar. Narkotiklər

Narkotiklər

Sonradan ona məlum olub ki, əslində o, bu əməliyyata özünün həbsi üçün cəlb olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə görə, Rəfail Mirzəyev keçən il iyulunda başqasından külli miqdarda kustar üsulla hazırlanmış həşiş qatranı alıb. Sonradan o, Bəhruz Umarov adlı şəxslə dəmiryol vağzalı ərazisində həmin həşişin 1 kiloqramını 3 min manata satarkən saxlanıb. Rəfail Mirzəyev nə ibtidai, nə də məhkəmə istintaqında özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, həmin vaxt məzuniyyətdə olsa da, əməliyyatı Qazax rayon Polis Şöbəsinin bölmə rəisi ilə razılaşdırmış şəkildə həyata keçirib. Ancaq əməliyyat zamanı özü də həbs olunub. Məhkəmə isə onun ifadəsini səmimi qəbul etməyib.

DİN İTTİHAMLARI RƏDD EDİR

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə keçmiş polis mayorunun həyat yoldaşının ittihamlarını həqiqətdən uzaq və qərəzli adlandırıb. O deyir ki, Rəfail Mirzəyev son illər xidməti vəzifəsinin icrasına səhlənkar yanaşıb:

«Məhkəmə qarşısına çıxana qədərki fəaliyyətində və azadlıqdan məhrum edilməsində Rəfail Mirzəyevin özü günahkardır. Daxili İşlər Nazirliyinin rəhbərliyi və işlədiyi idarə, şöbə rəhbərliyi tərəfindən ona qarşı heç bir qərəz, təzyiq olmayıb. Əksinə, 2009-cu ilin may ayına qədər bu adam Nəsimi kimi böyük bir rayonun Polis İdarəsində narkotiklərlə mübarizə bölməsinin rəisi işləyib. Ona etimad göstərilməsəydi, heç o vəzifəyə təyin olunmazdı da. O, bu vəzifədə də özünü intizamsız bir əməkdaş kimi göstərib, xidməti vəzifəsinin icrasına səhlənkar yanaşıb, dəfələrlə xidməti nizam-intizam qaydalarını pozub. Bununla əlaqədar rəhbərliyin onun barəsində tətbiq etdiyi intizam tənbehi tədbirlərindən heç bir nəticə çıxarmayıb. Ona görə də, 2009-cu ilin may ayında Qazax rayon Polis Şöbəsinin Daşsalahlı Polis Bölməsində təhqiqatçı vəzifəsinə keçirilib. Orda işlədiyi müddətdə də üzrsüz səbəbdən dəfələrlə işə çıxmadığına görə yenə də barəsində müəyyən intizam tədbirləri görülüb, ona töhmət verilib. Ümid olunub ki, intizam tənbehindən ciddi nəticə çıxarıb işində dönüş yaradacaq. Ancaq təəssüf ki, əksinə olub, R.Mirzəyev cinayət yoluna qədəm qoyub».

Məhkəmə hökmündən narazı qalan Rəfail Mirzəyev isə məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG