Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:54
-
««Barcelona»nın «Chelsea»yə uduzmağı qanımı qaraltdı».

Dörd divar arxasında, dustaqların əhatəsində keçən 1 il 10 gün. İctimai Palatanın ötən il 2 aprel mitinqi zamanı həbs edilən Arif Alışlı bir neçə gündür ki, azadlıqdadır. Cəzası yüngülləşdirilib, həftədə bir dəfə məntəqə tipli cəzaçəkmə müəssisəsinə gedib müvafiq sənədlərə imza atmaq şərtilə evə buraxılıb.

Qəzet oxumaq, futbola baxmaq, şahmat oynamaq və dustaqları maarifləndirmək – 1 illik məhbəs həyatını belə təsvir edir Arif Alışlı:

«Bizim kimi insanları məhkum etmək özü bir cəzadır. Üstəlik, aparıb az və ya çox cinayətlər törətmiş, narkoman və vərəm xəstəsi olan insanların içinə atılmağımız isə ikinci cəza növüdür. Çox çətin keçdi».

«YÜKÜ AZALTMAQ ÜÇÜN MƏNİ AZAD EDİBLƏR»

Arif Alışlı saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsindəki şəraitsizlikdən danışır. Qışı soyuqdan, yayı isə havasızlıqdan əziyyət çəkdiklərini deyir. Amma bununla belə müəssisə rəhbərliyindən şikayətçi deyil, deyir ki, dustağından tutmuş rəhbərliyədək hamı onunla yaxşı münasibətdə olub. Hətta hamı ona «müəllim» deyə müraciət edib:

«Bir barakda 100 nəfər yaşayırdıq. Oranın həyəti 10 metrin 25 metrə gəzinti yerindən ibarət idi. Mən və Elnur Məcidli orada qalırdıq, amma bir-birimizi görmürdük. Mən özüm 200 nəfər dustağın üstündə böyük idim, kimə ərizə yazmaqda kömək lazım idisə, əlimdən gələni edirdim».

Arif Alışlı onunla bağlı məhkəmənin son qərarından təəccübləndiyini deyir. Danışır ki, dustaqların vaxtından əvvəl buraxılması ilə bağlı adətən cəzaçəkmə müəssisələrində ayda bir dəfə məhkəmə keçirilir. Amma Arif Alışlının dediyinə görə, ötən ay məhz ona görə ayrıca məhkəmə qurulub, cəzasının üçdə birini çəkdiyinə və müəssisə rəhbərliyi tərəfindən müsbət xarakterizə olunduğundan cəzası yüngülləşdirilib. Müxalifət fəalı bunun təsadüfi olmadığı fikrindədir:

CƏMİYYƏTƏ İNTEQRASİYA ÜÇÜN VAXT...

«Özləri də dedilər ki, birinci dəfədir dustağın 1 il 10 gün tamamında belə müraciəti təmin olunur. Yəqin ki, Azərbaycan ictimaiyyətinə də aydındır ki, «Eurovision» öncəsi müəyyən dustaqlara hansısa qərarları şamil etməklə buraxmaq istəyirlər. Yükü azaltmaq üçün».

2 aprel aksiyası

2 aprel aksiyası

Arif Alışlı həbsdə olduğu müddətdə ən çox 4 yaşlı oğlu Elmir üçün darıxdığını deyir:

«Bir il ərzində çox şeydən ötrü darıxmışam. Amma əsas balaca oğlum Elmir üçün daha çox darıxırdım. Həyat yoldaşım həmişə mənə deyirdi ki, stolun altına girib ağlayır ki, atam gəlsin. Bunu eşidəndə elə bil ürəyimə dağ çəkilirdi».

«Azadlıqda gəzən məhkum». Arif Alışlı özünü belə adlandırır, evində, ailəsində olsa da, hələ özünü azad hesab etmir. «Əlim işə yatmır, cəmiyyətə inteqrasiya etmək üçün vaxta ehtiyacım var» – deyir həmsöhbətim:

«FİKİRLƏRİMİ ÖZÜMƏ DEYİB, OTURURAM YERİMDƏ»

«Yaxın gələcək üçün nə planım ola bilər ki!? Mən hələ məhkumam – azadlıqda gəzən məhkum. Kütləvi tədbirlərə qatılmıram, toy mərasimlərindən, mübahisə yarana bilən dairələrdən uzaq gəzirəm. Əsasən ailəmləyəm. Kütləvi informasiya vasitələri ilə maraqlanıram, fikirlərimi özümə deyib, otururam yerimdə. Hələ ki, əmək qabiliyyətimi və sağlamlığımı bərpa etməliyəm. Bir də gecə-gündüz arzulayıram ki, o biri dustaqlar da azadlığa çıxsın. Bizə yaraşmır dustaqlıq. Türmə çirkinlikdir».

İctimai Palatanın ötən il 2 aprel aksiyasından sonra həbs edilmiş Arif Alışlı 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu aksiya zamanı daha 12 nəfər müxalifət fəalı da həbs edilib, onlardan biri Elşən Həsənli də vaxtından əvvəl azadlığa buraxılıb.

Şərhləri göstər

XS
SM
MD
LG