Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:12

Oqtay Gülalıyevlə bağlı prezidentə müraciət edilib


Oqtay Gülalıyev
Oqtay Gülalıyev
Vətəndaş cəmiyyətinin bu qrup nümayəndəsi prezident İlham Əliyevə müraciət edib. Onlar prezidentdən «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevın azad olunmasına yardım göstərməyi xahiş edib.

Müraciəti Cəmil Həsənli, Qubad İbadoğlu, Fürudin Cəlilov, Eldəniz Quliyev, Məhəmməd Talıblı, Mehman Əliyev, Arzu Abdullayeva, Yaşar Cəfərli və başqaları imzalayıb.

Müraciətdə deyilir ki, Oqtay Gülalıyev Sabirabadın Minbaşı kəndində monitorinq aparan gün həbs olunub. Bundan sonra onun hüquqları kobud şəkildə pozulub. Vəkillə təmin edilməyib. Məhkəmə O. Gulalıyevin həbsi zamanı Sabirabad rayon polis şöbəsində döyülməsindən şikayətinə də məhəl qoymayıb.

«Oqtay Gülalıyev 2010-cu ilin yayından Kür çayının daşması nəticəsində yaranmış problemlərin aradan qaldırılması məsələlərinə yardım göstərən «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. 2010-cu ilin mayında baş vermiş daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min ha-dan çox ərazi və 20 min ev su altında qalıb. Qərargah çoxsaylı fırıldaqçılıq, korrupsiya, icra orqanları tərəfindən vətəndaşların aldadılması faktlarının üstünü açıb. O. Gülalıyevin və «Kür» qərargahının bütün fəaliyyəti qanun çərçivəsində və müvafiq dövlət orqanları ilə əməkdaşlıq şəraitində həyata keçirilib və bunun sayəsində heç bir asayiş pozuntularına yol verilməyib. Məhz bu səbəbdən də O. Gülalıyevin həbsi cəmiyyətdə birmənalı qarşılanmayıb və ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri, tanınmış ictimai xadimləri və ziyalıları bu addımı pisləyiblər».

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən saxlanılıb. Aprelin 9-da Sabirabad rayon məhkəməsi onun haqqında 12 sutka həbs qərarı çıxarıb.

Aprelin 19-da isə Sabirabad Rayon Prokurorluğu onun haqqında hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış maddəsi ilə cinayət işi açıb. Həmin gün Sabirabad Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Oqtay Gülalıyev həbs olunarkən polisdə döyüldüyünü bildirib. Ancaq Sabirabad rayon polis idarəsindən bunu təkzib ediblər.

Müdafiə tərəfi Oqtay Gülalıyevə qarşı irəli sürülən ittihamın qurama olduğunu, onun həbsinin ictimai fəaliyyəti ilə bağlı olduğunu bildirir.

İttiham təsdiqlənərsə, Oqtay Gülalıyev 3 il azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG