Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Elnaz Eyvazlının 20-liyə düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsində münsiflərdən bal alsa da, bu, 20-liyə keçməsi üçün kifayət etməyib.


Elnaz Eyvazlı


MAŞA


Maşa qırx-qırx beş yaşlarında ortaboylu, dolu bədənli, yaraşıqlı qadın idi. Qonşular hamısı onu çox istəyirdi.

Maşanın heç kimi yox idi. Tək yaşayırdı. Səhərlər işə gedər, axşamlar evə gələndə açarı salıb qapını özü açardı. Camaat şam süfrəsinə yığışanda, o hələ mətbəxdə əlləşər, tez-bazar nəsə hazırlayıb təkbaşına şam edərdi. Qapısını döyən olsa, əl çəkməyib bir stəkan çaya da olsa, qonaq edərdi.

Ancaq onda Maşanın evinin divarları ikinci bir adamın səsini eşidərdi. Axı Maşa həmişə ürəyində danışardı.

Həyətində toyuqlar saxlayardı. Bir də görürdün həyətdə kiminləsə söhbətləşir. Sonra məlum olurdu ki, toyuqlarla “dərdləşirmiş”. Hərdən də birini kəsdirib həvəslə, zümzümə edə-edə bişirər, xörəyinin iyi aləmi götürərdi. Maşa toyuğu ancaq istirahət, ya da bayram günləri kəsdirərdi – qonşu kişilər evdə olanda. Kişilər də ki... ölürdülər Maşanın toyuğunu kəsməkdən ötrü. Yanmış o qədər şirindil idi, deyirdin baldan başqa heç nə yemir. Maşa az bilmirdi, toyuğu kəsdirəndən sonra mütləq bir mürəbbəli çaya da qonaq edirdi qonşusunu. Həm bunu özünə borc bilirdi, həm də ki... həəə...

Maşanın mətbəxində pəncərənin qabağına sıra ilə mürəbbə, kompot, şoraba bankaları düzülərdi. Mürəbbə bankasını bəhanə edib, qalan bankaların da qapağını qonağa açdırıb şirin-şirin, ləhcə ilə deyərdi:

- Gəlməginə gəlmisüz, bir-iki bankam var, onun da kapağını açarsuz da... zəxmət verirəm...

Bahoo, nə zəhmət, zəhmət nədir?! Təki sən bu toyuqdan tez-tez kəsdir. Bir qonşumuz da vardı, bu iş o yazığın boynuna düşəndə bir gözü qapıda olardı. Arada da möhkəmdən deyərdi:

- Gətir, gətir görüm bankanı, ay Maşa, tez elə...

Yəni ki ay arvad, həyətdə oturmuşuq haa, nə iş görürəm onu da bil, ağlına başqa heç nə gəlməsin. Çünki tifilin arvadı bu əyri-üyrü ərini hamıya qısqanırdı.

Adamın Allahı var, Maşa, doğrudan da, çox ləyaqətli qadın idi. Rəhmətlik nənəm deyirdi ki, ərini Maşaya qısqananın ağlı yoxdu. Deyirdim, niyə? Deyirdi, “çünki onun bir əri var idi, “atkritka” kimi. O sağ oleydi, Maşa da bu əyrəmçəyə toyuq başı kəsdireydi, aay-hay. Bilirsən nə oğlan idi, heç bu ipləmə arvadın ərini aftafa yerinə əlinə götürməzdi”.
Uğunub gedərdim gülməkdən:

- Nə yerinə, nə yerinə?

- Düz deyirəm də, nəyə gülürsən? Elə bilir Maşa bunun tör-töküntü ərini yeyəycək, məəttəldi elə.

Axşamüstülər qonşu arvadlar yığışıb küçədə oturar, söhbətləşərdilər. Hərdən Maşa da onlara qoşulardı. Bir dəfə hərə bir tərəfdən düşdü üstünə ki, ay Maşa, bu cür yaraşıqlı qadınsan, niyə ailə qurmursan, ölənlə ölmək olmaz. Səni heç kim qınamaz, vallah. Təksən, kimin-kimsən də yoxdur. Ola bilməz ki, istəyənin olmasın. Maşanın gözləri yol çəkdi:

- Əvvəllər hiç ağluma da gəlməzdi getmək ərə, ancax getdikcə qorxur təklikdən. Qorxur ki, bir gün dörd duvar arasında öləm, xəbər tutan da olmasın, konşular iyə gəlsin.

Hərə bir ağızdan dedi:

- Bıy, iraağ olsun, az, iraaağ olsun...

- Səni istəmiyənnər ölsün, ay Maşa, - bunu da həmin o qısqanc arvad dedi. Bu səfər arvadlar şaqqanaq çəkib gülüşdülər. Maşa yazıq da qoşuldu onlara...

Nənəmin əlinə düşəndə Maşanın qəhqəhəsi məhəlləni başına götürərdi. Hər görəndə danlayırdı:

- Az, a Maşa, nə qədər gec döyül, çıx ərə get, a bala. Vallah sonra peşman olacaxsan. O bazara xalatnan gedənnən, başının yağı adama gələnnən, nə bilim bu zəhər tuluğunnan, lap elə o birisinnən, gəlinin adı nəydi?

- Xansı gəlin?

- Sənin evindən o yana olur ey, o yaraşıqlı, şirindil gəlini – həkimi deyirəm, bax onnan nəyin əskikdir ki, sənin toyuğunu onnarın əri kəsə, hə?

Maşa da başa düşdü, düşmədi, ölürdü gülməkdən.

- Gedəcəm, babulya, gedəcəm. Sənin xətrünə gedəcəm.

- Babulya nənəndi, köpəyin qızı, mənim xətrimə yox e, öz xətrinə get. Məni bəhanə eləmə, ölürsən ərdən ötrü, eləmi?

- Ay, babulya! – nənəmi qucaqlayar, qoşulub bir-birinə gülüşərdilər.

Nənəmin ona yazığı gəlirdi. Deyirdi, qərib qızdı, anası yox, bacısı yox. Yazıxdı... Bir baş yoldaşı olmalıdı qadının. Hər itin-qurdun ağzına düşməsin. Yiyəsiz itə daş atan çox olar. Bəzənib-düzənirsən, deyillər, görəsən, kiminən gəzir, bəzənmirsən, deyillər bu nə arvaddı? Pis-yaxşı ərin olsa, kimin cürəti çatar sənin bir adını iki eliyə?! Düzdü, ərin də adı var, ancaq yenə də...

- Nənə, Maşanı bəhanə eləyib ərə-zada getmək həvəsinə düşərsən haa, xəbərimiz olsun.

- Eh, ay qızım, nənən o cavan vaxtdarında ər həvəsinə düşmədi, indi bu qartımış vaxtında düşəcək? Demə, adama həmdəm elə bu vaxtında lazım imiş, onu da deyim...

***

Günlərin bir çərşənbə günü, çərşənbə günü ha, Maşanın mətbəxindən yayılan xörək iyi aləmi başına götürdü. Maşa toyuq bişirirdi... Qonşu arvadlar bir-birinə dəydi. Hətta bu qısqanc arvad dayana bilməyib hasardan Maşanın həyətinə də boylandı. Yox, toyuğu onun əri kəssə idi, arvadın qorxusundan səsi həyəti başına götürərdi...
Nənəm arvadların pıçhapıçına hasardan boylandı.

- Nədi, nə pıçhapıç salmısız?

- Maşadan xəbərin var?

- Noolub ki?

- Həftəarası toyuq bişirir, iyini görmürsən?

- Gedin siz də bişirin. Nə çətin işdi ki?!

- Yox eee, ay arvad, hamının əri işdədir, kim kəsib onun toyuğunu?

Nənəm çəpərin üstündən Maşanın həyətinə sarı baxdı. Gözləri gülə-gülə dedi:

- Allah heç evi kişisiz eləməsin, a bala...

Qonşular hərəsi bir ağızdan: “Amin!” dedi.

O gündən Maşanın mətbəxində pəncərənin qabağına qapağı bağlı mürəbbə, kompot, şoraba bankaları düzülmədi...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG