Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13
Bakı və bölgələrdə asbest şiferli evlərin örtüyünü dəyişdirmək üçün həmin evlərin siyahıya alınması başlanıb. Bu işin Nazirlər Kabinetinin sərəncamı ilə həyata keçirildiyi bildirilir.

«Azər Abdullayev məni çağırıb dedi ki, məhəllənin ağsaqqalı kimi asbest şiferli evlərin sayını, eni-uzununu siyahıya al, gətir. Mən də 3 gün ərzində 50-60 evin siyahısını hazırlayıb, verdim ona».

Astara şəhər sakini Hüseyn Əbilovun dediyinə görə, 10 gün əvvəl Astara rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Azər Abdullayev ona tapşırıq verəndə deyib ki, bu, asbest dam örtüklərinin dəyişdirilməsi ilə bağlıdır.

NAZİRLƏR KABİNETİNDƏN İCRA HAKİMİYYƏTLƏRİNƏ GEDƏN MƏKTUB

Lənkəran şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı üzvə müavini Möhübbət Babayev AzadlıqRadiosuna deyib ki, onlar Nazirlər Kabinetindən baş nazirin müavini Abid Şərifovun imzası ilə asbest şiferlərin zərərli olması barədə məktub alıblar:

«Nazirlər Kabinetindən bizə asbest şiferlərin zərərli xüsusiyyətləri barədə məktub gəlib. Biz də bununla bağlı sənəd hazırlayıb bütün qurumlara göndərmişik ki, vətəndaşlar bu işlərin getməsindən xəbərdar olsunlar. Biz də Lənkəranda asbest dam örtüklərinin ölçüsünü müəyyən etmişik. Bu, 7 min kvadrat metrə yaxındır».

TƏZƏ EV TİKƏNLƏRƏ ŞİFER XƏBƏRDARLIĞI

Möhübbət Babayev deyir ki, yeni ev tikənlərə və tikinti təşkilatlarına da xəbərdarlıq edilib - asbest dam örtüklərindən istifadə etməsinlər. Amma hələ ki dam örtüklərinin dəyişdirilməsinə başlanılmayıb.

Göyçay rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Ədalət Dövlətov da Nazirlər Kabinetindən məktub aldıqlarını təsdiqləyir. Deyir, hələ ki hər hansı dəyişdirilmədən söhbət getmir, sadəcə, rayondakı asbest dam örtükləri, içməli su xətlərində istifadə olunan asbest borular siyahıya alınır.

Artıq rayon icra hakimiyyəti siyahıya almanı başa çatdırıb və sənədləri Nazirlər Kabinetinə təqdim edib. Radiasiya fonu normasındadır

Radiasiya fonu normasındadır

Araşdırmalardan bəlli olub ki, rayonda 1 milyon 13 min kvadratmetr asbest dam örtüyü var.

NAZİRLƏR KABİNETİ MƏTBUAT XİDMƏTİNİN XƏBƏRSİZLİYİ

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə AzadlıqRadiosuna onlarda belə bir məlumatın olmadığını deyib.

«BU, GÜNDƏMDƏ OLAN CİDDİ BİR MƏSƏLƏDİR»

Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov Azərbaycanın bu məsələni özbaşına qaldırmadığını deyir. Bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının 162 saylı qərarı var və həmin qərarla asbest tikinti materiallarının istifadəsi qadağan olunub:

«Avropa Birliyi ölkələrində bunun istifadəsi, tətbiqi qadağan olunub. Yəni, bu, Azərbaycanlıq məsələ deyil».

Adil Qəribov bu məsələnin Avropa ölkələrində 5-6 il əvvəl, Azərbaycanda isə 2 il əvvəl başlandığını deyir. İnstitut direktoru deyir ki, asbest dam örtükləri eroziyaya məruz qaldıqca, onların üzərindən insan sağlamlığına ciddi zərər vura biləcək asbest liflər havaya qalxır. O, havaya qalxan liflərin ağciyər xərçəngi yaratmaq təhlükəsinin olduğunu deyir.

Amma asbest dam örtüklərinin həm kimyəvi, həm də radioloji analizini aparan Geologiya İnstitutu bu fikirləri bölüşmür. İnstitutun kimyəvi laboratoriyasının müdiri Nazim Sadıqov deyir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi onlara Azərbaycanda istehsal olunan asbest dam örtükləri ilə bağlı iki nümunə verib. Hər iki nümunənin tərkibinin vulkan külündən ibarət – yəni zərərsiz olduğu aydınlaşıb.
İndiyə qədər asbest dam örtükləri ilə bağlı hər hansı radioaktiv şüalanma qeydə alınmayıb

İndiyə qədər asbest dam örtükləri ilə bağlı hər hansı radioaktiv şüalanma qeydə alınmayıb


«BİZ AZƏRBAYCANDA BELƏ BIR HALA TƏSADÜF ETMƏMİŞİK»

Geologiya İnstitutunun radiometriya laboratoriyasının müdiri Çingiz Əliyev də deyir ki, indiyə qədər asbest dam örtükləri ilə bağlı hər hansı radioaktiv şüalanma qeydə alınmayıb:

«Amma belə tədqiqatlar var ki, guya asbest insan orqanizmi üçün zərərli olan müəyyən hissəciklər buraxır. Konkret olaraq Azərbaycanda belə bir hala təsadüf etməmişik və bu sahələrdə də radiasiya fonu normasındadır. Biz bu barədə tibb işçiləri ilə də söhbətlər aparmışıq, onlar da bu halları təsdiqləmirlər».

«BU İŞİN ARXASINDA HANSISA MƏKRLİ OYUNBAZLIQ VAR»

Bakı Şifer və Keramika Zavodunun satış meneceri Rafiq Mirzəyev isə ANS-ə verdiyi müsahibəsində asbest şiferlərin radioaktivliyi barədə yayılan məlumatların arxasında məkrli bir oyunbazlığın durduğunu deyib.

YENƏ MƏMUR-OLİQARX MƏSƏLƏSİ

İqtisadçı Natiq Cəfərli düşünür ki, arxasında oliqarx məmurların dayandığı zavodların istehsal etdiyi şifer və plastik borular xarici bazarda özünə alıcı tapa bilmədiyindən, həmin şəxslər belə bir addım atırlar:

«Onlar özləri istədikləri kimi tender keçirib, istədikləri qiymətə sənədləşdirməklə dam örtüklərini, su və kanalizasiya kəmərlərini dəyişəcəklər».

Natiq Cəfərli bu işlərə ən azı 2 milyard manat büdcə vəsaiti sərf olunacağını deyir.

Şərhləri göstər

XS
SM
MD
LG