Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:42

İctimai Palata «20-ci sahə»dən imtina edir


Mətbuat konfransı, 30 aprel 2012
Mətbuat konfransı, 30 aprel 2012
İctimai Palata 6 may mitinqini Bibiheybət qəsəbəsindəki sürücülük məktəbinin təlim meydançasında keçirməkdən imtina edir. Qurumun Koordinasiya Şurası bəyan edir ki, onlar Bakı şəhər İcra Hakimiyyətinə mitinqlə bağlı budəfəki müraciətdə aksiya üçün həmin yerin tövsiyə olunması ilə razılaşmayacaqlarını bildiriblər.

MİTİNQİN YERİ DƏYİŞDİRİLMƏLİDİR

İctimai Palatanın rəhbərliyi aprelin 30-da Bakıda mətbuat konfransı keçirib. Müsavat başqanı İsa Qəmbər qeyd edib ki, İctimai Palata aprelin 8-də və 22-də keçirdiyi aksiyalarda qarşıya qoyulan məqsədə nail olub. Amma o deyir ki, onsuz da əlverişsiz olan bir yerdə insanların mitinqə qatılmasına süni maneələrin yaradılması Koordinasiya Şurasını vəziyyəti ciddi dəyərləndirmək məcburiyyətində qoyub:

«Biz artıq taktikamızda müəyyən dəyişikliklər etmək barədə ciddi müzakirələr aparmışıq və yəqin ki, dəyişikliklər həyata keçiriləcək. Çünki mitinq bizim üçün məqsəd yox, xalqın iradəsini ifadə etməsi, ölkədə dəyişikliklərə təkan verməsi üçün bir vasitədir. Hakimiyyət xalqın öz mövqeyini ifadə etməsinə imkan vermirsə, mitinqdə səsləndirilən təklifləri dəyərləndirmirsə, müsbətə doğru heç bir addım atılmırsa, təbii ki, İctimai Palata öz taktikasında dəyişiklik etmək məcburiyyətindədir. Hesab edirik ki, mitinqin yeri dəyişdirilməlidir və hakimiyyət İctimai Palatanın müraciətlərinə daha ciddi, adekvat münasibət bildirməlidir».

MÜXALİFƏT – KORAY TARGAY - HAKİMİYYƏT

Onu da deyək ki, İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən ibarət nümayəndə heyəti yaradıb.
22 aprel mitinqi
22 aprel mitinqi
Bu qrup Bakı şəhər İcra Hakimiyyəti, eləcə də beynəlxalq birliyin Bakıdakı nümayəndələri ilə görüşdə İctimai Palatanı təmsil edəcək.

İsa Qəmbər deyib ki, yaxın günlərdə bu nümayəndə heyəti ATƏT-in Bakı ofisinin rəhbəri Koray Targay'la görüşüb İctimai Palatanın mövqeyini çatdıracaq. Koray Targay da mitinqlər üçün daha uyğun məkan ayrılması məsələsini hakimiyyət nümayəndələri ilə müzakirə edəcək.

Koray Targay elə bu günlərdə APA agentliyinə müsahibəsində deyib ki, gələcəkdə aksiyaların keçirilməsinə daha mərkəzi yerlərdə məkan veriləcəyini düşünür. Onun dediyinə görə, yüksək səviyyəli hökumət rəsmiləri bununla bağlı fikirlərin olduğunu söyləyiblər.

AXCP sədri Əli Kərimli isə mitinqləri Bibiheybətdəki «20-ci yaşayış sahəsi»ndə, əlverişsiz yerdə keçirməyə razılıq verməkdə məqsədin cəmiyyəti aktivləşdirmək olduğunu bildirib. Deyib ki, aksiyaların məkanı kimi «20-ci yaşayış sahəsi» ilə kifayətlənməyəcəklərini əvvəlcədən də elan ediblər:

«20-Cİ SAHƏ» SEÇİM DEYİL

«Tutaq ki, heç «20-ci sahə»də mitinq keçirməyə mane olmurlar. Niyə yalnız orada mitinq keçirilməlidir? Hansı qanunda yazılıb? Bu, hansı beynəlxalq standarta uyğundur? Birincisi, biz əvvəlcədən demişdik, yalnız hər hansı bir yerdə mitinqlərin keçirilməsi məhdudiyyəti ilə barışmaq fikrimiz yoxdur. İkincisi də biz artıq məcburuq «20-ci sahə»yə getməməyə.
Zahid Oruc
Zahid Oruc
Çünki bizə avtobus verilmir. Bizim ora getməyə imkanımız yoxdur. Biz faktiki mitinqin qadağan olunmasına görə bu addımı atırıq. Bu, seçim deyil, bu, məcburiyyətdən yaranmış bir vəziyyətdir».

İqtidaryönlü Ana Vətən Partiyasından olan deputat Zahid Oruc isə əslində İctimai Palatanın bu cür addımını mayın 26-na, «Eurovision» mahnı müsabiqəsinin başlandığı günə yönəlik savaş qərarı kimi dəyərləndirir. Onun fikrincə, bu qərar guya sərbəst toplaşma hüququnun pozulduğu görüntüsünü yaratmaqla xarici aləmin Azərbaycan hakimiyyətini daha ciddi təsirlərə məruz qoymasına hesablanıb:

ZƏİF BƏND OYUNU

«Hətta ünvanların dəyişdirilməsi məsələsi gündəmə gəlməlidirsə, bunun da normal dialoq mühitində tənzimlənməsini mən çox arzulayıram. Amma «Eurovision» öncəsi bu yanaşma məni ciddi şəkildə təəssüfləndirir. Hesab edirəm ki, müxalifət bu qərarını səfirlərlə görüşdən sonra verdi. Amma deyə bilmərəm ki, səfirlər bunlara nə qədər təsir göstərib. Çünki bunu sübut etmək çətindir. Lakin təəssüf ki, toqquşma qərarı verilir. Bu fonda yeni məhbusların yaranması, hakimiyyətin hansısa beynəlxalq siyahılarda yer alması və beləliklə də özlərinin timsalında Azərbaycanın zəif bənd oyununun bir az da davam etməsinə şərait yaradılacaq. Azərbaycanı məğlub edərək qazanmaq olmaz».

Erkin Qədirli
Erkin Qədirli
Zahid Oruc insanların aksiya yerinə gedə bilməməsi barədə arqumenti ciddi saymır. Deyir, 1990-cı illərdə insanlar öz ideyalarının ardınca bölgələrdən Bakıya gəlib aksiyalarda iştirak edirdilər. Onun fikrincə, «20-ci sahə»də keçirilən bir-iki aksiya da sadəcə hakimiyyəti fakt qarşısında qoymaq üçün olub.

MÜXALİFƏTİN QƏRARININ PƏRDƏARXASI?

Hüquqşünas Erkin Qədirli isə hesab edir ki, əslində İctimai Palatanın «20-ci sahə»də aksiya keçirməyə razılaşması anlaşılan deyildi. Çünki müxalifət əvvəllər bu təkliflə razılaşmamışdı. Hətta razılaşmayıb öz bildikləri yerdə aksiyaya cəhd etdikləri üçün həbsə düşənlər də olub. Onun fikrincə, indi nədən bu qərarı verildiklərinin əsas səbəbi İctimai Palatanın rəhbərlərinin hazırda dedikləri deyil:

«Müxalifətin bütün tələbləri haqlıdır. Doğrudan da ölkədə sərbəst toplaşma azadlığı və digər hüquqlar pozulur. Amma onlar əvvəldən də bilirdilər ki, hakimiyyət «Eurovision» ərəfəsində onlara hətta razılaşdırılmış yerdə də normal mitinq keçirməyə imkan verməyəcək. Amma buna gedirdilər».

Erkin Qədirli İctimai Palatanın bu qərarının «Eurovision»la bağlı ola biləcəyini də istisna etmir. Amma bunda təəccüblü bir şey də görmür. Deyir, bu, mötəbər bir tədbirdir. Siyasi qüvvələrin də ondan öz məqsədləri üçün yararlanmaq istəməsi normal haldır. Onun fikrincə, bu mahnı müsabiqəsindən öz daxili siyasətində istifadə edən bir hakimiyyətin belə şeydə müxalifəti təqsirləndirməsi siyasi cığallıqdan başqa bir şey deyil.
XS
SM
MD
LG