Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:08
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu 20-liyə keçmək üçün kifayət etməyib.


Azər Qismət


ÖLÜM NƏZİRİ

...Şütüyən maşınlara baxır, cürbəcür səsli qıjıltılar fikrini səngitməkdənsə, daha da artırırdı. Gözlərini yumub bir anlığa dünyadan köçmək istədi. İstədi qəbri üstündə Baxın “Menuet”ini çalsınlar, sonra orkestr cuşa gəlib dambadurum salsın, adamlar da ağlamaqdansa, qəhqəhə çəkib gülsünlər: “Hansı qanunda yazılıb ki, insan öləndə hamı ağlamalıdır. Bəlkə kiminsə gülməyi gəlir? Hansı səbəbdən insan haqları pozulmalıdır”.

...Gözlərini açdı. Yanında qurcuxan və arxadakı rəfiqəsilə ağzıbaşına danışan kök arvadın gombul ayağı şalvarına dəydikcə canından üşütmə keçdi.

Şüşə arxasından kafeni gördü. Vitrinin arxasından qızın müştərilər arasında vurnuxmasını süzərək dərindən ah çəkdi:

- Saxla düşürəm.

***

...Kafeyə girdi.

- Nə yaxşı gəldin? - qız dedi.

- Hə, gəldim. O qədər darıxdım sənsiz. Gecə yuxumu qarmaqarışıq görmüşəm. Suya danışmayıb tələm-tələsik yanına qaçdım ki, yuxumu yozasan. Tez getməliyəm. Milli Məclisin iclası var.

- Səni belə atüstü buraxarammı, mənim millət vəkilim, vaxtilə ərim olmağa layiq yeganə namizədim.

- Sən yenə də başladın köhnə bazara təzə nırx qoymağa, - deyə millət vəkilinin sifəti qanı kimi qaraldı və pörtdü:

- Sən hər dəfə atmacalı sözlərinlə qanımı qaraldıb yaramı qoparırsan.

- Bay, incidin? Doğrudan incidin? Yaxşı, atmaram daha atmacalı sözlərimi.

Millət vəkili özünü ələ aldı və üzünü qıza tutdu:

- De görüm necəsən e...Müştəriləri yola verə bilirsənmi? Kökəlmisən a. Deyəsən xörək paylayanda ucundan-qulağından qoparıb yeyirsən.

- Dostum, hamını öz arşınınla ölçmə. Məgər görmürsən ki, iynənin gözündən keçirəm? Ərə getmək istəyirəm.

Qızın gözlərinə baxıb qəlbinə soxulmaq istədi. Əslində baxmalı bir şey yox idi o gözlərdə. Azacıq qəm vardı. Qız hər dəfə nəzərlərini ona zilləyəndə canına vicvicə düşürdü. Elə düşünürdü ki, bu qız arvadının və yenicə dünyaya gələn çağasının olmasını bilir.

- Niyə belə baxırsan?, – millət vəkilinin nəfəsi sürətlə gedib-gəldi.

- Gözlərində həyəcan görürəm.

- Həyəcan? Nə həyəcan?

- Hə, həyəcan. Axı mənə vergi verilib, - deyə qız onun saçını şıltaqlıqla qarışdırdı. Onun başı gicəlləndi. Kürkünün cibindən təzyiq həbini çıxarıb udsa da, udlağında ilişib mədəsinə sürüşmədi. Gözlərini yumub bir anlığa dünyadan köçmək istədi. İstədi qəbri üstündə orkestr dambadurum salsın, adamlar şaqqanaq çəkməkdənsə hamılıqla onun taleyinə ağlasın. İstədi...

- Mən ərə getmək istəyirəm, - qız çay istəyən müştərinin yanına tələsdi.

Qız hər dəfə ona baxanda ondan şübhələnib-şübhələnməməsini duymağa çalışırdı. Qızın baxışları neçə illərin acı xatirələrinə dönüb ürəyini ox kimi dələr, duyumlu dünyasını darmadağın edərdi.

- Görürsən də, mənim kimi qızı səhərdən-axşamacan qul kimi işlədirlər. Gecə də qəpik-quruşu ovcuma qoyub ürəklərində “biz səni uşaq kimi aldadırıq” deyirlər.

- Onlara fikir vermə. Heç kim səni aldada bilməz, bunu sənə İnsan haqları üzrə komitənin üzvü kimi deyirəm.

O, qız deyildi. O, onu neçə illər bundan əvvəl şampana siqaret külü qarışdırıb içirəndə qadınlaşdırmışdı. Amma qız o qədər sərxoş olmuşdu ki, canını dəlib keçən ağrını şüuraltı hiss etsə də, bunun məhz qızlıq qürurunun pozulması kimi duymamışdı.

Ömründə ilk nübar öpüşlərdən titrəyən, daha sonra sərxoşluqdan qışqıran qız bunu bilməmişdi. Törətdiyi dəhşəti anlamağa qorxan tələbə oğlan sıçrayaraq həyatına faciə gətirə biləcək mələfəni gizlətmişdi.

Həmin gecə törətdiyi əməli intiharla yumaq istəsə də, cəsarətsizliyi hər şeyə üstün gəlmişdi. Elə o gündən qızı qadınlaşdıran çəlimsiz tələbə, sonra millət vəkili olacaq kişi – günaşırı bu kafeyə gələr, dəfələrlə ölüb-dirilər, canlı meyitə dönüb qızın gözlərində onun şübhələnib-şübhələnməməsini sezmək istəyərdi.

- Bir bura gəl, - deyə qız onun əlindən tutub kafenin vitrininə sarı dartdı:

- Yağışa baxırsanmı? Hələ də yağır. Bu, göylərin göz yaşıdır. Ürəyini boşaldır. Üzüaşağı süzülür. Gülmə, amma yağış kimi yaxşı insan ürəyindən süzülmək istəyirəm. Mənim duyğularımı anlamadın. İlk görüşümüzdə də yağış yağırdı. Yadına gəlir, sənin qara çətirin vardı.

- Başa düşmürəm, bu gün sənə nə olub?

Hər dəfə sonsuz olduğunu evlənməməsinə bəhanə gətirərdi. Qorxardı ki, bədbəxt etdiyi bu qız ona ərə gəlmək fikrinə düşər. Bədbəxt etdiyi? Əslində o, fikirləşirdi ki, günah qızdadır. Namuslu qız nigah bağlanmamış bəlkə də yüngülvari öpüşə bilər, amma day kiminsə qucağına atılmaz. Onun qəti fikri belə idi. Atıldı və qadınlaşdı. İndi də ona ərə gəlmək fikrinə düşə bilər. Qabırğa və artıq ət kimi yapışıb ağırlıq edən bu qız şüvənliyinə salıb onu bütün ölkədə biabır edərdi. Sonra da Avropa Şurası deyəcəkdi ki, sizin ölkənin millət vəkilləri manyakdırlar, qızları harda tutdular elə orda da namuslarına sataşırlar. Xarici ölkələr olsaydı nə vardı, oralarda kimin kiminlə evlənməsi, məşuqə kimi saxlaması heç kimin qulağına deyil. Bu ölkədə isə bütün bunlar olmazdı.

Qız ərə getmək fikrinə düşsəydi Roma Papası da millət vəkilinə kömək edə bilməyəcəkdi. Onda “mən sənə ömrüm boyu vəfalı olmuşam” sözlərilə hər gün arvadının qulağına xoruz üzü görməyən yalanları üfürə, “ən vicdanlı millət vəkili” imicilə cəmiyyət arasında şəstlə gəzə bilməzdi.

- Bilirəm görüşümə gəlməyəcəksən.

Yenə görüşünə tələsirəm mən, - deyə qız gözlərini yumub son günlərin gecələrində oxuduğu şeirdən mızıldanırdı.

Artıq hər dəfə bu qızdan ərə gedib-getməməsini soruşmaqdan cana yığılmışdı. Çünki toy gecəsi qızlığını yox, qadınlığını aşkara çıxarsaydılar, başını keçəl eləyib eşşəyin belinə tərsinə oturdub kəndbəkənd lüt-üryan gəzdirərdilər. Bu, qədimdə belə olub. İndi isə sadəcə bir təpik və “cəhənnəm ol burdan, ləçər”. Qız isə nə vaxt, harada, kiminlə bu əməli törətdiyini xatırlamağa çalışar, günahkarın kimliyini bilər, oğlanın şalvarını çıxarıb boynundan qalstuk kimi asdırardı. Sütül gənclik vaxtlarında bütün əzablara, qınaqlara, danlaqlara, tüpürcəklərə dözərdi, amma indi millət vəkili kimi ləkəni üstündən yuması mümkünsüzdü.

Qızın pozğunluğu haqqında xəbər gətirənə mükafat boyun olmuşdu. Elə istəyirdi ki, o pozğunlaşsın, damağından siqaret, əlindən badə, bol-bol kişi əllərinin bədənində gəzməsindən əskik olmasın. Hətta seçicilərindən ən kasıblarının cibinə pul basıb onun dalınca saldırmışdı ki, həm güdsünlər, həm də sevgilərinə inandırıb döşəklərinə çəksinlər. Könüllülər onun arxasınca aylarla sürünsələr də, qızın alt paltarını uğur bayrağı kimi dalğalandıra bilməmişdilər. Əgər qız kasıb seçicilərin qoyunlarına girib xumarlansaydı, sonra vay-şüvənliyi ilə heç nəyi sübut edə bilməyəcəkdi. Deyəcəkdi ki, bu ləçər çoxminli seçicilərin etibar etdiyi millət vəkilinə qara yaxır. Hələ şahidlər də var. Çoxminli seçicilərin deməsinə görə, məndən əvvəl də neçə-neçə kişinin nəfəsi dəyib ona. Hətta biabırçılığa baxın ki, bığ yerləri təzə tərləyənləri də yoldan çıxarıb.

- Yandı canım hicr ilə, vəsli-ruxi-yar istərəm,
Dərdüməndi firqətəm, dərmani-didar istərəm, - qız Füzulinin ilahi məhəbbət barəsindəki qəzəllərindən mızıldanırdı. “İlahi məhəbbət? Sən heç vaxt ilahi məhəbbətin nə olduğunu bilməyəcəksən. Çünki sən, sadəcə, bir gecənin qurbanı oldun, mənim əziz pozğunum”. Millət vəkili qorxdu ki, düşündüyünü dilinə gətirər və işləri pozar. Özünü ələ alıb gülümsədi və irişə-irişə yaxına gəldi:

- Yadına gəlir, bir dəfə arxanca oğlanların süründüyünü deyirdin. Onlardan bir xəbər çıxmadı?

- Qoy, cəhənnəm olsunlar, gözlərindən əxlaqsızlıq tökülürdü. Mənlə yatmaq istədiklərini biləndə, qışqırdım ki, başqasına it hürəndə mənə də çaqqal ulayar.

- Bir az pis çıxır e... Yəni yatmaq istəyirdin, sadəcə, xoşuna gəlmədi?

- Deyəsən, başın o söz.

- Yox e, deyirsən mənə də çaqqal ulayar, ona görə deyirəm.

- Qələt elədim... başımı daşa döydüm... məsəli düz gətirmədim, sən də ki, sözü göydə tutursan da.. .Arxamca çox sürünürlər, nə faydası.. Bir ara çox düşürdülər, qışqırdım, onlar da qaçdılar.

- Heyf, əldən çıxarmısan. Sən bilməlisən ki, ən ülvi məhəbbətin sonu yataqdır. Məsələn, Amerikada oğlan qıza eşq elan edir, qız oğlanı süründürür, nəhayət neçə aylardan sonra girirlər yatağa. Və qızla-oğlan bir-birinin xasiyyətini öyrənmək üşün neçə il ər-arvad kimi yaşayırlar. Axırda başa düşürlər ki, onların nigahları uğurlu ola bilər, ya yox.

- Nə demək istəyirsən?

- Demək istəyirəm ki, həmin arxanca düşənlər səni fiziki və mənəvi cəhətdən seviblər. Bilmək istəməzsən ki, arxanca düşənlərdən hansısa gələcəkdə fiziki təlabatını ödəyəcək, ya yox?

- Yox, istəmirəm. Bilməlisən ki, mən amerikan deyiləm, mən azərbaycanlı qadınıyam. Ailəmdə belə adətlər öyrətməyiblər mənə.

- Özün bilərsən, - deyən millət vəkili elə bu anda hər şeydən keçib onu hətta küçədə
pomidor satan kişilərin də qucağına atmağa hazır idi. Amma neyləsin ki, zibili çıxardı.

- Deyirəm, başqası olsaydı, - deyə qız onu fikirdən ayıltdı – məni çoxdan qarmağına keçirmişdi. Amma sən ancaq öpməklə kifayətlənib alicənablıq etdin.

- Əlbəttə, əlbəttə, - o, qıpqırmızı oldu.

- Həvəsdi-bəsdi, daha ərə getmək vaxtımdır.

- Ərə gedənlərin əli yağa batıb, səninki bala batacaq. Toya-şənliyə gedəndə üstündən küftə-bozbaş iyi gələcək. Ovcunun içini iyləmisən, nə bilirsən, bəlkə əclafın biri çıxdı qarşına. Bir uşaq doğandan sonra qarnın burnuna çatacaq, əvəzində gününü divanda keçirən ərin səni bəyənməyəcək. Yaxud biri deyəcək cehizi niyə az gətirmisən, o biri də qayıdacaq ki, plovun düyüsünü diri-diri bişirməyib xəşil eləmisən. Lazımdı bu sənə? Belə cəhənnəmdənsə qarıyıb ölmək yaxşıdır.

- Bəs nəsil artımı? Özümdən sonra özüm kimi toppuş uşaq yadigar qoymayım? Bəlkə doğduğum uşaq böyüyəndə...

- Yox bir, prezident olar sənin uşağın. Yetimlərdən birini götürüb saxlayarsan, - deyəndə hiss etdi ki, ağını çıxarır, daha bozarmayıb səsini aşağı saldı:

- Vallah, uşaq götürsən yaxşıdır, elə olur ki, yadın uşağı doğmadan qeyrətli çıxır.

...Araya sükut çökdü. Neçə illərdi ki, bu qızı ərə getmək fikrindən daşındıra bilsə də, daha bacarmırdı. Bircə onun pozğunluq müjdəsini gətirən olsaydı. Hətta pirlərə verdiyi nəzir-niyazlar da elə bil göylərə çatmır, kəsdiyi qurbanlar ünvanına yetişmirdi.
Qız qoca kişinin çayını verəndən sonra yenidən onun yanına gəldi:

- Yoruluram e. Bu gün işim az olub, amma canım qıçımın üstündə dayanmır. Səhərdən yerimdə ləngər vururam. Başım gicəllənir, elə hey yuxu basır. Eh, axşam olsaydı, yatardım. Bura bax, millət vəkili, cavanlıqda həkim olmaq istəyirdin, sən bilərsən, gözə tez-tez qaranlıq çökməsi ölümə işarə deyil ki? Deyirəm, qəfildən yıxılıb-ölləm, arzularım da o söz.

- Ağzını xeyirliyə aç, Allah eləməsin. Ölsün səni istəməyənlər.

- Sənin də saçlarına dən düşüb. Saçın ağarması xəbərdarlıqdır: “Ey insan, enerjin tükənir, dala gedirsən”.

- Hə, saçım ağarır, - deyə susdu, gözləri yol çəkdi. Çoxdan bəri soruşmaq istədiyini,
nəhayət, indi soruşmağa qərar verdi:

- Səndən söz soruşum, amma düzünü de.

- Soruş.

- Düzünü deyəssən?

- Düzünü deyəcəm, - qız gülümsədi.

- Heç səni məndən başqa öpən olub? Bax, düzünü de a.

- Canın üçün yox. Utanım yerinə. Hələ də mənə inanmırsan. Sən elə küçədə pomidor satan o kişilər kimi düşünürsən.

- Sadəcə, indiyəcən hansısa köpəkoğlunun sənə yaxınlaşmaması inandırıcı deyil.

Kişinin qanı yenə qaraldı. Kürkünün cibindən təzyiq həblərini çıxarıb bircəsini uddu. Su içməyib təbii yolla qana sovrulmasını istədi. Heç olmasa çöldəqalanın biri buna yaxınlaşsaydı, aləmə zurna füləyib pozgunluğunu sübut etmək olardı.

- Heyf ki, mənə evlənmək olmaz. And olsun ki, elə bu gün sənə elçilərimi göndərərdim. Təsəvvürünə gətirə bilməzsən ki, səndən ayrılandan sonra sənsiz necə darıxıram, xəyallanıram, dəli olmaqdan qorxuram, başa düşürsən məni? Nə vaxta qədər sənin fikrinlə yatıb-duracağam. Bəlkə çıxıb gedəsən bu ölkədən?

- Hara gedim axı?

- Bax, Kanadaya getsən, vətəndaşlığı tez alacaqsan. Orada millətləri ağına-qarasına bölmürlər. Kafedə işləyərsən. Müştərilər hörmətini saxlayarlar, daha addımbaşı sataşmazlar. Nə deyirsən, gedirsən Kanadaya? Qar ölkəsidir. Sən ki qarı sevirsən! Axşamlar evə gələndə qartopu oynayarsan, gündüzlər kafenin vitrinindən qarlı dağlara baxarsan, içəridə də isti soba və buğlanan qəhvə. Hə, necədir?

- Mənlik deyil. Üşüyənəm, nə qədər qara baxacam.

- İsrailə getməyini də təşkil edə bilərəm. Yəhudilər sənə pul qazanmağın yolunu öyrədərlər. Knessetin deputatları bu yaxınlarda ölkəmizə gələndə birilə əməlli-başlı dostlaşdım. Məni ora dəvət etdi. İstəyirsən sənədlərini düzəldim, get yaşa. Bilirsən, nə əla ölkədir. Hər inək orda gündə 90 litr süd verir,- deyə onu təəccübləndirmək istəyirdi. Qızın gözləri böyüdü:

- Gündə 90 litr süd? Onda o inək deyil ki, əsl dinozavrdır.

- Hələ harasıdır. Damcılı suvarmanı da ilk dəfə onlar ixtira ediblər. Səni gözləri üstündə saxlayacaqlar. Pul qazanmağın yolunu öyrənəssən, hələ bəlkə milyarder də oldun.

- Yox əşi, mənlik deyil. Qürbətdə ölməkdən qorxuram.

Bu niyyəti də alınmadı. Xarici dövlətlərdən birinə cəhənnəm olub getsəydi, orda da QİÇS-ə, sifilisə-zada tutulardı, sonra da “əlvida həyat”. Ah, bunun ucbatından arvadı ilə doyunca qəlb söhbəti edə bilmir, uşağının totuq-motuq əllərindən doyunca öpməkdən məhrum olmuşdu. Öz sahəsinə dair qanun layihələrini hazırlayanda da, qadınlaşdırdığı qız gözləri önündən duman pərdəsi kimi asılırdı. Yuxularında isə məhkəmə zalını, hakimi və üzünə lombalarla tüpürən dost-tanış, qohum-əqrəbanı görür, qulaqları “biqeyrətliyə görə ömürlük azadlıqdan məhrum edilsin” hökmünü eşidirdi.

- Axı nəyə görə ağıllı məsləhətlərimi qulaqardına vurursan? Mən sənin xoşbəxtliyini istəyirəm, sənsə... İstəmirəm kiminsə əlində bədbəxt olasan.

- Yaxşı, hirslənmə. Əllərini bura ver. Dedim yaxşı də, özündən çıxma, - deyə qız yenə onun saçlarını şıltaqlıqla qarışdırdı: - Ver əllərini. İndi əllərini ovcumun içi ilə qızdıracam. Amma, - yenə güldü, - buna ehtiyac yoxdur. Əllərin neçə illər bundan əvvəlki təki istidir. Əlləri isti olanların ürəyi soyuq olur. O soyuq ürəyin sahibi neçə illər bundan əvvəl arıq bir qızı bərk-bərk qucaqlayıb özgələrinə verməyəcəyinə dönə-dönə and içirdi.
Yadına düşdü ki, çəlimsiz tələbə olarkən o, onu özgələrə verməyəcəyinə and içirdi. Hətta deyirdi “sənə göydən ulduz dərərəm”.

- Yaxşı, mən gedim.

- Get. Bay, heç yuxunu danışmadın ki?!

- Yuxuda görmüşdüm ki, iraq səndən, guya ölürsən.

- Yaxşı yuxudur. Deməli çox yaşayacağam. Sən olmasaydın dərdimə kim qalardı, heç bilmirəm.

***

...Kafedən çıxanda yağış göylə yer arasında kəndirə bənzəyirdi. Ayağının su çalasına düşüb islanması qanını yenə qaraltdı. Dodağının altında qızın ünvanına dişinin dibindən çıxanı yağdırdı. Onunla söhbəti xatırlaya-xatırlaya avtobusa minib küncə sıxıldı. Bir müddət hərəkətsiz qaldı. Gözlərini yumub dünyadan köçmək istədi. İstədi adamlar qəbri üstündə rəqs etsinlər.

Gözlərini açdı. Yağışın pəncərənin şüşəsi boyu süzülməsinə tamaşa edərkən gözləri güldü. Yadına düşdü ki, qadınlaşdırdığı qızın gözlərinə özünün dediyi kimi tez-tez qaranlıq çökür. Gözləri güldü.

-Saxla, düşürəm.

Avtobusdan sevinə-sevinə enib yağışda evinə piyada getməyi qərara aldı. Deməli, gözünə tez-tez qaranlıq çökür. Cibindən çıxardığı pulu ovcunda sıxaraq qadınlaşdırdığı qızın tez ölməsi üçün nəzir dedi.

Günün bütün mövzuları

XS
SM
MD
LG