Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:00

BVF: Azərbaycanda bu il inflyasiya 5 faizdən yüksək olmayacaq


Nadeem Ilahi
Nadeem Ilahi
«2011-ci ilin sonundan başlayaraq Azərbaycanda inflyasiya aşağı düşüb. 2012-ci ildə inflyasiyanın 5 faizdən yüksək olacağını düşünmürük».

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadeem Ilahi belə deyir. Missiya hökumətin iqtisadi siyasəti, Azərbaycan iqtisadiyyatının perspektivlərini müzakirə etmək üçün Bakıya səfər edib.

Səfərin nəticələri barədə mayın 2-də keçirilən mətbuat konfransında Nadeem Ilahi bildirib ki, ölkədə yaxın gələcək üçün iqtisadi perspektivlər müsbətdir:

«Azərbaycanda iqtisadi vəziyyət bütövlükdə yaxşıdır. Biz xüsusi olaraq qeyri-neft sektorunda artımı nəzərdən keçirmişik. 2011-ci ildə qeyri-neft sektorunda artım yüksək olub – 9-9.5 faiz. Bu il də qeyri-neft sektorunda artım yüksək səviyyədə davam edəcək. Düşünmürük ki, artım 6 faizdən az ola bilər».

«BÜDCƏ SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏR EDİLMƏLİDİR»

Nadeem Ilahi'nin fikrincə, bu il Azərbaycanda iqtisadi artım qeyri-neft sektorunun hesabına olacaq. Missiyaya daxil ekspertlərin təhlilləri həm də onu göstərib ki, Avropada yaşanan böhran Azərbaycana birbaşa təsir etməyəcək.
Xəzərdə neft buruqları
Xəzərdə neft buruqları
Bildirilir ki, ölkə hətta dolayı – məsələn, neftin qiymətinin düşməsindən qaynaqlanan təsirlərlə də mübarizə aparmaq iqtidarındadır.

BVF rəsmisi düşünür ki, Azərbaycan büdcə siyasətində müəyyən dəyişikliklər etməlidir. Hər şeydən öncə büdcə xərclərini azaltmalıdır:

«Azərbaycanın neftdən gələn gəlirləri gələcəkdə belə olmayacaq. Hətta qarşıdakı illərdə gəlirlərin azalması gözlənilir. Büdcənin davamlılığını təmin etmək, hazırkı böyük büdcə xərclərini tənzimləmək, xərcləri azaltmaq vacibdir. Hökumət də bizimlə razılaşır və hesab edir ki, bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Hökumət belə bir mövqedədir ki, neftin qiyməti yüksələrsə, büdcədə xərclər artırılmayacaq. Bu qərarı biz çox alqışlayırıq».

HÖKUMƏT BEYNƏLXALQ BANKLA BAĞLI QƏRARI GƏLƏN İL VERƏCƏK

BVF missiyası Azərbaycan hökuməti ilə Beynəlxalq Bankla bağlı durumu da müzakirə edib. Nadeem Ilahi bildirir ki, hökumətin banka dəstəyini alqışlayırlar, amma görülməsi daha vacib olan iş Beynəlxalq Bankın özəlləşdirilməsi və ölçüsünü kiçiltməkdir.
«Ölkədə bank sistemində inhisarçılığın aradan qaldırılmasına ciddi ehtiyac var».
«Ölkədə bank sistemində inhisarçılığın aradan qaldırılmasına ciddi ehtiyac var».
BVF rəsmisi deyir ki, hökumətin bu istiqamətdə ya bu ilin sonu, ya da 2013-cü ilin əvvəlində konkret tədbirlər görəcəyi gözlənilir.

Beynəlxalq Valyuta Fondu isə 2013-cü ilin əvvəlində Dünya Bankı ilə birlikdə Azərbaycanda maliyyə sisteminin qiymətləndirilməsi üçün yeni proqram həyata keçirəcək.

«BU İL İNFLYASİYA 9-10 FAİZƏ ÇATACAQ»

İqtisadçı Azər Mehtiyev Beynəlxalq Valyuta Fondunun ölkədəki iqtisadi durumla bağlı açıqlamalarını reallığa uyğun saymır. Deyir ki, missiya büdcə siyasəti ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu bildirsə də, bunun inflyasiyaya artıq nə qədər təsir göstərdiyini açıq demir:

Azər Mehtiyev
Azər Mehtiyev
«Azərbaycan üçün bu il yüksək inflyasiyanın gözləndiyi bir ildir. Çünki hələ büdcə təsdiq olunarkən, dövlət xərcləmələrinin elə bir artımı nəzərdə tutulub ki, bu cür xərcləmə mütləq şəkildə ölkə iqtisadiyyatında pul dövriyyəsini artıracaq. Bu da inflyasiyaya aparan bir amildir. Son dövrlərdə dünya bazarında yaranan yeni ərzaq böhranı da Azərbaycandan yan keçməyəcək. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda bu il inflyasiyanın səviyyəsi ən azı 9-10 faizə çata bilər».

Rəsmi açıqlamalarda isə 2012-ci ildə Azərbaycanda inflyasiya 3-4 faiz proqnozlaşdırılır. Azər Mehtiyev isə deyir ki, bu il təkcə investisiya layihələrinə ayrılan pulların həcminə nəzər salanda, bu rəqəmin reallığı əks etdirmədiyini görmək olar. Üstəlik, hökumətin «neftin qiyməti yüksələrsə, büdcədə xərclər artırılmayacaq» bəyanatı da səmimi görünmür.

O ki qaldı Beynəlxalq Bank probleminə, iqtisadçıya görə, nəinki bu bankın, ümumiyyətlə, ölkədə bank sistemində inhisarçılığın aradan qaldırılmasına ciddi ehtiyac var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG