Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:13

MTRŞ: «Space» kanalı cərimələnəcək


Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) əcnəbi teleserialın yayımını davam etdirən telekanala qarşı ciddi tədbir görəcək.

«Şura «Space» telekanalında «Bu zalım dünyada doğulma» teleserialının «Kimdir haqlı» layihəsi çərçivəsində yayımını qanunsuz sayır və buna qarşı ciddi tədbirlərin görüləcəyini bəyan edir», - bunu Trend-ə açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, serialın belə layihə çərçivəsində yayımı qanunauyğun deyil.

Məhərrəmli bildirib ki, MTRŞ tərəfindən buna qarşı tədbirlər görüləcək. Şuranın gələn həftənin əvvəlində keçiriləcək iclasında bu məsələ müzakirə ediləcək.

«Bu məsələyə qəti şəkildə öz etirazımızı bildirəcəyik. Bu hal yolverilməzdir. Biz telekanalın belə variantlarla öz işlərini görməsini qətiyyən qəbul etmirik», - Məhərrəmli əlavə edib.
Onun sözlərinə görə, kanala ilk olaraq xəbərdarlıq ediləcək və cərimələnəcək.

Şura sədri deyib ki, digər kanallar MTRŞ-nin mayın 1-dən xarici teleserialların yayımının dayandırılması barədə qərarına əməl edir. Buna görə də hazırda həmin kanallarla bağlı heç bir problem yoxdur.

«Digər telekanallar MTRŞ-nin qərarına əməl edirlər. Əsas problem «Space» kanalı ilə bağlıdır. Onlar gizli şəkildə bu işi davam etdirirlər. Bu, yolverilməzdir», - Məhərrəmli qeyd edib.

MTRŞ-nin qərarına əsasən, yerli telekanallar mayın 1-dən xarici teleserialların yayımını dayandırmalıdırlar. Bununla bağlı kanallara bir neçə ay əvvəlcədən xəbərdarlıq edilmişdi.

«Space» kanalında mayın 1-dən «Kim haqlıdır» layihəsi çərçivəsində «Bu zalım dünyada doğulma» serialı ilə bağlı müzakirələr aparılır və filmdən müəyyən yeni süjetlər tamaşaçılara təqdim edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG