Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:16

İsveçin Mətbuat Azadlığı Mükafatı Məlahət Nəsibovaya verilir


Məlahət Nəsibova

Məlahət Nəsibova

Mayın 3-də İsveçdə hüquq müdafiəçisi Məlahət Nəsibovaya Sərhədsiz Reportyorlar Təşkilatının mükafatı təqdim edilir.

Qurumun təmsilçisi Merete Grut bildirir ki, bu mükafat ona Azərbaycanda mətbuat azadlığı, söz azadlığı, demokratiya və insan haqları uğrunda cəsarətli işinə görə verilib:

«Bu, İsveçin 2012-ci il üçün Mətbuat Azadlığı Mükafatıdır. Biz qərara gəldik ki, bu mükafatı Məlahət Nəsibovaya verək. Onun ifadə azadlığı, mətbuat azadlığı, demokratiya və insan haqları sahəsində cəsarətli fəaliyyətinə görə bu mükafata layiq görülüb. Onun xüsusilə Naxçıvanda bu sahədə çalışması təqdirəlayiqdir. Azərbaycanda insan haqları sahəsində vəziyyəti, «Eurovision» mahnı yarışmasına görə beynəlxalq ictimaiyyətin diqqətinin həmin ölkəyə yönəldiyini nəzərə alaraq qərara gəldik ki, mükafat Azərbaycandan olan nominanta verilsin».

Məlahət Nəsibova AzadlıqRadiosuna müsahibəsində deyib ki, mayın 3-də axşam mükafatın təqdimetmə mərasimində çıxışında da Naxçıvanda insan haqları sahəsində vəziyyəti təsvir edəcək:

«Mən bu mükafatı Naxçıvanda mənimlə birlikdə çalışan insanların adına alacam. Bu cür beynəlxalq mükafatlar Naxçıvanda fəaliyyətimizin təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır».

Məlahət Nəsibova ilk beynəlxalq mükafatı 2009-cu ildə alıb. Onda AzadlıqRadiosunun Naxçıvan Muxtar Respublikasında müxbiri kimi işləyən Məlahət Norveçin İnsan Hüquqları üzrə «Rafto» mükafatına layiq görülmüşdü. Hazırda o, Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinə rəhbərlik edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG