Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:40
"Oxu zalı"nda başladığımız yeni tərcümə layihəsində sizi müasir dünya yazıçılarının əsərləri ilə tanış edəcəyik. Layihəyə region xalqlarının yazarlarının əsərlərindən başlayırıq.

Susanna Arutyunyan


GÜNƏŞ – ALLAHIN ÇÖHRƏSİDİR, BİZ ONU HƏR GÜN GÖRÜRÜK…

(Seyfəddin Hüseynli rus dilindən tərcümə edib)


Yerdə çöməlmişdim, kölgəm büzüşüb balacalaşmışdı. Nə vaxtdan bəri bu yolun qırağında gözləyirdim, amma bircə maşın da gəlib keçməmişdi.

Günəş yaxıb-yandırırdı hər yeri. Torpaq qupquruydu, qovrulmuş kimiydi, istisi çəkməmin altlığından keçib ayaqlarımı yandırırdı.

Hava o qədər qaynardı, hər dəfə nəfəs alanda, elə bilirdim, içimə alov dolur. Bu istidə yola çıxmaq hardan ağlıma gəldi axı?!

İstədim, qalxıb piyada gedəm. İtirdiyim bu qədər vaxta heyfim gəlirdi: bundansa, evdə uzanar, azca mürgüləyib, istinin səngiməsini gözləyər, sonra da rahatca kələmləri sulayardım. Hələ lap ağacları da sulamaq olardı.

Ancaq kəndə tərəf heç beş-altı addım atmamışdım ki, arxadan uğultu eşitdim. İnanmadım maşın olduğuna, amma yenə də yerişimi yavaşıdıb geriyə boylandım. Nəhəng bir hərbi yük maşını gəlirdi arxadan. Sevindiyimdən ürəyim yerindən oynadı. Qayıdıb maşına tərəf qaçdım, sonra da yolun ortasında dayanıb əllərimi yellədim.

Maşın bir az məndən aralıda dayandı. Yüyürüb yaxınlaşdım. Kabinənin dəstəyi çox yuxarıdaydı, əlim çatmırdı, elə ayaqaltı da xeyli hündürdəydi. Gözlədim ki, yəqin, sürücü qapını içəridən açıb, yuxarı qalxmağıma kömək eləyər, o isə heç qımıldanmırdı da. Durduğum yerdə qorxu düşdü canıma: gözləməz birdən, sürüb gedər!..

İki-üç dəfə cəhd eləsəm də, yenə dəstəkdən yapışa bilmədim.

Hirsləndim, sürücünü acılamaq keçdi ürəyimdən: «Yəni belə çətindir əyilib bu qapını açmaq?» Amma cürətim çatmadı. «Nə bilmək olar necə adamdı. Birdən acığı tutar, onda, Allah bilir, hələ neçə saat gözləməli olaram burda…» Əlimi qapının dəstəyinə uzadıb, bacardığım qədər dartındım. Bel sütunum xırçıldadı, ayaqlarımın baş barmaqları sızıldadı, elə bildim, indicə boynum da, onurğam da bədənimdən qopub aralanacaq…

Axır ki, barmaqlarımın ucunu birtəhər çatdıra bildim, dəstəyin düyməsini irəli basıb qapını özümə sarı dartdım, açıldı.

Sürücü təbəssümlə məni süzdü. Gözlərindən boynuna qədər saqqal basmış, yekəpər bir kişiydi bu. Üzündəki tüklərin sıxlığından, ağzı heç görünmürdü. İri, dəyirmi gözlərinin qəribə, donuq bəbəkləri vardı, baxanda sehrli kimi göründülər mənə. Ağır əlləri sükanın çarxındaydı, qapqara mazut yığılıb qalmışdı dırnaqlarının altında.

- Hə, bir az tez tərpən, gecikirəm, - dedi. Parıldayan gözlərinin həndəvərində qırışlar gördüm. Saqqalının qıraqları yuxarı dartıldı – gülümsəyirdi, yəqin.

- Ayaqaltı çox hündürdədi, qıçlarım o qədər qalxmır, axı... – Gözlərimi hərləyib onun əllərinə baxdım ki, bəlkə indi vəziyyəti başa düşə, əlini irəli uzada, mən də ondan yapışıb kabinəyə qalxam.

- Donunun balağı dardı, o qoymur, - dedi, sonra da məsləhət verdi, - yığ yuxarı, onda ayağını açıb qaldıra biləcəksən.

- Əgər bundan ötrü mən donumun balağını yığmalı olacağamsa, bəs, Allah bu ikimetrlik boyu, o iri pəncələri sənə niyə verib? - daha özümü saxlaya bilməyib, deyəcəyimi dedim ona. Ancaq yenə də, yuxarı qalxmaq üçün donumun balağını diziməcən yığmalı oldum.

- Bahoo, mən bu qədər də yuxarı demədim ki! – güldü sürücü. – Neynirsən, ay qız, az qalmışdı donu əynindən çıxarasan…

- Qız-zad deyiləm mən səndən ötrü, - acıqlandım ona, - iki sən boyda oğlum var mənim!

- Olar, üç mən boyda oğlu olanlar da var… - gülməkdən gözləri yaşardı onun, çeçəyib öskürdü, sözünün ardını gətirə bilmədi.

- İtirdiyim vaxta heyfim gəlir, - saymazyana davranıb, oturacaqda yerimi rahladım. – Bu qədər gözləmiş olmasaydım, heç gözümün ucuyla da baxmazdım sənin maşınına!

- Nədi, noolub? - qəfil ciddiləşdi. - Zarafatdı də, deyib-gülürük elə-belə… Neçə vaxtdı, öz gülüşümü eşitmirəm mən. Nahaq yerə inciyirsən, görən kimi xoşum gəldi səndən. – Açarı hərlədi, motor uğuldadı. – Xoşuma gələn qadınla zarafatlaşa bilmərəm ki?..
Bununla guya özünə bəraət qazandırmaq istəyirdi.

- Eeeh, sən də, - əlimi yellədim. – Yaxşısı budur, heç yerimizdən tərpənməmiş, mən düşüb piyada gedim…

- Özün bilirsən, amma düşəsi olsan, Gün bircə dəqiqədə səni qurudub qaxa döndərəcək. Ordan bura, - baş barmağıyla arxaya işarə elədi, - təkcə mən gəlib-qayıdıram. Başqa maşın olmayacaq.

- Özündən milli qəhrəman düzəltmə görək! – rişxəndlə güldüm. - Bizim kənd düz döyüş xəttindədir, mən səndən də yaxşı bilirəm, kim gedir, kim qayıdır!

Maşın çatlayıb dağılmış asfaltın üstüylə irəliləməyə başladı.

- Hə… - nəsə gözləyən nəzərlərlə mənə baxdı. Gözləri yaşılımtıldı, göl dibi kimiydi. İndiyə qədər yaşadıqları gözlərinin dərinliyinə lil kimi çökmüşdü, baxışları yorğundu.

- Nə «hə»? – dedim. – Mən səni buralarda birinci dəfə görürəm, yəqin, təzəsən hələ.

- Mən boyda kişiyə «təzə» deyirsən? – səsi cingildədi. – Müharibə başlayandan, on ildir, hər gün bu yollardayam, - birdən mənə tərəf çönüb, qulağımın içinə çığırdı, - Gün çıxanda gəlirəm, Gün batanda gedirəm!

- Əlbəttə, ölümdən də qorxun yoxdur, yəqin! – istehzayla əlavə elədim.

- Hə, qorxmuram. Ölüm – ən yüngül cəzadı, onun nəyindən qorxasan? – Səsində lap sadəlövhcəsinə bir səmimilik vardı. - Bir də ki, yaşamaq dura-dura, niyə də ölüm haqqında fikiləşməliyəm? Səni bilmirəm, ancaq mən qocalıb əldən düşənə qədər bu sükanı fırladacam, beləcə cəbhə xəttinə gedib-qayıdacam hər gün. Ölənlərin meyitini burdan aparacam, qoy qohumları dəfn eləsinlər; gözünün yaşı ovcunda olan yeni çağırışçılara valideynlərindən məktublar gətirəcəm; fərariləri geri qaytaracam; qorxub qaçanların üstünə qışqırıb söyəcəm… Çətindi, amma belə olacaq bu… - bircə anlığa susdu, təzədən dillənəndə isə, səsində istehza vardı artıq. – Bəzən də sənin kimi yolda qalmış qadınları götürüb şəhərə aparacam, onlar da il boyu qazandıqlarını mənasız paltarlara xərcləyəndən sonra qayıdıb kənddə forslanacaqlar…

- Mən öz hayımda deyiləm e, uşaqlara paltar almağa gedirəm, - könülsüz izahat verdim. – Hamısının əynini birdəfədə təzələməyə heç cür imkanım çatmır. Gah birinə alıram, gah o birinə, birtəhər yola verirəm.

- Neçə uşağın var, iridirlər? – marağa düşüb xəbər aldı.

- Nə bilim, var də…- həvəssiz dilləndim. – Qızım 5 yaşındadır. Hələ heç süpürgəni düz-əməlli tuta bilmir, amma elə hey evi, həyəti süpürməyə can atır ki, ona şəhərdən qırmızı bant alıb gətirim. Balaca oğlumun yumurtadan zəhləsi getsə də, canını dişinə tutub yeyir ki, çanta, bir də oyuncaq tapança alım ona. Böyük oğlumun səsinə hörültü gəlib artıq, ancaq hələ heyvərəlik eləmir, özündən balacalara baxır, onlar cırmaqlaşanda təpinir, nədi-nədi, söz vermişəm ki, ona saç lakı alacam…

- Ərin var? – o, güzgüdə mənim baxışlarımı tutub soruşdu.

- Aha…

- Babat oğlandırmı?

- Oğlanlığından nə qalıb ki… nə bilim… - söhbətdən yayınmaq istədim.

- Sevirsən onu?

- Nə qəribə adamsan sən! - Özümdən çıxdım. – İyirmi il dalbadal, hər gün gördüyün adamı necə sevmək olar?!

- İyirmi il elə də çox deyil, - qalın qaşlarının altından gözləri parıldadı onun.

- Çox deyil, - razılaşdım onunla, - amma bu da adam sifətidir axı, Allahın çöhrəsi deyil ki!

Kabinənin içliyi Günün istisini yığıb saxladığından, hava ağırlaşır, adamı mürgü basırdı. Elə istiydi, əldən düşmüşdüm, danışmağa heyim qalmamışdı. Nə qədər yorğun olduğumu, arxaya yayxanıb başımı oturacağın söykənəcəyinə qoyanda bildim. Bürküdən bir azca başım hərlənirdi. Hər dəfə çala-çökəyə düşəndə maşın ehmalca silkələnirdi, elə bilirdim, yüyrükdəyəm. Axırda əməlli-başlı mürgülədim. Mürgü vura-vura qəfil dəhşət bürüdü məni: Allah eləməmiş kimi, birdən mən qayıdınca dava qopar, kəndimiz vuruşmanın ortasında qalar, bəs onda kim çıxarar mənim balalarımı od-alovun içindən?! Sonra mən onları nə cür taparam?! Bu qorxu məni tamam ayıltdı. Ağaca dönmüş bədənimin qırışığını açmaq üçün yerimdə gərnəşdim.

- Bu nə həyatdır e belə, nə mənası var axı bunun? – söz xətrinə gileyləndim.

- Nooldu sənə birdən-birə, niyə sızıldandın? – Sürücünün səsində nəsə səmimi, bir az da gülməli təəccüb vardı, guya döyüş meydanından qayıdan o yox, mən idim.

- Deyirəm, bizimki də yaşamaqdır, yəni? – gileyimi təkrarladım.

- Nahaq belə deyirsən. – O, pəncəsini uzadıb, böyrümü yavaşca dümsüklədi. – Müharibəylə sülh Günəşlə Ay kimidir: heç vaxt birlikdə olmasalar da, bir-biri ilə bağlıdır onlar. Lap özünü cırıb-dağıtsan da, yenə də sutkanın bir hissəsi gecə olacaq, qalan hissəsi gündüz.

- Boşla görək, nə isə… - Onun böyrümə toxunduğu yeri əlimlə sildim. - Elə bu cür də qırıla-qırıla gedəcəyik. Ürəyim ağrıyır mənim, zəvvar ayağı kimi qabar olub elə bil, ancaq zəvvarlığım nə gəzir…

- Hələ bir bax ora, - yoğun barmağını şüşədən çölə tuşladı, - göyə bax!..

- «Ora bax…» - cırnatmaq üçün onun ağzını əydim. – Hə, nə var orda?

- Eeehh, bacılı, - keçdi məni qınamağa, - toyuq da toyuqluğuyla, su içəndə öz səfeh başını qaldırıb göyə baxır! Nədi, sən heç ömründə göyə baxmamısan?

- Baxmışam. – Başımı oturacağın söykənəcəyindən qaldırıb, azca dikəldim. – Göydü də. Mavi rəngdədi. İstəyəndə gah qara olur, gah da qızarır, - laqeydliklə dedim bunları.
- Göydə Günəş də var, axı, - təhərini pozmadan davam elədi.

Yoldakı iri çuxur onu təntitdi, bir az irəli əyilməli oldu.

- Hə də, - mən yenə onu yamsıladım, - Günəş saatdır, sən də onun kəfkiri.

- Bacılı, - o, kütbeyin övladına vacib bir mətləbi anladan valideyn təmkiniylə dedi, - Günəş – Allahın çöhrəsidi, biz onu hər gün görürük. Axı mən də insanam – Gün çıxanda oyanıram, gecə düşəndə yatıram…

Biz bir ara danışmadıq, sonra mən soruşdum:

- Heç adam öldürmüsən?

Onun ovurdları gərildi, qaşları çatıldı. Bildim ki, hirs boğur onu.

- Düşmənləri deyirəm, yəni, – sualımı dəqiqləşdirdim.

Ayağını tormozun pedalına atan kimi o boyda maşın yerə mıxlandı. Mən qabağa yıxıldım, az qaldı sifətim nəfəsliyin şüşəsinə çırpılsın. Əllərimi qabağa verib birtəhər toxtadım, amma ona acıqlanmağa macalım olmadı.

- Sən də özünə qadın deyirsən?! – Yana araladığı iri əllərini silkələyib bağırdı. – Sənin kimi qadınları… Burda kişi yanında oturmusan, di gəl, müharibə, ölüb-öldürmək haqqında çərənləyirsən. Zəhləmi tökdü sənin bu ah-vayın! – saqqalının arasından boğuq bir donquldanma çıxdı, yəqin, söyürdü.

O, üstümə qışqırdıqca güclə özümü saxlayır, dillənmirdim.

Mən getməliydim, mütləq mənzil başına çatmalıydım, buna görə də onun çığır-bağırına dözürdüm. Kişilərin xoşuna gəlir onlar bizim üstümüzə çığıranda lal-dinməz dayanıb, özümüzü kəniz kimi aparmağımız. Bu, öz gözlərində böyüdür onları.

Özümdən çıxıb cavab qaytarmamaq, fikrimi yayındırmaq üçün onun sifət cizgilərini diqqətlə gözdən keçirməyə başladım. Dodaqlarının küncündən çənəsinin altına qədər saqqalına çal düşmüşdü, ordakı ağ tüklər qurumuş xəzələ oxşayırdı. Saqqalının qalan yerləri qapqaraydı.

- Səndə müdriklik nişanəsi var: əvvəlcə saqqalın ağarır. – Özüm də bilmədən, o an səsimə həlimlik gəlmişdi.

- Müdrik-filan deyiləm mən… - mülayim danışmağım onu yumşaltdı, səsinin tonunu aşağı saldı. – Amma başıma elə işlər gəlib ki, müdriklərin nə çəkdiklərini bilirəm, - bu sözləri küsəyən uşaq qırımıyla söylədi.

Kəlməsini tamamlayan kimi qolunu uzadıb çiyinlərimi qucaqladı, iri barmağıyla boynumu sığalladı, sonra da məni özünə sarı dartıb öpmək istədi. İtələyib özümdən araladım onu. Əlini çiyinlərimdən götürüb dizimin üstünə qoydu, başladı tumarlamağa. Dizimin dərisini cızdı ovcu, yəqin, qabarlıydı.

- Əlini çək! – Sərt səslə təpindim ona. – Kolqotkamı cıracaqsan, ayrısı yoxumdu, axırıncıdı bu.

- Hə, düz deyirsən, – tezcə razılaşdı, - gəl çıxardaq, cırılmasın!

Əlini budumla yuxarıya sürüşdürdü.

- Sağ ol, çox razıyam! – Əlini üstümdən götürdüm, qapını açıb düşdüm maşından.

Taxıl zəmisinin qırağındaydım. Yeridim içərilərə tərəf. Sünbüllər əllərimi cızsa da, fikir vermirdim. Nəsə anlaşılmaz bir hiss - ağrımı, sızıltımı - qalxırdı içimdən. Güclə yeriyirdim…

...Onda gördüm, biri arxadan cumdu mənə, ayaqlarımı yerdən üzüb məni sünbüllərin üstünə uzatdı. Çubuq kimi sünbül gövdələri kürəyimin altında ani şıqqıltıyla qırılırdı. O, üstümə yıxılıb acgözlüklə öpməyə başladı, karıxdığından bir-birinə dolaşan əllərilə donumun balağını çəkişdirir, dartıb yuxarı yığmaq istəyirdi. Fikirləşdim, bəlkə qasığına birini ilişdirim, ancaq nədənsə eləmədim bunu…

Qalxıb qabağımca maşına tərəf gedəndə tələsdirdi məni:

- Tez gəl, əsgər meyitlərini aparıb qohumlarına çatdırmalıyam axı…

Bunu deyə-deyə, ayaqlarındakı kobud çəkmələrlə sünbül topalarını aralayıb mənə yol açırdı.
- Nəə... hansı meyitlər?! – karıxıb qaldım.

- Ordakılar də, - maşına işarə elədi, - yük yerindəkilər. On səkkiz-iyirmi yaşında oğlanlardı… Yük yeri doludu… Üstlərinə çadır örtmüşük…

- Ooyyy, ilahi!.. – Dəhşətdən ayaqlarım əsdi, başım fırlandı, diz üstə yerə çökdüm.
O isə hələ üç-dörd addım da atandan sonra qanrılıb mənə baxdı, diz çökdüyümü görəndə təəccübləndi:

- Hə, nədi?

- Qorxuram mən… - Vahimədən danışığım pıçıltıya döndü, ayaqlarım büküldüyündən əlimi yerə dayadım.

- Mən neynim e?! – əlini yellədi. Sonra da dönüb getdi, maşının yanına çatanda mənə tərəf çığırdı:

- Hə, nooldu, gəlirsən?

«Gəlirəm, - mən də çığırmaq istədim, - gəlirəm, gəlirəm! Əlbəttə, gəlirəm, bəs necə…»


Tərcüməçidən: Müəllif haqda

Susanna Arutyunyan 1963-cü ildə Ermənistanın Vardenis rayonunda doğulub. Abovyan adına Yerevan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. “Əbədiyyət”, ”Əsrin sonunda bir bazar ertəsi”, Söhbət payızdan gedir” və başqa kitabların müəllifi, ölkə miqyaslı bir neçə mükafatın laureatıdır. Əsərləri alman, ingilis, rus, rumın, yunan, fars, qazax dillərinə tərcümə olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG