Keçid linkləri

Təcili xəbərlər

Niyazi Mehdi. Dilin ağıl qıtlığı


Rəşid Şərifin karikaturası
Rəşid Şərifin karikaturası
BÜTÜN DİLLƏRİ TƏRİFLƏMƏYİN İKİÜZLÜLÜYÜ

Çağımızda telefonla, bilgisayarla idarə olunan evə «ağıllı ev» deyirlər. Mənim ağlıma «dilimiz necə olmalıdır?» sorusu gələndə nəsə «ağıllı dil» də gəldi.

Sovet dilçiliyində Marksist «humanizminin» etgisi ilə söyləyirdilər ki, aşağı səviyyəli dil yoxdur, necə ki, aşağı səviyyəli xalq da yoxdur. Hərçənd alimlər öz aralarında danışanda, məsələn, Azərbaycan türkcəsinin geriliyini boyunlarına alırdılar. Bax, o zamanlar mən düşündüm ki, bu gerilik duyğusunu leksika törətmir, adi ağıllı söhbətlər üçün rus və ingiliscədə hansı sözlər varsa, bizdə də var. Düzdür, bu sözlərin arasında xeylisi ərəbcə, farscadır. Ancaq, axı, ingiliscə, rusca da xeyli söz alınmadır. Bəlkə dilin yoxsulluğu duyğusunu qrammatika törədir? Ancaq baxanda görürsən ki, qrammatikamız da pis deyil. Bəs onda dilimizin yoxsulluq duyğusu nədən gəlir?

TƏPƏRLİ SÖZLƏR

Bu sorunun qabağında düşündüm ki, «бытие» sözünü eşidəndə, mən nəsə energetik, ağıllı bir söz eşitdiyimi duyuram, «varlıq», «olum», «olqu» (сущее) sözləri isə mənə nəsilsiz-nəcabətsiz, soysuz söz təsiri bağışlayır.

Bu duyğu məni azərbaycanca yazanda əl çəkmədən izləyirdi. Rusca yazanda qələmim dolu, dolğun sözlərlə oynayırdı, türkcə yazanda sanki sözlərin içindən dad-tam itirdi. Sözlər nəbz kimi döyünmürdü, elə bil içləri boş idi.

DİLDƏ MATERİALIN MÜQAVİMƏTİ

Zaman keçdi, azərbaycanca yazmaq mənə ruscadan daha ilginc oldu. «Niyə belə oldu?» məsələsini ünlü heykəltəraş Ernest Neizvestninin bir yazısını oxuyanda anladım. O göstərmişdi ki, heykəltəraş üçün hansı materialla işləmək elə-belə şey deyil, material sənətçiyə müqavimət göstərməklə həm də hansı formanı, hansı estetikanı seçməyi diktə edir.

Bax, o zaman anladım ki, düşüncə ilə asanca şütümək üçün rus elmi dili çevik və rahat formalar verir. Buna manyerizm də demək olar. Rusca elmi məqalə yazmaq yaxşı yağlanmış velosiped sürmək kimi bir şeydir. Azərbaycanca çağdaş elm səviyyəsində düşüncə yazmağa isə dil öz müqavimətini göstərir, ona görə də bu müqavimətlə əlləşə-əlləşə yazmaq daha ləzzət verir, nəinki ruscada süzə-süzə sürüşmək.

DİLİMİZƏ YENƏ «NƏDƏN» SUALI

Ancaq qayıdaq öncəki soruya: nəyə görə düşüncəni daşımaq üçün yetərincə söz və qrammatik formalar verən Azərbaycan türkcəsi ruscaya baxanda yoxsul, soysuz (nəsli-nəcabətsiz) dil təsiri bağışlayır?

Bax, bu sualın cavabında mənim ağlıma belə bir deyim gəldi:

- Dil nə qədər ağıllı kitabların, ağıllı söhbətlərin dili olursa, o qədər çox ağıllaşır, yəni ağıllı dil olur.

Mənə ruscanın «бытие» sözü ona görə içi dopdolu gəlir ki, bu sözə Hegelin kitablarının min yerində rast gəlmişdim. Bu söz rusca Platondan, Kantdan, Şellinqdən, Şopenhauerdən oxuduğum mətnlərdən keçə-keçə duyğu və ağılla dolaraq mənə gəlib çatmışdı. Eləcə də o sözü məni rusların ağıllı filosoflarının TV debatlarından eşitmişəm. «Varlıq» sözünü isə mən çox az ağıllı kitabda oxumuşam. Daha az ağıllı söhbətlərdə eşitmişəm.

Onu da deyim ki, gürcülərlə, ermənilərlə söhbətdə soruşanda aydın oldu ki, onların dil qavrayışlarında da eyni problem var.

DİL NECƏ «AĞILLANIR»?

Dünyada heç bir ulusun ağıllı adamları o qədər çox olmur ki, onların mətnləri sözlərə təpər vermək üçün sayca yetərli olsun. Hamının dadına çatır o başqa ulusların filosoflarından və gözəl yazarlarından tərcümələr. Elə onun üçün də «бытие» sözü ilə ilgili ruscada oxuduğum Batı filosoflarının adını çəkdim. Bu filosofları ruscaya çevirməsəydilər rusun «бытие» sözü də bizim «varlıq» sözünün günündə olardı.

Bizdə tərcümələr azdır, yaxşı tərcümələr isə lap azdır (nə yaxşı ki, Bakı Slavyan Universitetində, «Qanun» nəşriyyatında «dünya okeanından» nələrsə dilimizə gətirilir). O biri yandan, bütün uluslar kimi, öz ağıllı kitablarımız da o qədər deyil ki, milli resursla dilimizi ağıllandıraq. Bax, bu nədənlə də dilimiz humanitar elm üçün belə boyat, belə çəlimsiz görünür.

Nəsirəddin Tusi maddi sərvətlə mənəvi sərvəti belə ayırmışdı: maddi sərvət işləndikcə azalır, mənəvi sərvət isə işləndikcə artır (sonralar, bu dediyə yunanlarda da rast gəldim). İndi Tusidən itələnib söyləyə bilərik ki, sözlərimiz nə qədər çox ağıllı kitablarda işlənirsə o qədər də ağıllanır.

Sözlərimiz təkcə fəlsəfi kitablarda işləndikcə ağıllanmır. Ağıllı adamların Tok-şoularında işləndikcə də ağıllanır. Şeirlərdə insan psixolojisi ilə bağlı çalarları, dramatik ikitirəliyi, üçtirəliyi anlatdıqca da ağıllanır:

Sənə deyiləsi deyil,
Sənə deyiləsi sözüm.

***
Allah, mən içimi yedim qurtardım,
bu dəri süfrəni yığışdır indi (Salam Sarvan).

Dilimiz peşəkar çəkilmiş filmlərdə danışanların dili olduqca da ağıllanır.

İTTİHAMIMIZ

İndi baxaq bizim sosial məkana. TV-lərdə ilginc və çoxsaylı Tok-şoular getmir, deməli, bu söhbətlərdə ağıllanmalı olan dilimiz 20 illik TV və Radio kanallarından ziyan çəkib və ağıllı olmaq şansını filan qədər itirib.

Türk serialları da o biri seriallar kimi məni heç ilgiləndirmir. Ancaq onların peşəkar qurulmuş söhbət mədəniyyəti vardı. İndi onlar da TV-lərdən getdi, deməli, gənclərimiz dillərinə bu seriallardan enerji almayacaqlar. O zaman alacaqlar ki, özümüzünkülər yaxşı serial çəkməyi öyrənəcəklər.

Beləcə, dilimiz Sovet doqmatizmindən qurtularaq ağıllanmaq şansını təzəcə qazanmışdı ki, yenidən darıxdırıcı, sıyıq tekstlərin burulğanına düşdü.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG