Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:19

Ombudsman Aparatı Oqtay Gülalıyevə baş çəkib


Mayın 1-də Ombudsman Aparatının əməkdaşları Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında hüquq müdafiəçisi Oqtay Gülalıyevə baş çəkiblər.

Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, Oqtay Gülalıyev saxlanma şəraitindən şikayət etməyib. Ancaq Sabirabad rayon polisinin onun işini obyektiv araşdırmadığını bildirib və istintaqın DİN-ə və ya başqa rayon polisinə verilməsini xahiş edib. Səhhəti ilə bağlı narahatlığını da bildirib.

Ombudsman Oqtay Gülalıyevin işi ilə əlaqədar baş prokurora müraciət edib.

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin şikayəti əsasında aprelin 8-də saxlanılıb. Bələdiyyə sədri Oqtay Gülalıyevin onu təhqir etdiyini bildirirdi.

Aprelin 9-da Sabirabad rayon Məhkəməsinin qərarı ilə Oqtay Gülalıyevə 12 sutka inzibati həbs cəzası verilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) cinayət işi açılıb. Barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

İttiham təsdiqlənərsə, o, 3 il azadlıqdan məhrum edilə bilər.

Oqtay Gülalıyev isə həbsini Kür daşqınlarına ayrılan vəsaitlərin mənimsənilməsi hallarını araşdırması ilə əlaqələndirir.
XS
SM
MD
LG