Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:55

ADNA faciəsinin anım mərasimində qarşıdurma oldu


NEFT AKADEMİYASI ƏTRAFINDA TIXAC

ADNA ətrafında tıxac yaranıb. Polis yolu açmağa çalışır, anım mərasiminə gəlməyən, sadəcə yoldan ötən vətəndaşları da ərazisən uzaqlaşdırır.


GƏNCLƏRDƏN BİRİ SAXLANIB

Polis anıma gələnlərdən- ADP gənclər təşkilatından Cəmil Hacıyevi saxlayıb. Bu barədə AzadlıqRadiosunun hadisə yerində olan müxbiri məlumat verir.

«Cəmil Hacıyevi tutub taksiyə əyləşdirdilər ki, polis bölməsinə aparsınlar. Amma sürücü maşını sürməkdən imtina etdi. Bundan sonra gənci polis maşınına mindirdilər, maşının taksi kimi fəaliyyət göstərdiyi bildirilən nişanı əlindən alındı».


GƏNCLƏR ANIM YÜRÜŞÜ KEÇİRMƏYƏ CƏHD EDİB




Polis ADNA faciəsini qeyd etmək istəyən gəncləri dağıdır. (Canlı yayımdan bir hissə. Polisin müdaxiləsi epizodları 3-cü dədqiqdən sonra)
Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qətliamın 3-cü ildönümü ilə əlaqədar gənclər anım yürüşü keçirirlər.

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi adından keçirilən yürüşdə hər hansı şüar səsləndirilməyəcək, aksiya keçirilməyəcəyi açıqlanıb. Gənclər qətliam vaxtı öldürülən həmyaşıdlarının fotolarını sinələrindən asıb, əllərində qərənfillərlə hərəkət edirlər.

Polis və mülki geyimli şəxslər anıma gələn gəncləri akademiyanın qarşısından uzaqlaşdırır.

Emil Bağırov, VHP Gənclər Təşkilatının üzvü:

«Biz öldürülmüş tələbə yoldaşlarımızı sakit bir şəkildə anmaq istəyirdik. Çiçəkləri akademiyanın qarşısına qoyub dağılışacaqdıq. Məqsəd bu idi. Amma ora çatmamış itələdilər bizi, zor tətbiq elədilər. Bir nəfər də saxlanılıb. Biz də məcburən gülləri yolun ortasına qoyduq. Bizi qovmağa başladılar. Arxadan gəlib bizi qovmağa başladılar».

«Nida» Vətəndaş Hərəkatının üzvü Kənan Qasımlı:

«Gördüyünüz kimi bizə imkan vermədilər. Hər şəkildə bizim toplaşmağımıza mane olurlar».


QƏTLİAMIN 3-CÜ İLDÖNÜMÜ

Aprelin 30-u Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş qətliamın üçüncü ildönümüdür.

Üç il əvvəl maskalı və silahlı bir şəxs Neft Akademiyasının binasına daxil olub, 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb, sonradan özünə atəş açıb. Bu şəxsin Gürcüstan vətəndaşı 29 yaşlı Fərda Qədirov olduğu müəyyənləşib. O, hadisəni törədəndən sonra özünü də öldürmüşdü.

Fərda Qədirovla əlbir olmaqda ittiham olunan Nadir Əliyev, Cavidan Əmirov, Nəcəf Süleymanov isə ömürlük, Ariz Qabulov 11 il azadlıqdan məhrum ediliblər. Onlar özlərini təqsirli bilməyiblər, əsl cinayətkarların həbs olunmadığını deyiblər. Onlar istintaq dövründə onlara ağır işgəncələr verildiyini də deyiblər.

Bu işlə bağlı ittiham aktında cinayətin təşkilatçısı kimi Gürcüstan vətəndaşı Mardun Qumaşyanın adı çəkilir. İttihamnaməyə görə, o, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb.

(AzadlıqRadiosunun arxiv videosu ADNA faciəsi baş verən zaman hazırlanıb)

Şərhləri göstər

XS
SM
MD
LG