Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

Xuraman Hüseynzadənin 20-liyə düşməyən hekayəsi


"Oxu zalı"nda "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərinin fərqləndirmədiyi hekayələrin də çapına başlayırıq.


Xuraman Hüseynzadə


XALÇA

Sona xala həyətdə altına döşək sərib yun didə-didə erməniləri qarğayırdı: “Dilin yansın, ay erməni! Bülbüllü bağımı aldın əlimdən, balalarımı perik saldın...” Sonra bayatı çəkib ağlayır, diddiyi yunları gərməşoy çubuğuna dolayıb çırpırdı... İp əyirəcək, xalça toxuyub satacaqdı...

...Ermənilər Füzuli rayonunu işğal etdikdən sonra bütün didərginlər kimi bu ailənin də qara günləri başlamış, daha dəqiqi, tifaqı dağılmışdı. Yurd-yuvası talanan ailənin başçısını ermənilər qətlə yetirmişdi. Sona xalanın bir oğlu, iki qızı vardı. Oğlu döyüşdə ayağının birini itirdiyi üçün ailənin qarğaşası qadının üzərinə düşmüşdü. Qızları ərdə idi. Ailə didərgin düşdükdən sonra Bakıda köhnə bir yataqxanaya sığınmışdı. Yaxşı gün-güzəran görmüş bir ailə üçün, əlbəttə, bu cür həyat tərzi dözülməz idi. Amma neyləmək? Dözmək lazım idi.

Nərgiz bu evə gəlin gələndə dünyanın düz vaxtlarıydı. Toy günündə hələ Füzulidə Köndələn çayın üstündə gəzinti də yapmışdılar - necə ki, indi Bakıda toy edən gənclər toy günü bulvar gəzintisinə çıxırlar.

O, kasıb bir ailənin qızı olduğu üçün elə də fərli cehiz gətirməmişdi. Gətirdiyi cer-cehizin içərisində sanballısı çox qədimi bir xalça idi ki, iki göz istəyirdi tamaşasına dursun. Bu xalça işlənmədən nəsildən-nəsilə ötürülərək Nərgizin cehizlərinin arasında qərarlaşmışdı. O da bu xalçanı cəmi bir dəfə yerə sərmişdi - oğlu Turan iməkləyəndə... Əhd etmişdi ki, xalçanı yeganə övladına hədiyyə edəcək. Qaçhaqaç düşəndə də ailə, təkcə həmin xalçanı, bir də qır-qızılları, sənət-sünəti götürə bilmişdi. Sona xala öz bildiyi naxışlarla bərabər bu xalçanın da naxışlarına baxıb xalça toxuyur, İçərişəhərə aparıb xalça-kilim dükanlarında satdırırdı... Qadın bu minvalla birtəhər ailəni dolandırırdı...

İllər payız yarpaqları təki bir-bir budağından düşürdü. Turan ağrılı-acılı uşaqlıq illərinin qınından sıyrılıb çıxmış, boylu-buxunlu, yaraşıqlı bir oğlan olmuşdu. Ali təhsilini fərqlənmə diplomu ilə başa vuran Turanın vətənə borcunu qaytarmaq vaxtı çatmışdı. Beləcə, Turan günlərin birində hərbi xidmətə yollandı... Cəmi üç aydan sonra isə...
Sona xala yaşadıqları yataqxananın həyətində oturub cəhrədə ip əyirirdi. Yenə erməniləri qarğayır, pərən-pərən düşdükləri üçün onlara lənətlər yağdırır, arada nəvəsi Turanın sağ-salamat qayıtmasını ifadə edən bayatılar oxuyurdu... Qəfil gələn qara xəbər qadının bayatısını ağzında yarımçıq qoydu. Ailənin ikinci dəfə tifaqı dağılmışdı. Turanı hərbi xidmətdə ermənilər qətlə yetirmişdi. Çığırışma qopdu. Vay-şivən ərşə qalxdı... Turan halallaşıb, öpüşüb-görüşərək ayrıldığı ailəsinə tabutda qayıtmışdı...

Səhər açıldı. Dəfn günü idi. Dünəndən dəfələrlə bayılmış, ağlamaqdan gözləri şişmiş, səsi batmış Nərgiz ağlaya-ağlaya cehiz xalçasını-həmin yaşı bilinməyən qoca, amma təzə xalçanı qucağına alıb həyətə düşdü. Kişilər xalçanı açıb cənazənin altına sərdi. Nərgiz balasına son dəfə sarılıb ağladı... Buna ağlamaq demək olmazdı - yazıq qadın quzu kimi mələyir, fəryad edirdi...

...Sona xala yenə İçərişəhərdə idi. Həmişə həvəslə xalça satmaq üçün getdiyi Həsən kişinin dükanına bu dəfə ayaqlarını sürüyə-sürüyə, gözləri nəmli gedirdi. Dükanın qapısından içəri girib yükünü yerə qoydu. Bayaqdan neçə dəfə bulud kimi dolub-boşalmış gözlərinin yaşını silib handan-hana dilləndi: “Həsən qağa, tay bu xalça o birilərdən dəyil... Çox qədimidi...”

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG